“Pozulmuş hüquqlarımız tezliklə bərpa olunmalıdır”

pozulmus-huquqlarimiz-tezlikle-berpa-olunmalidir
Oxunma sayı: 666

Mayın 3-də Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilib. İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak ediblər. İlham Əliyev mərasimdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb.

İlham Əliyev mərasimdə çıxış edib. Azərbaycanın öz tarixində iki əlamətdar hadisəni qeyd etdiyini deyən İlham Əliyev bu il ölkəmizin BMT-yə üzv qəbul olunmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bildirib ki, ötən il ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib. Bir neçə gün bundan əvvəl isə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi qəbul edib. Verdikləri dəstəyə görə hamıya minnətdarlığını bildirən İlham Əliyev vurğulayıb ki, 20 il əvvəl müstəqilliyini yenidən əldə edən Azərbaycan ötən dövrdə siyasi sistemində böyük islahatlar həyata keçirib. Azərbaycan tolerant ölkə kimi bu gün dünyada mədəniyyətlərarası dialoqun həyata keçirilməsində mühüm rol oynayır.
Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan da danışan İlham Əliyev bildirib ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul bir neçə dəfə artıb, yoxsulluğun səviyyəsi aşağı düşüb, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilir. Bunu beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Lakin təəssüflər olsun ki, onlar Ermənistan tərəfindən icra olunmur. “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi maneədir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - deyən İlham Əliyev diqqətə çatdırıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ölkəmizin pozulmuş hüquqları tezliklə bərpa olunmalıdır.

ABŞ-Azərbaycan münasibətlərinə də toxunan prezident əlaqələrimizin siyasi, iqtisadi, enerji təhlükəsizliyi sahəsində inkişaf etdiyini, ölkəmizin terrorizmə qarşı mübarizədə ABŞ-ın strateji tərəfdaşı olduğunu deyib. Bir neçə ay bundan əvvəl beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimad göstərərək BMT-nin Təhlükəsizlik Şurasına üzv seçdiyini deyən dövlət başçısı bildirib ki, ölkəmiz bu qurumun fəal və konstruktiv üzvü olmaqla qurumda hər zaman ədaləti, beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcək.

Sonra İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə ziyafət verilib.