Polislər içkili iranlılara deyirmişlər ki... XXII hissə

polisler-ickili-iranlilara-deyirmisler-ki-xxii-hisse
Oxunma sayı: 921

Eyni zamanda maraqlı hadisələr də baş verdi ki, onların bəzisi incitdiyi qədər gülməli idi də. O cümlədən xatırlayıram ki, İran iş adamlarından səfirliyə müraciət edərək deyirdilər ki, bəzi Azərbaycan polisləri İran vətəndaşlarına yaxınlaşırdılar, əgər onlar spitli içki içmiş olsaymış onlara deyirmişlər ki, içki içdiyinə görə səni İran Səfirliyinə aparmalıyam. Onlar da ya utandıqlarından, ya da qanunun bilmədiyindən polisə bir az pul verərək onlardan xilas olurdular. Mən bu məsələni eşidəndən sonra İran iş adamlarını bir iclasa dəvət etdim və onlara dedim ki, əziz həmvətənlər mən bilmirəm hansı İran vətəndaşı içki içir ya içmir, bilmək də istəmirəm. Bu, mənim və səfirliyin məsuliyyətlərinə də aid olan bir iş deyil və bu məsələni də araşdırmırıq, bizim işimiz iki ölkənin əlaqələrini genişləndirmək və möhkəmləndirmək və Azərbaycanda yaşayan iranlılarara da qanun çərçivəsində xidmət göstərməkdir. Hamı da bilir ki, İslam dinində alkoqollu içki haramdır, amma bu insanların özü və Allahı ilə olan münasibətlərinə aiddirr. İran İslam Respublikasının qanunları da İran ərazisində keçərlidir. Ona görə də, hər kəs Azərbaycan Respublikasında içki içsə, özü və Allahı bilər. Əgər bir İran vətəndaşı içki içibsə, Azərbaycan polisi ona desə ki, əgər “hörmət eləməsən” səni İran səfirliyinə aparıram, həmin şəxs polis qardaşımıza desin ki, gedək İran Səfirliyinə. Belə olan halda təbii ki, polis o şəxsi səfirliyə gətirməyəcək. Amma hər ehtimala qarşı gətirsə də əmin olun, bizim o adamla heç bir işimiz yoxdu. Əlbəttə içən şəxs gözləməsin ki, ona nuş olsun deyək!
Yuxarıdakına oxşar bir macəra da baş verdi. Xəbər gəldi bir İran kamyonunu bir Azərbaycan polisi saxlayıb və o maşında bir neçə şüşə vodka olub və sürücüyə deyib ki, sənin maşınında niyə içki var? Səni yaxalamalıyam və inzibati orqanlara təhvil verməliyəm. Sürücü qorxan adam olmayıb və təcili səfirliyə xəbər verib. Mənə dedilər ki, belə bir hadisə baş verib, mən də dedim ozum hadisə yerinə getmək istəyrəm. Getdim polisdən soruşdum ki, qardaş nə baş verib? Polis dedi sürücünün maşınında vodka var. Dedim olsun, Azərbaycan qanunuda bir iki butulka vodkanin olması yasaqdırmı? Polis dedi yox. Dedim bəs niyə bu sürücünü saxlamısan? Polis cavab verdi ki, İranda yasaqdı, bu da İrana getmək istəyir. Dedim sən İran dovlətinin məmurusan? Dedi yox. Dedim bəs niyə İran qanununa riayət etmək istəyirsən? Bu sürücü gedər İrana, orada yaxalanar və cəzası nə olsa onu da çəkər. Polis dedi istədim bu iranlı qardaş İrana daxil olanda problem yaşamasın. Dedim çox sağol. Azərbaycan polisi tam şəkildə Azərbaycan qanunlarını yerinə yetirsə başqaları da bəxtəvər olar və sizdən də minnətdar olar.
Belə hadisələr Heydər Əliyev prezident olmazdan əvvəl olan hallar idi ki, 1994-95-ci illərdə, o prezidentliyə gələn vaxtda da davam edirdi. Təbii ki, o çalışırdı ki, belə hallar olmasın, yaxud getdikcə azalsın və belə də oldu. 1995-97-ci illərdə vəziyyət keçmişə nisbətən çox yaxşı və stabil olmuşdu. Əlbəttə tam şəkildə həll olmamışdı. Allaha şükr olsun ki, yaxşılaşma İlham Əliyev zamanında da davam etdi, amma tam şəkildə yenə problem həll olmadı. Son 2-3 il ərzində İlham Əliyevin göstərişilə bir az da vəziyyət yaxşıya doğru gedir, amma daha artıq, ciddi şəkildə korrupsiyayla mübarizə aparılmalıdır ki, Azərbaycanın daxili və xarici imicinə ziyan dəyməsin və inkişafının qarşısı alınmasın. Azərbaycan xalqı və region və dünya xalqları, dövlətləri arasında yerini tapmaq, ərazi bütövlüyünü, istiqlaliyyətini təmin etmək üçün bütün qanunların icra olunmalı, indikindən daha çox demokratikləşməli, rəqabətli bazar iqtisadiyyatını daha artıq gücləndirilməlidir. Bu istiqamətdə prezident İlham Əliyevin son aylarda ifadə edtiyi sözlər və verdiyi göstərişlər tam şəkildə həyata keçməlidir.

1992-ci ilin sentyabr ayından bir xatirə yadıma düşdü. Baxmayaraq ki, 1994-96 illərdən bu hissədə yazırdım, amma heyifsiləndim yazmayam. İnşallah əgər “Qafqazinfo” saytının müdiri, Elbrus bəy, hansı ki, bu xatirələri onun xahişilə yazıram, verdiyi sözü yerinə yetirsə və mənim yazdığım xatirələri kitab şəklində hazırlatsa, kitabda ardıcıl olaraq xatirələri tarixlər tərtibilə dərc elətdirər!
Məsələ belə idi ki 92-ci ilin sentyabr ayında Tehran şəhərində Xəzəryanı ölkələrin birinci iclası keçirilirdi. Bu iclas 5 ölkənin ekologiya nazirlərinin iştirakı ilə keçirlirdi. O vaxt Azərbaycanda hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranmamışdı. İclasda Ekologiya Komitəsinin sədri, mərhum Arif Mənsurov və onun müavini Seyidov (adı yadımdan çıxıb, qüsura baxmayın), hazırda BDU nin Beynalxalaq Huquq fakulatasinin deakanı Rüstəm Məmədov da ekspert kimi Azərbaycan heyətinin tərkibindəydi. İclasda Rüstəm Məmədov centlmen və savadlı bir mütəxəssis kimi özünü göstərdi. Arif Mənsurov da çox ciddi şəkildə özünü aparırdı və Azərbaycanın milli mənafeyini öz düşündüyü kimi qorumağa çalışdı. O çox əsəbi bir şəxs idi. İclasda da çox anti-rus çıxışlar etdi. O, bir kitab yazmışdı və o kitabda rusların erməniləri necə dəstəkləmələri göstərilmişdi. O kitabda bir şəkil də var idi ki, Arif Mənsurov sağ əlini Mixayil Qorbaçovun üzünə tərəf uzadaraq əsəbi şəkildə ona etiraz edir.

Rəhmətlik Arif bəydən bir maraqlı xatirə əlavə etmək istəyirəm. Onunla və heyətin tərkibində olan şəxlərlə Təbirzə və Məşhədə getdik. Məşhəddə İmam Rzanın məqbərəsini, Nadir şah Əfşarın məqbərəsini ziyarət etdik. Həmçinin Tus şəhərində İranın Tanınmış şairi Firdovsinin də məzarını ziyarət elədik, şəkillər çəkdirdik.
Təbrizdə Arif rəhmətlik hökmən dedi məni aparın Təbrizin erməni məhəlləsinə. Nəhayət getdik. Elə o zamandan ermənilərin çoxu köçüb getmişdilər. Çox az erməni qalmışdı. Bir Dəari dükanı gördük, Arif maşını saxlatdı. Maşından düşdü, mən də onun ardınca, dükana girdik bir yaşlı erməni kişi dükandaydı. Ona etiraz etdi ki, sən niyə burdasan? O kişi də bilmirdi nə desin, bilmirdi dükana girənlər kimdir, hop tutub qalmışdı. Nəhayət razı etdim, mağazadan çıxdıq, yola düşdük.

Bu iclası İranın xarixi işlər nazirinin o vaxtkı müavini Mahmud Vaezi aparırdı. Heyət başçıları birlikdə onunla ayrıca görüşməlidilər. Arif dedi mən nazirəm, nazir müavinin görüşünə getmirəm, Mahmud gəlsin mənim görüşümə. Nəhayət görüşə getmədi. İclas nazirlər müavini səviyyəsində keçirilirdi. Azərbaycanda Ekologiya Nazirliyi yox idi. İşarə etdiyim kimi komitə səviyyəsində idi. Halbuki başqa ölkələrdə nazirliklər var idi. İranda ekologiyanin qorunması prezident müavini səviyəsindədir.

Mahmud Vaezi indi İranda Haşimi Rəfsəncanin başçılıq etdiyi təşkilatın (Məcməe Təşxise məsləhət nezam, yəni İİR Məsləhətlər Yığıncağı ki, 30-dan çox üzvü var və rəisin və üzvlərin də ali rəhbər təyin edir) nəzdində strateji araşdırmalar mərkəzinin beynalxalq və xarici siyasət üzrə rəis müavinidir. Çox müdrik və bilən kadrlara dəyər verən insandır.

Rüstəm Məmmədov həmin iclasda Rusiya heyətinin başçısınamı ya ekspertinə (adlarını xatırlamıram) bir söz dedi ki, o, dondu qaldı.
Rüstəm ona dedi ki, bu hüquqi məsələləri ki, siz universitetdə mənə öyrədibsiniz, necə olur ki, indi mən deyəndə qəbul etmirsiz? Ona gorə ki, Rusiyanın mənafeyini təmin etmir. O rus adam Rüstəm bəyin universitetdə müəllimi olmuşdu.
Bu iclasda İran tərəfi təklif etdi ki, Xəzəryanı ölkələrin iqtisadi əməkdaşıq təşkilatı yaransın. Bütün ölkələr də bu təklifi alqışladılar. Amma, sonra o təşkilatın yaranmasına mane oldular. Rusiya və Azərbaycan başqalarından daha çox bu məsələyə muxalif çıxdılar. Gülməlisi burdadır ki, 1992-ci ildə İran tərəfindən olunan təklifi indi Rusiya təklif edir! O zaman Tehran toplantısında Xəzərlə bağlı 7 komitə yarandı və bəyannamədə qeyd oldu. Komitələr hüquqi status, gəmiçilik, ətraf mühiti qoruma, balıqçılıq və başqa məsələlərlə bağlı idi. Amma sonralar bunların heç biri işləmədi və beş ölkənin nazir müavinləri və Xəzər üzrə xüsusi nümayəndələr səviyyəsində Xəzər məsələləri müzakirəyə çevrildi ki, indi də davam edir. Əlbəttə bununla yanaşı ölkələr 2 və 3 tərəfli görüşlər də keçirirlər və indiyədək 3 zirvə toplantısı da Aşqabadda, Tehranda və Bakıda keçirilib, baxmayaraq ki, bəzi sahələrdə nəticələr əldə olunub və sənədlər imzalanıb. Ancaq, hələ də Xəzərin hüquqi statusu həll olunmaz durur və ona görə də ümumi konvensiya imzalanmayıb...

Ardı var