Polkovnikin payızı

polkovnikin-payizi
Oxunma sayı: 701

Qəddafiyə qarşı döyüşən üsyançıların istehkamı isə Liviyanın şərqində yerləşən Benqazi şəhəri oldu. Qonşularından fərqli olaraq Liviyada vəziyyət tam fərqli oldu. Ölkəni vətəndaş müharibəsinə sürükləyən Qəddafiyə qarşı döyüşən üsyançılar ədalətin təcəllası üçün çarpışırdılar.

Elə bundan olsa gərək müvəqqəti hökümətin fəaliyyət göstərdiyi yer kimi də məhkəmə binası seçilmişdi və məhkəmənin girişinə vurulan “Femida”nın ədalət tərəzisi üsyançılara tərəf əyildi. Ölkənin qərbində oturub təslim olmayacağını bəyan edən Qəddafinin üzərinə son həmlə edən üsyançılar Benqazidə başlayan “Polkovnikin çevrilişi” adlı hekayəyə nöqtə qoydular. Qəddafi 1969-cu ildə kral İdrisə qarşı qiyamı məhz Benqazi şəhərində başlatmış və əlində fırlatdığı at tükü ilə Liviyanı nə az, nə çox düz 42 il idarə etməyə müvəffəq olmuşdu. Totalitar-avtoritar sistemlər üçün ölkə sərhədlərindən kənarda düşmən axtarışı hər zaman səmərə verən bir üsul olub. Xalqın başının altına yastıq qoyaraq “xarici düşmənlər”ə qarşı mübarizədə kütlələri diktatorun ətrafında birləşdirmək yalnızca baş qatmağa hesablanmış taktikadır. Almaniyada bir gecə klubunda ABŞ əsgərlərinə hücum, Şotlandiyanın Lokerbie qəsəbəsi yaxınlığında “PanAm” şirkətinə məxsus təyyarənin partladılması Qəddafinin avtoritenin həm ölkə daxilində, həm də ərəb dünyasında yüksəldilməsinə hesablanmışdı. Ancaq kütlə ilə bu dərəcədə amansız rəftar müsbət nə isə vəd etmirdi. Xalqın çiyinləri üstündə qüdrətli görsənən Qəddafini göylərə qaldıran da, oradan da biabırçı şəkildə yerə çırpan da illərdir sümürdüyü xalq oldu. Londonda hərbi təhsil alaraq vətəninə dönən Qəddafi özünü o zamanların böyük ərəb milliyətçisi Camal Əbdül Nasirə bənzədirdi. Nasir onun üçün sözün hər mənasında kumir idi. Polkovnik Nasir kimi polkovnik rütbəsindən o yana qalxmaması, daha doğrusu general-mayor rütbəsindən imtinası hər şeyi açıq göstərirdi. Ambisiyalarının girovuna çevrilən Qəddafinin Nasir olması sadəcə mümkünsüz idi. 24 saatın 18 saatını xalqı üçün çalışaraq ərəb dünyasında fırtına qoparan Nasir 1967-ci ildə İsrailə biabırçı məğlubiyyətə dözməyərək vəfat etdi.

Müammarın isə üz cizgilərində bir arsızlıq yatırdı. Terroristlərin üzünə qapıları taybatay açan Qəddafi ərəb dünyasının “yeni Nasiri” olmaq niyyətində idi. İrlandiyanın “İRA” təşkilatı və fələstinli mücahidlər üçün Liviya səhralarını təlim meydanı kimi hazırlayıb, istifadəyə verən Qəddafi Nyu-Yorkda BMT-nin iclası zamanı çıxışı edərkən təşkilatın nizamnaməsini sədarətin üzərinə atmağa da müvəffəq olmuşdu. Böyük neft və qaz yataqlarına malik olan Liviyanın karbohidrogen ehtiyatları hələ tam şəkildə işlənilməyib. Avropalı liderlər üçün Liviya neft və qazına görə gözqamaşdırıcı ölkə təsiri bağışlayır. Qələbəsi rəsmiləşən üsyançılara yardımını əsirgəməyən NATO qüvvələrinin beli Qəddafiyə dirənənlərə bağlı deyildi. Ortada islam faktoru var idi və bu amil Qərbi qorxudurdu. Bir sözlə, üsyançıların ölkədə şəriətlə idarə olunan dövlət qurması variantı da istisna edilmirdi. Dünyanın və liviyalıların isə yekdil tələbi Qəddafinin devrilməsi idi. Tiran devrildi, adi liviyalının dili danışsaq “o biclərinin yanına qaçdı, siçan kimi hal-hazırda yerin deşiyindədir”. Artıq nə Qəddafi var, nə onun ağıldan kəm övladları, nə də dəbdəbəli bədəvi çadırı. Bakirə qızların əhatəsində mühafizə olunan Qəddafi uzun illərdir ölkəni parlamentsiz idarə etdi, “cəmhariyyə” – kütlələrin dövlətini qurdu, azad sözü boğub medianı məhv etdi, minlərlə insanı günahsız yerə həbs edib öldürtdü. “Çöl aslanı” Qəddafi mülkiyyəti kimi baxdığı Liviya üzərində daha söz sahibi deyil. Nasist Almaniyasına rəhbərlik edən Adolf Hitlerin belə bir sitatı var: “Bir xalqın hökümətinin etdiyi səhvləri görüb nəticə çıxarması üçün uzun bir vaxt lazımdır”. 42 il dözən xalq nəticə çıxardı: Haqqımız tapdalanır, kölə kimi rəftar olunuruq, ARTIQ YETƏR! İndi böyük əksəriyyət düşünür ki, görəsən sıra hansı diktatordadır? Bu sualın cavabı sadədən də sadədir. Xalqını əzən, hüquqlarını tapdalayan istənilən despotun gec ya tez sırası çatacaq. Daha Qəddafinin nə yaşıl bayrağı, nə də “Yaşıl kitabı” var. İndi Liviyada yalnız bir “Yaşıl meydan” var və o meydanda sevinən milyonlarla liviyalı...