Prezident əmr etsə...

prezident-emr-etse
Oxunma sayı: 652

Folklor yaradıcılığında öncül xalqlardan olan və bəzi folklor nümunələri bəsit və mənasız olan xalqımızın son illər yaratdığı bu deyimlərə biri də əvəz olunur. Yeni yaradılan folklor nümunəmizin mahiyyətini açmazdan əvvəl bəzi detalları diqqətinizə çatdırım.

Bu yaxınlarda “Qarabağ probleminə sadə Azərbaycan vətəndaşının indi münasibəti necədir” deyə bir video-sorğu keçirdim. Müxtəlif suallar qoyulmuşdu. Amma onlardan ikisini diqqətinizə çatdırım.

1) Yaranmış situasiyada çıxış yolunu nədə görürsünüz?
2) İki xalqın dinc yanaşı yaşaması üçün nə lazımdır?

Hər iki suala çox aqressiv, çox aqressiv, tolerant və çox tolerant cavablar verildi. Amma bu cavablar arasında ən çox diqqətimi çəkən bu oldu:

Birinci sualın cavabı: “Əgər sülh yolu ilə olmasa, biz Ali Baş komandanımızın əmri ilə torpaqlarımızı azad edəcəyik. Mən uzun illər hərbidə olmuşam. Əgər bu gün Ali baş komandanın əmri olsa, canla-başla mən döyüşlərə başlamağa hazıram”.

İkinci sualın cavabı: “Əgər Azərbaycan Respublikası Prezidentinin bir yerdə yaşamaqla bağlı hər-hansı tövsiyələri, sərəncamı olarsa və ermənilər də bizimlə birgə yaşamağa razılaşarlarsa, yəqin ki, bunun nəticəsində birgə yaşamaq mümkün olar”.

Bu cavablara şərh vermək istəmirəm. Şərh məsələsi qalsın Sizin ixtiyarınıza. Amma ikinci sualın cavabını bir yox, iki yox, dəfələrlə oxuyun. Deməli əmr olsa ermənilərlə barışa bilərik.

Bu dəhşətli cavab öz yerində idi isə başqa bir müşahidəmi Sizinlə bölüşmək istərdim.

Son vaxtlar Qarabağ məsələsinə münasibətdə cəmiyyətimiz iki qütbə bölünüb. İfrat radikallar və ifrat liberallar. Bir tərəf “asmaq”, “kəsmək”, “qan töküb ad çıxarmaq”, digər tərəf isə “çiçək dərib düşmən avtomatının lüləsinə taxmaq” iddiasındadır. Kim deyər onlardan hansı haqlıdır?

Heç biri.

Çünki onlardan heç biri bu sözü niyə dediyinin, qarşısında kimin durduğunun fərqində deyil.

“Asmaq”, “kəsmək”, “qan töküb ad çıxarmaq” tərəfdarları təbliğat maşınının qurbanlarıdır. Onların nə asmağa, nə kəsməyə, nə də qan töküb ad çıxarmağa qabiliyyəti yoxdur.

“Çiçək dərib düşmən avtomatının lüləsinə taxmaq” istəyənlərin də niyyəti ancaq kiminsə xoşuna gəlmək özünü müasir, azad, sivil, Avropa dəyərlərini dərk edən biri olduğunu göstərməkdir.

Ən dəhşətlisi isə hər iki qütbdə qeyri-səmimilərin dominant olmasıdır. Bundan da dəhşətlisi onlar “asmaq” və “kəsmək”, “avtomatının lüləsinə çiçək taxmaq” istədiklərinin kim olduğunu bilmirlər. Onlar düşməni tanımadan ya onun başını kəsmək, ya da onunla can bir qəlbdə yaşamaq istəyirlər.

Bir millət olaraq düşmənin kim olduğunu anlamadan, tanımadan ona münasibətdə heç vaxt düzgün qərar çıxara bilməyəcəyik. Və ancaq əmr gözləyəcəyik. Ya dalaşmaq üçün, ya da barışmaq üçün.

Əmr isə yoxdur ki, yoxdur!