“Prezident Kuboku”na nə qədər pul xərclənib?

prezident-kubokuna-ne-qeder-pul-xerclenib
Oxunma sayı: 645

Bakı Əyləncə Mərkəzində boulinq üzrə “Prezident Kuboku” Birinci Beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, mərasimi giriş sözü ilə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıb.

Daha sonra Azərbaycan Boulinq İdman Federasiyasının prezidenti Cavanşir Xəlilov, Ukrayna Boulinq Federasiyasının direktoru A.Papuşa, Litvanın ölkəmizdəki səfiri Kestusis Kudzmanas çıxış edərək yarışın təşkilatçılığından razılıq ediblər. Turnirin təşkilatçıları Azərbaycan Boulinq İdman Federasiyası (ABİF) və Gənclər və İdman Nazirliyidir.

ABİF-in vitse-prezidenti Cahangir Əlihüseynov “Qafqazinfo”ya verdiyi açıqlamada turniri növbəti illərdə də təşkil etmək istədiklərini bildirib: “Bu turnir Avropa Boulinq Federasiyasında qeydiyyatdan keçib və rəsmi status daşıyır. Azərbaycanla birgə burada 9 ölkənin komandası iştirak edir. Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Litva və Belarusdan 37 idmançı mübarizə aparacaq. Ümumilikdə isə yarışda 48 idmançı iştirak edəcək. Biz belə yarışlarla boulinqi Azərbaycanda inkişaf etdirməyə çalışırıq. Çünki bizdə həvəskar boulinqlə məşğul olanlar çoxdur, amma peşəkar idmançılar azdı. Biz onları artırmağa çalışırıq. Bugünkü yarışda 10 min dollar mükafat fondu var. Turnirin təşkilatçılığına 50 min dollardan çox pul sərf olunub. Biz bu turniri hər il keçirməyi planlaşdırırıq. Lakin maliyyə maddi cəhətdən problemimiz ola bilər. Gələn il nazirlik kömək etsə, yenə turnir keçirəcəyik”.

Qeyd edək ki, bu gündən start götürəcək “Prezident Kuboku” iyulun 8-dək davam edəcək.

Ceyhun Əhmədov