Prezident Administrasiyasına məktub

prezident-administrasiyasina-mektub
Oxunma sayı: 704

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yanvarın 07-də keçirilməsi nəzərdə tutulan görüşün ləğv edilməsi, Sabirabad və Saatlı rayon polis əməkdaşlarının “Kür” Qərargahı üzvlərinə qarşı kobud, qeyri- etik hərəkətləri ilə bağlı bəyanatla çıxış edərək Daxili İşlər naziri Ramil Usubova rəsmi müraciət edən Qərargah Sabirabadda növbəti görüşün keçirilməsinə qərar verib. Yanvar ayının 21- də keçirilməsi nəzərdə tutulan görüş- müzakirə ilə bağlı “Kür” Qərargahı Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova rəsmi məktubla müraciət edib. Məktubun surəti Prezident Administrasiyasına və Prezident yanında QHT- lərə Dövlət Dəstək Şurasına göndərilib.

Məktubda deyilir; “Mövcud qanunvericiliyə uyğun olaraq QHT- lər öz fəaliyyəti, keçirdiyi görüş, seminar, tədbir və s. barədə icra strukturlarından hər hansı icazə almamalıdır. Amma bütün bunlara baxmayaraq, biz Azərbaycan reallığını nəzərə alaraq sizə bildirmək istəyirik ki, Kür daşqınlarının təsirinə məruz qalmış sakinlərlə 21 yanvar 2012- ci ildə Sabirabadda (rayonun özündə) görüş müzakirə keçirmək istəyirik. Görüşdə son zamanlar bizə müraciət edən sakinləri dinləmək, onların mövcud problemlərini öyrənmək, Nazirlər Kabinetinin 08 avqust 2011- ci ildə imzalanmış, 231s saylı sərəncamı barədə vətəndaşları məlumatlandırmaq nəzərdə tutulur.

Xahiş edirik 21 yanvar 2012- ci ildə Sabirabadda yuxarıda qeyd olunan tədbirin keçirilməsinə yardımçı olasınız. Təklif olunan görüş və ya konfrans zalının icarə haqqı zaman intervalına və şəraitinə uyğun olaraq tərəfimizdən ödəniləcək. Tədbirimizdə Sizi və nümayəndənizi də iştiraka dəvət edirik”.

Məktub bir neçə gün öncə Sabirabad rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinə və Prezident Administrasiyasına rəsmi şəkildə təqdim olunub.