Prezervativli düşüncə azadlığı (mı?)

prezervativli-dusunce-azadligi-mi
Oxunma sayı: 897

Müsahib yazıçı, mən də deyim, istedadlı yazıçı Əli Əkbərdir. Əslində bu yazını yazmaq mənə çox çətindir. Ona görə yox ki, Əli bəyin adını çəkdiyi müəllifləri nəinki oxumamış, heç yanından da keçməmişəm. Həm də o səbəbdən ki, təxminən «Əli Əkbərin yazdığı əxlaqsızlıqdır» deyərək qınaq quranlardan deyiləm. Ümumiyyətlə, yazı-pozu adamına yazdığına görə nalayiq tərzdə dillənilməsinin əleyhinəyəm. Nəyindən xoşunuz gəlmirsə, deyin, yəni yazın. Yazın ki, ortaya əxlaq, heç o da lazım deyil, fikir qoyulsun. Hər halda əxlaqsızlıq və tərbiyəsizlik varsa belə, yazılması fikrin məhsuludur. Fikrə qarşı orda-burda «əxlaqsız» damğası vurmaqla iş keçmir. Lap üzünə də desən yetərsizdir. Çünki bu adam yazır, dediyi yazılır…

Əli Əkbərin əsərlərini də oxumamışam. Bununla belə, məni bağışlasın, yalnız sayt oxumağı bacaran oxucu kimi içimdə onu yumşaq desəm, düz saymadım. Ola bilər, dünyagörüşü, intellektual səviyyə, nə bilim başqa nə deyirsiniz, onlar baxımdan güclüdür. Zatən, müsahibəsindəndən sonra onda istedad, elə yazarlıq mənasında da nəyinsə var olduğunu görürəm. Amma düz bilmədiyim başlıca olaraq yuxarıda göstərdiyim fikirdir. Haradasa deyilmiş yox ha, yazılmış, tirajlanmış fikirdir. Fərqi anlamamış olmazsınız. Elə bilirəm, «Qafqazinfor.az»ın oxucu auditoriyası Əli Əkbərin oxucularının sayından daha geniş tərkibə malikdir. Deməli, prezervativlə bağlı düşüncənin yayılma faizi artıqdır. Qısa kəsim, istəmərəm belə bir düşüncə vüsət tapsın. İndi ona görə yazıram və təkcə ona görə yox…

Düşünürəm ki, 50 rəqəmi Əli bəyin təsadüfən dilinə gəlib deyib. Yəni, bu rəqəm müəyyənləşdirilmiş göstərici deyil və zənnimcə, universitetin hər mərtəbəsindən 50, hətta lap çox prezervativ süpürülsə, yazıçı üçün ideal gənclik mənasında daha optimal mənzərə formalaşar. Nəzərə alaq ki, ali təhsil müəssisələrində təhsil alanların sayları çoxdur. Nə üçün başqaları Əli bəyin düşüncəsində canlandırdığı gəncliyi yaşamaqdan məhrum olsunlar?! Üstəlik universitetlərin sayı da az deyil…

Bir anlığa ağlımdan prezervativləri süpürən xadimə keçdi. Böyük ehtimalla deyinə-deyinə «tərbiyəsizlər, əxlaqsızlar gördükləri işə bax!» söyləyəcək. Təbii ki, süpürdüyünün prezervarit olduğunu bilsə (bu da bir başqa problemdir). Çox güman, yazıçının gələcək planlarında prezervativi cəmiyyətin bütün təbəqələrinə tanıtdırmaq kimi məqsəd də var. Əli Əkbər deyə bilər ki, onun arzuladığı cəmiyyətdə süpürgəçi işini görür, fərqi yoxdur, nə süpürür, özü də süpürdüyünün nə olduğunu dərk edir. Deməli, prezervativi yerdə görüb təəccüblənmirsə, irəli getmiş adamdır, insan azadlığına dəyər verir, gəncliyin çılğınlığını anlayır. Amma bir balaca problem var. İrəli getmiş adamdırsa, gərək mütləq öz-özünə sual versin: universitet prezervativdən istifadə edib zibil qabına da yox ha, yerə tullamağınmı yeridir? Bəs, tələbə yataqxanası nədir, pritondur? Universitetdə oxuyan zaman bir müəllimimiz var idi. Necəsə, söhbət açıldı və dedi ki, biz uşaqlar buranın pis vaxtlarını görməmişik. Divarlara qan yaxılırdı və sair ilaxır. Yəqin anladınız nə dedim. Çox güman, nə zamanlarsa eyni mənzərə azlı-çoxlu başqa ali təhsil ocaqlarında da yaşanıb, elə yataqxanalarda da. Amma mən də «irəli getmiş xadiməmin» fikirini dəstəkləyib deyirəm ki, universitet təhsil almaq yeridir. Bunu hamımız bilirik. Universitet Əli bəyin olmasın, Markiz De Saddan üzübəri, Lui Ferdinand Selin kimi yazarları oxumamaq barədə nə isə demir. Amma hələlik 50 deyək, hə o sayda tələbənin başı prezervativə qarışıbsa, onlar bu cəmiyyət üçün Tinto Brasın filmlərinin qəhrəmanları, yaxşı halda Ostap Benderlər olacaqlar. Belələri asanlıqla prezervativə də çevrilə biləcəklər.

Gələk, oxucu auditoriyasına. Gəncliyimiz universitetlə, tələbə yataqxanası ilə pritonu səhv salacaq səviyyədə olmalıdırsa (şükür Allaha hələlik belə bir şey yoxdur), gəlin razılaşaq ki, onu nə Markiz De Sad, nə də bir başqası ilgiləndirəcək və belə nəticəyə gəlirəm ki, bu cür gənclik əlbəttə, Əli Əkbərin «Sarı gəlin»inə maraq göstərəcək. Başqa cür düşünməyin, əsərin güclülüyü-gücsüzlüyündən danışmıram, səmimi sözümdür, oxumamışam, bilmirəm. Bəlkə oxusam da, ədəbiyyat nümunəsi kimi ona qiymət vermək qabiliyyətində olmaram. Onu bilirəm ki, o gəncliyi də, elə o əsəri də yaradan Əli bəy olur. Deməli, yazar əsərinə uyğun oxucu auditoriyasını özü formalaşdırır. Adlarını da çəkir: «Nida», «Azad gənclik», «Dalğa». Deyir, əsərlərində onlarla məzələnir də. Əcəba, ciblərinə prezervativ qoyub universitetə getmədiklərinəmi görə, yoxsa istifadədən sonra o prezervativi zibil qabına attıqları səbəbindənmi? Dayanın, tapım, kuliminasiya anı xadimənin səhər o şeyi-zadı yerdən süpürməyidir! Azadlıq tam mənada ifadə olunmalıdır, yarımçıq yox! Zibil qabına atmaq varsa, deməli kompleks var, kompleks varsa, demək, azadlıq məhduddur! Azadlıq məhduddursa, Əli Əkbərin arzuladığı cəmiyyət mövcud deyil. Ümumiyyətlə, bu prezervativ nəyə lazımdır, onsuz olmur, yəni?!

Həmin cəmiyyətə necə çatmaq olar? Siyasi mübarizə ilə. Ona görə bunu xatırlatdım ki, cənab Əkbər həm də siyasi partiya üzvü olduğunu bildirir və sabah mənsub olduğu siyasi qurumun ideologiyasını özünün dediyi kimi, oxumaları və almaları üçün kitabını partiya qərargahına gətirmək istəmədiyi hazırlıqsız adamlar deyil, prinsipcə, onun kimi hazırlıqlılar, intellektuallar yürüdəcəklər. Bu partiya hakimiyyətə yiyələnəcəksə, belə çıxır ki, qurulacaq cəmiyyətin universitetindəki gənclik bir-birindən tum, saqqız istəməklə yanaşı, həm də prezervativ istəyəcək. Bəlkə fərasətlilər də oldu, içəridə satışını təşkil etdilər. Niyə də olmasın! Axı, onlar azad olacaqlar. Ümumiyyətlə, bu universitetlər nəyə lazımdır? Hamı «Üç palma»ya (Əli Əkbər müsahibədə bu restoranın adını çəkir) getsin!..

«Üç palma» dedim, yadıma əxlaqsızlıq düşdü. Hə, Əli bəy müsahibədə əxlaqdan da danışmışdı. Açıb-ağartmıram, ona əxlaqsız damğası vuranlara qarşı olduqca sərt mesajlar vermişdi. Əslində diqqətimi çəkən bu da deyildi. Əsas məsələ özünün əxlaqsız olmadığını isbatlamaq üçün 11 ildir qurduğu ailəni, böyütdüyü iki balanı göstərməsi, evinə haram pul gətirmədiyini vurğulaması idi. Modelə diqqət yetirin, fərqli deyil, ənənəvidir. Belə düşünürəm ki, özü ilə bağlı məsələlərdə ortaya bu cür model, halal Azərbaycan kişisi modelini qoyan, həmin modelə başqalarından yaxşı mənada fərqləndiyini isbatlamaq üçün çox doğru olaraq müraciət edən adam yalnız onu deyim: universitetə 50 prezervativdən birini atan gəncin öz OĞLU olmasını istəməməlidir. Məncə, onun arzuladığı gənclik universitetə, tələbə yataqxanalarına atdığı prezervativlərlə birlikdə təkcə Markiz de Sadı deyil, Dostoyevskini, Servantesi, Şekspiri, Moru, Puşkini, Yesenini, Drayzeri, Heminqueyi, Vısotskini və başqa dühaları heç bir çətinlik çəkmədən atacaq. O da olacaq, prezervativi hara gəldi atmaqla azadlığını tapan gənc, həmin universitetin, tələbə yataqxanasının damına, pilləkanlarına içərisində narkotiv maddə olan spiritsləri səpələməklə azadlığını bir qədər də «dərinləşdirəcək». Nəticədə Əli bəyin sipər kimi güvəndiyi ailə olmayacaq. Ailə olmayacaqsa, cəmiyyət olmayacaq, cəmiyyət yoxdursa, insanlar nəyə gərəkdir?!

Sonda yenə də əxlaqa qayıdım. Müsahibədən belə nəticəyə gəlirəm ki, Əli Əkbərə əxlaqsız deyənlər Əli bəyin nəzərlərində əxlaqsız kimi görünənlərdir. Özü onların hərəkətlərini bir-bir sadalayır. Daha nələrisə də deyə biləcəyinə eyham vurur. İnanıram ki, deyər də. Ona da inanıram ki, Əli bəyə əxlaqsız deyənlərin cərgəsində həmişə bax elə sadaladığı keyfiyyətlərə malik insanlar olacaqlar. Və məsələ ondadır ki, əxlaqlı adam ona əxlaqsız deməyəcək. Mən də bu yazım ilə Əli Əkbəri əxlaqsız kimi təqdim etmək niyyətindən tam uzağam. Oxuyanlar, özləri qiymət verəcəklər. Birmənalı «yazıçı deyil» də söyləmirəm. Yazıçıdır, bəlkə kimsə istedadlı sayır onu. Amma istedadlılar çoxdur. Ən böyük problem ondadır ki, istedadlı Əli bəy Azərbaycan yazıçısı, ölkənin ictimai rəyini formalaşdırmalı olan ziyalısı deyil. Və ona da əmin olun ki, əli əkbərlər nə vaxtsa ziyalı, yazıçı adlarını böyük hərflərlə yanaşı, yaxud ayrılıqda daşıya biləcəkləri, arzularında olduqları azadlığın hökm sürdüyü Azərbaycan cəmiyyətində yaşamayacaqlar.