Prezident ailəsi ilə filmə baxdı

prezident-ailesi-ile-filme-baxdi
Oxunma sayı: 709

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. “Qafqazinfo” AzərTaca istinadən xəbə verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Dövlət başçısı kinoteatrın rəmzi açılışını bildirən lenti kəsdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, 1934-cü ildə istifadəyə verilmiş “Nizami” kinoteatrının binasında “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və istifadədən sonrakı görüntüsünü əks etdirən fotolardan ibarət stendlərə baxdılar.

Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva böyük zalda və VİP zalında filmlərdən fraqmentləri izlədilər.

Bildirildi ki, birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcək.

Dövlətimizin başçısına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olundu.

“Nizami” kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verdi.