“Polislər cəzalandırılsın” - Bəyanat

polisler-cezalandirilsin-beyanat
Oxunma sayı: 707

Müsavat Partiyası bu gün İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanılan və müqəssir qismində məhkəməyə cəlb edilən müxalifətçilərlə bağlı bəyanat yayıb. Bu barədə partiyadan daxil olan press-relizdə deyilir.

Bəyanatda bildirilir: "Bu gün Nəsimi rayon məhkəməsində 02 aprel mitinqi ilə bağlı uydurma ittihamlarla həbsə alınmış Əhəd Məmmədlinin, Ülvi Quliyevin, Rüfət Hacıbəylinin və Elnur Məcidlinin məhkəmə prosesi olub. Proses başlayan kimi Rüfət Hacıbəyli vəsatət qaldıraraq, bundan sonra vəkili Elçin Namazovun məhkəmədə iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyib. O, Vəkillər Kollegiyasına müraciət edilməsini və onlardan cavab tələb edilməsinin vacibliyini məhkəmənin nəzərinə çatdırıb.
Sonra təqsirləndirilən Ülvi Quliyev söz alaraq, onlara qarşı edilən ədalətsizliyə, ümumiyyətlə, ölkədə baş verən haqsızlığa etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasından istefa verdiyini və Müsavat Partiyasının sıralarına qoşulduğunu bəyan edib. Ülvi Quliyev Tural Abbaslını ad günü münasibəti ilə təbrik edib və özünün Müsavat Gənclər Təşkilatına qoşulduğunu elan edib. Sonra məhkəmə Rüfət Hacıbəylinin vəkili məsələsinə aydınlıq gətirmək üçün prosesi ayın 19-na kimi təxirə salıb. Məhkəmənin qarşısında polislər ora yığılan insanlara təzyiq göstəriblər. Qadınlara qarşı amansız davranıb, onları nalayiq söyüşlərlə təhqir ediblər. Ümumiyyətlə, Nəsimi rayon məhkəməsinin qarşısında polislər uzun müddətdir ki, məhkəmədə iştirak etməyə gələnlərlə bu cür sərt rəftar edir, onlara qarşı tez-tez fiziki təzyiqlər göstərirlər".

Müsavat Partiyası polisin bu hərəkətini qətiyyətlə pisləyir və bəyan edir ki, bu cür davranış əslində vətəndaşların məhkəməyə gəlməsinin qarşısını almaq üçün hakimiyyətin sifarişi ilə həyata keçirilir. Partiya bu insidenti törədən və onlara göstəriş verən polis işiçilərinin sərt şəkildə cəzalandırılmasını tələb edir.