“Polis rəisinin müavini qarnıma və başıma yumruq vurub”

polis-reisinin-muavini-qarnima-ve-basima-yumruq-vurub
Oxunma sayı: 647

Bunu AzadlıqRadiosuna «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının Koordinatoru Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib. O, aprelin 12-də Sabirabad rayon polis idarəsində saxlanılan yoldaşı ilə görüşüb. “Baş ağrılarından əziyyət çəkir. Mən ona apardığım dərmanları çətinliklə qəbul etdilər. O dedi ki, yerinin dəyişdirilməsini istəyir. Bildirdi ki, tez-tez ona təzyiqlər edilir. Onu əsəbiləşdirirlər”.

Firuzə Gülalıyeva deyir ki, Oqtay Gülalıyevin Daxili İşlər Naziri Ramil Usubov və hüquq müdafiəçilərinə yazılı müraciətini ona verməyiblər. “Əvvəl polisdə dedilər ki, həmin müraciəti bizə verəcəklər, amma sonra vermədilər”.

Aprelin 11-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Oqtay Gülalıyevlə görüşüb. Hüquq müdafiəçisinin dediyinə görə, Oqtay Gülalıyev ona qarşı təzyiqlərdən gileylənib. “Mən Oqtayla görüşəndə Ombudsman əməkdaşları da orda idi. O mənə dedi ki, polis rəisinin müavini mənim qarnıma və başıma yumruqlar vurub. Sonra mən polis rəisi ilə görüşdüm, o, təkzib elədi”.

Elçin Behbudov deyir ki, o, aprelin 14-də Daxili İşlər Naziri Ramil Usubovla görüşdə Oqtay Gülalıyevin şikayətlərini nazirin diqqətinə çatdıracaq.

Sabirabad rayonunun polis rəisi Mübariz Quliyev AzadlıqRadiosuna Oqtay Gülalıyevə təzyiqlər edilməsi ilə bağlı deyilənləri təkzib edib.