Prezident Bərdədə - Yenilənib

prezident-berdede-yenilenib
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı Bərdə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verib.

***
İlham Əliyev Bərdədə Qəhrəmanlar parkının açılışında iştirak edib.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Bərdənin sürətli inkişafını özündə əks etdirən, quruculuq və abadlığın əsas ünvanlarından biri olan Koroğlu küçəsində salınan Qəhrəmanlar parkının yerləşdiyi ərazi əvvəllər tamamilə baxımsız vəziyyətdə idi. Tikinti işlərindən sonra Qəhrəmanlar parkı müasir və füsunkar görkəm alıb. İstirahət guşəsinin ümumi sahəsi 4,5 hektardır.

Diqqətə çatdırıldı ki, parkın salınmasına ötən ilin sentyabrında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Tikinti işləri ən yüksək standartlar səviyyəsində aparılmışdır. Parkın girişində ölkənin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin pannosu qoyulmuşdur. Parkda avtomobillər üçün xüsusi dayanacaq yaradılmış, 20 min kvadratmetr ərazidə yaşıllıq işləri aparılmış, üç mindən çox müxtəlif ağac, 11 min bəzək kolu və rəngbərəng güllər əkilmişdir. Güldanlar da parkın görünüşünə əlavə yaraşıq verir. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan 50 oturacaq və beş istirahət köşkü qoyulmuşdur. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur. İstirahət parkı salınarkən balacalar da yaddan çıxmamış, onlar üçün əyləncə meydançaları yaradılmış, xarici ölkələrdən gətirilən müasir attraksionlar və yelləncəklər quraşdırılıb.

Parkdakı məşəl kompleksi də xüsusi zövqlə hazırlanmışdır. Buraya gələn həm qonaqlar, həm də yerli sakinlərin istirahəti hərtərəfli düşünülmüşdür. İstirahət məkanında Çay evi də istifadəyə verilmişdir. Parkda mərmərlə üzlənmiş fəvvarə əraziyə xüsusi gözəllik verir.
Parkın yuxarı tərəfində iri postament üzərində Ana heykəli ucaldılıb.

Prezident İlham Əliyev Ana abidəsinin önünə gül dəstəsi qoydu.
Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verib.

***

İlham Əliyev həmçinin Bayraq Meydanında və Nüşabə parkında şəraitlə tanış olub.