Polis çempionu axtarır

polis-cempionu-axtarir
Oxunma sayı: 698

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, təxminən 17 gün əvvəl 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirən Müseyib Cəfərovu hələ də tutmaq mümkün olmayıb.

Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə axtarış elan olunub.

M.Cəfərovun öldürdüyü Telehlə münaqişəsi "Diana" barında başlayıb. Sentyabrın 9-a kəçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov səhəri gün idarə etdiyi qara rəngli "Hyundai-Sonata" markalı avtomobillə Talehin yaşadığı evə gələrək onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Taleh qardaşına "O, tək gəlib, mən də tək gedəcəm" deyərək Müseyibin maşınına əyləşib.

İ.Qutqaşınlı küçəsində maşında yaranan mübahisə zamanı M.Cəfərov tapança ilə cəmi iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.

Bir vaxtlar peşəkar idmançı kimi tanınan M.Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən "AZEL Azərbaycan Elektroniks" şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra M.Cəfərəov həbsdən azad olmağı bacarıb.