“Polislər qapını sındırıb, camaatı biabır edirlər” -Müsahibə

<b>“Polislər qapını sındırıb, camaatı biabır edirlər” -<font color=red>Müsahibə </b></font>
Oxunma sayı: 953






Azərbaycanda kriminallardan bəhs eləyən bir çox verilişlərin müəllifi kimi tanınan jurnalist Pərviz Əbubəkirovun “Qafqazinfo”ya müsahibəsi

- Kriminal sahədən bəhs eləyən verilişin özəlliyi nədədir?
- Kriminal verilişlərinin əsas məqsədi dəhşətli kadrları göstərib camaatı şoka salmaq deyil, insanları məlumatlandırmaqdır. Adi insanlar bilməlidir ki, onun qapısına qoltuğunda qovluq ilə gələn adam “jek” işçisi yox, oğru, dələduz da ola bilər. Biz əslində başqalarının başına gələnləri göstərməklə digərlərini sığortalayırıq. Televiziyada kriminal xəbər hazırlamağın əsas çətinliyi ondadır ki, hər dediyin söz gərək təsdiqini tapsın. Bu işdə Daxili İşlər Nazirliyi, Prokurorluqla bağlı elə bir problemimiz yoxdur, amma məhkəmələrlə işləmək olmur. Kameraları içəri buraxmırlar. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev deyir ki, Amerikada məhkəmə çəkilişlərinə icazə yoxdur, gedin rəssam gətirin şəkil çəksin. Artıq il yarımdır ki, televiziyalar məhkəmələrə buraxılmır. Məhkəmə prosesinin işıqlandırılmasının müsbət cəhəti məhkəməyə inamın yaranmasıdır. İnsanlara başa salınır ki, hər bir cinayətin cəzası var, digər tərəfdən insanlar baxıb görür ki, bu işin sonu nədir. Bəzən adi insanlar zəng edib bizi nədəsə qınayırlar, adamda elə təsəvvür yaranır ki, sanki özümüz ssenarini qurub camaata göstəririk.

- Məhkəmələrdə çəkilişə mane olurlar dediniz, bəs hazırda işlədiyiniz İctimai Televiziyada vəziyyət necədir? Hər çəkdiyinizi efirə verə bilirsiniz?
- Özünü ulduz hesab edən adamlar adətən deyirlər ki, mənim üçün bütün qapılar açıqdır. Mən işdən çıxanda yalan deməyəcəyəm, heç kim zəng edib məni işə çağırmamışdı. Kanallara bir-bir gedib özümü təklif edirdim. İctimai kanalı seçməyimə əsas səbəb o oldu ki, digər kanalların rəhbərləri ilə görüşəndə elə təsəvvür yaradırdılar ki, sanki biznesmendirlər. Onlar işinin keyfiyyətli alınması üçün sənə nə lazımdır sualının əvəzinə, özünlə neçə sponsor gətiribsən sözünü daha çox deyirdilər. Hamını ilk növbədə maddiyyət maraqlandırır. Ola bilsin, İsmayıl Ömərov özü peşəkar jurnalist olduğu üçün mənimlə ancaq iş barəsində danışdı. Soruşdu ki, sənə neçə nəfər lazımdır, keyfiyyətli veriliş üçün hansı avadanlıqlar gərəkdir?

- Yəni İTV-də çəkdiyiniz bütün kriminalları efirə verə bilirsiniz?
- İctimai Kanalda işlədiyim dövrdə cəmi bircə dəfə çağırıb məsləhət gördülər ki, filan hadisə mentalitetimizə uyğun deyil, bunu efirə verməyək. Mən də razılaşdım. Bir ildir buradayam, hansı mətni yazmışamsa efirə gedib. ANS-də 14 işləmişdim, amma burda cəmi bir ildir, sağ olsunlar etibar edirlər.

- Yəni ANS-də 14 ilə qazandığınız etibarı burada 1 ilə əldə etdiniz?
- Bəlkə də ANS-dəki fəaliyyətimi görmüşdülər. Mənə heç vaxt deməyiblər göstər bu həftə nə olacaq, sadəcə soruşublar, bu həftə nə barədə olacaq. Müəyyən verilişlərdən sonra bildiriblər ki, filan şey artıq idi.

- Kriminal sahədə senzuranın olmadığını deyirsiniz...
- Kriminal elə sahədir ki, orada siyasət yoxdur. Hər şeyi olduğu kimi, obyektiv, hər iki tərəfin mövqeyini veririksə problem yoxdur. Əgər polis deyirsə 300 qr heroin tutub, deməli şübhəli şəxs də danışmalıdır. Tutulan adam deyirsə ki, cibimə tullayıblar, onu da veririk. İstintaqın nəticə nə olacaq, bu artıq onların işidir.

- ANS-lə İTV-nin əsas fərqi nədədir?
- İş baxımından fərq yoxdur, şərait baxımından isə İctimai kanal daha yaxşıdır. ANS-də səsimizi yazdırmağa gedirdiksə 4-5 departamentin işçiləri növbədə dururdu. Burada isə hər departamentin öz səsyazma otağı var. Olsun ki, müstəqil kanalların maddi imkanları zəifdir. Müqayisədə indi işlədiyim yerin texniki imkanları güclüdür.

- Uzun illər işlədiyin ANS-dən çıxmağının özəl səbəbi var?
- Elə bir böyük səbəbi yoxdur. Sadəcə işləyirsən və günlərin bir günü başa düşürsən ki, artıq bugünkü iş səni qane etmir. Belə deyək də başın tavana dəyib. Özüm ərizəmi yazıb işdən çıxdım. Mən ərizəmi yazdım və dedim ki, daha burada işləmək istəmirəm. Heç bir yerdən də iş təklifi almamışdım. Bir həftədən sonra başa düşdüm ki, mənim ailəm, uşağım var, işləməliyəm.

- Maraqlıdır ki, sizdən sonra ANS-in bir çox aparıcı əməkdaşı işdən çıxdı.
- Çox qəribədir ki, 5-6 ay sonra bu baş verdi. Onlar özləri zəng edib mənə deyirdilər. O insanların 99%-i iş tapıb, çünki onlar çox istedadlı uşaqlar idilər.

- Maraqlıdır nə baş verir orada. Adam gedirsə, mütləq bunun bir səbəbi olmalıdır.
- Sadəcə olaraq, mən özümü orada narahat hiss edirdim. Xətrini çox istədiyin insanla arasında hörmət itəndə adam özünü narahat hiss edir. Müəyyən müddət var ki, insan patriotizm səbəblərindən işləyir, maddi tərəf onu maraqlandırmır. Müəyyən müddət gəlib çatır ki, sən gələcəyini düşünməyə başlayırsan. ANS-də yaradıcılıq baxımından insanlara qiymət verməyi bacaran biri varsa, o da Mirşahindir. Professional jurnalistdir, yaxşı işçiyə qiymət verməyi bacarır. Mən oradan gedəndə heyfslənən insanlardan biri də o idi. ANS böyük maşındır, biri gedir, biri gəlir. Məndən soruşanda ki, indi nə əldə etmisən, deyirəm ki, yeni iş və bir qədər yüksək maaş və daha yaxşı şərait.

- Mənə elə gəlir ki, ANS bir kollektiv olaraq dağılmaq üzrədir...
- Şirkətdən gedəndən sonra oranın taleyi ilə maraqlanmamışam. Əgər hər hansı bir insanın qurduğu iş dağılırsa həmin şəxs papağını qabağına qoyub fikirləşməlidir ki, nə etmək lazımdır ki, o dağılmasın.

- Azərbaycanı intihar halları başına götürüb. Sizcə, bunun səbəbləri nədir?
- Mən bəlkə də yeganə jurnalistəm ki, intiharı göstərməyin əleyhinəyəm. Çünki, belə halların göstərilməsi insanların psixikasına pis təsir göstərir. İntihar halların yayılmasında ənənələrin də rolu var. İnstituta girməyən tələbə üçün sanki həyat başa çatır. Bu gün mənə deyəndə ki, sənin verilişinin reytinqi yüksəkdir, bu məni narahat edir. Bu o deməkdir ki, tamaşaçıların intellekt səviyyəsi aşağıdır. Bəlkə də bu müsahibəni oxuyan oxucu kütləsinin xətrinə dəyəcək. Azərbaycanda intellektual verilişlərə baxan da yoxdur. Müğənninin əynində nə paltar var, əri kimdir, kimi aldı, kimi boşadı kimi xəbərlər daha çox reytinqlidir.

- Verilişinizin reytinqi necədir ki?
- Bizim verilişin reytinqi yüksəkdir. Ümumiyyətlə, kriminala maraq həmişə böyük olub. Mən döşümə vurub deyə bilmərəm ki, bu Pərviz Əbubəkrovun əldə etdiyi nəticədir. Çünki, bu kollektiv işin nəticəsidir.

- Bayaq dediniz ki, bizə heç bir məhdudiyyət yoxdur. Ancaq ölkədə böyük kriminallar baş verir. Tutaq ki, hansısa məmurların qohumları şəhərdə atışır. Belə şeyləri niyə vermirsiniz?
- Hesab edirəm ki, televiziya kanallarında araşdırma jurnalistikası ilə məşğul olan şöbələr olmalıdır. Araşdırma jurnalistikası həddən çox pul tələb edən sahədir. Ola bilər ki, araşdırma bir il davam etsin və kanal həmin jurnalisti bir il ərzində maddi baxımdan təmin etməli olur. Bizim kanallar bu gün şərt qoyur ki, sən həftədə bir dəfə 30-40 dəqiqəlik veriliş, gündəlik 10 dəqiqəlik xəbər istehsal etməlisən. Əgər araşdırmaya vaxt sərf etsək sabahkı gün sənin efirin boş qala bilər. Bu cür xəbərlər isə bəzən günlərlə, aylarla araşdırma tələb edir. Hadisəni təsdiqləmək üçün gərək hadisə yerindən çəkiliş edəsən, polisdən açıqlama alasan o da bu faktı təsdiqləsin. Televiziyaya daxil olan hər bir məlumat rəsmi təsdiqini tapmalıdır. İnsan alveri ilə bağlı araşdırma işim var idi. Məhz o verilişə görə məni Vyanaya, oradan da Varşavaya dəvət etmişdilər.

- Gecə klubları, saunalar çəkirsiniz?
- Dəfələrlə polislər zəng edib bizə reydlər təklif ediblər. Mən prinsipial olaraq gecəqondu çəkmirəm. Əgər əxlaqsızlıq yuvası aşkar edilibsə, oranın sahibini tutub cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Kimsə üzərində mehmanxana yazılan bir yerdə gedib istirahət edirsə və sonradan məlum olanda ki, bura qeyri-qanuni fəaliyyət göstərir, burda həmin şəxsin günahım yoxdur. Bizdə isə əksinə baş verir. Tutaq ki, sauna sahibi qalır kənarda orada, əz fəaliyyətini davam etdirir, amma orada istirahət gələn insanları tutub biabır eləyirlər. Axı bu ədalətsizlikdir. Tutaq ki, aşkarlanan əxlaqsızlıq yuvasıdırsa, çəkiliş aparanda orada olan insanları göstərirlər. Qadından soruşursan ki, səni zorla gətiriblər, deyir yox. Belə baxanda burada cinayət məsuliyyəti yoxdur. Evdə yer olmayıb, mehmanxana axtarıb bura gəliblər. Polis işçiləri gəlirlər, qapını sındırırlar, camaatı biabır edirlər. Kiminsə ailəsi, uşağı var. Təsəvvür edin ki, hansısı qadını çəkiblər, sabah onun uşağı məktəbə gedəndə kim onun yanında oturacaq? O uşağın günahı yoxdur axı... Ona görə zəng edəndə də, mən deyirəm ki, elə yerləri çəkmirəm.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi