Prezident azarkeşlərlə görüşdü

prezident-azarkeslerle-gorusdu-
Oxunma sayı: 656

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, yerli ziyalılar arasında görüşə böyük maraq olub. İştirakçılar arasında müxtəlif rəhbər vəzifələrdə çalışan şəxslər, fəal şəhər sakinləri, ağsaqqallar yer alıb. Ən yaşlı görüş iştirakçısının 82 yaşının olmasını da qeyd edək.

Müzakirələrlə zəngin keçən görüş zamanı kifayət qədər çoxlu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Azarkeşlər onları narahat edən məsələləri klub prezidentinin diqqətinə çatdırıblar. Mənsimov öz növbəsində ziyalıları diqqətlə dinləyərək onları maraqlandıran sualları ətraflı cavablandırıb.

Azarkeşlər komanda daxilində olan hazırkı vəziyyətlə bağlı çoxlu suallar veriblər. Onlar istər yaxın gələcəkdə, istərsə də ümumi planda komandanın perspektivləri ilə maraqlanıblar. Belə ki, dialoq zamanı məşqçilər korpusunun işi, qış transfer pəncərəsində klubun transfer siyasəti, yerli futbolçulara diqqət, klubun yetirmələrinin əsas komandaya cəlb olunması kimi müxtəlif məsələlərə toxunulub. Həmçinin oyunların canlı yayımı, hakimlik və s. məsələlər barədə də suallar verilib və klub rəhbərliyinin mövqeyi ziyalılara çatdırılıb.

Görüşdə daha bir vacib müzakirə obyekti azarkeş-klub münasibətləri olub. Öncə ziyalılar stadionun iki oyunluq diskvalifikasiyasının həddindən artıq ağır cəza olduğu fikrində klubla razılıqlarını bildiriblər. Bundan əlavə ev oyunlarında meydana yad əşyaların atılması faktı bütünlüklə pislənib, və bir sıra azarkeş bu cür halların aradan qaldırılması üçün təkliflərini irəli sürüblər. Əsas təkliflərdən biri stadionun mərkəzi sektorlarında azarkeşlərin yerləşməsinə nəzarətin artırılması olub. Təxribatçıların qarşısının alınmasında hər bir kəsin kluba dəstək verməsinin vacib olduğu bildirilib.