Prezident: “Biz təcavüzün qurbanıyıq”

prezident-biz-tecavuzun-qurbaniyiq
Oxunma sayı: 706



Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu ilə görüşüb. İlham Əliyev və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bir qədər öncə birgə mətbuat konfransı keçiriblər.
Jurnalistlər Azərbaycan prezidentindən bir qədər əvvəl Strasburqda AŞ PA-nın plenar iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatına münasibət bildirməsini xahiş ediblər. Qeyd edək ki, Serj Sarkisyan Azərbaycanda ermənifobiyanın olduğunu deyib. İlham Əliyev jurnalistlərə cavabında bildirib ki, o, əvvəllər bu barədə heç vaxt eşitməyib. "Bu əgər belədirsə, çox təəssüf edirəm. Çünki Xocalıda Azərbaycan sakinlərinə qarşı hərbi əməliyyatlarda şəxsən iştirak edən şəxs Azərbaycanda ermənifobiya haqqında danışırsa, bu çox gülüncdür”.

Azərbaycan prezidenti bəyan edib ki, məhz azərbaycanlılar təcavüzün qurbanlarıdır: “Torpaqlarımız işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. 700 min azərbaycanlı Dağlıq Qarabağın inzibati sərhədi çərçivəsindəki ərazilərdən məcburi şəkildə qovulub. Əlbəttə ki, bu insanlar geri qayıtmaq istəyirlər və bu onların fundamental hüququdur”.

Prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı ölkə tərəfindən sual altına alınmamalıdır: “BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Əlbəttə ki, bu münaqişədə Ermənistan və Azərbaycanın münasibəti fəqlidir. Azərbaycan Ermənistanın ərazisinin hər hansı santimetrini də işğal etməyib. Azərbaycan torpaqlarının 20 faizi isə işğal altındadır. Biz bu təcavüzün qurbanıyıq. Ona görə görə də bizim cəmiyyətin əhval-ruhiyyəsi Ermənistan cəmiyyətinkindən fərqlidir. Buna görə də prezident Barrozu və dünyanın aparıcı ölkələrinin liderlərindən status-kvonun dəyişdirilməsinin vacibliyini eşidəndə bu həvəsləndirici andır. Status- kvonun dəyişdirilməsi vəziyyətin dəyişidirilməsi və işğalın başa çatması deməkdir”.

Madrid prinsiplərinə gəlincə, prezident deyib ki, Azərbaycan bir neçə il əvvəl bu prinsipləri danışıqlar bazası kimi qəbul etdiyini bəyan edib: “Ermənistanın da eyni addımı atacağına ümid edirik. Bu prinsiplər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün bərpasını, eyni zamanda Dağlıq Qarabağ xalqının özünü idarəsini təmin edir. Bu qəbul edilsə, sülhə doğru yol olacaq. Bizim regionda sülhə nail olmaq üçün xalqımızın öz torpaqlarına qayıtmağı ilə bağlı fundamental hüquqlara malik olmasını istəyirik. Sonra isə Cənubi Qafqazda vəziyyət dəyişəcək. Bu, regionda yeni pozitiv dinamik vəziyyət yaradacaq. Bütün xalqlar və ölkələrin firavanlığına yol açacaq”.