Prezident nazirləri topladı

prezident-nazirleri-topladi
Oxunma sayı: 670

Aprelin 16-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, iclasda çıxış edən İlham Əliyev bildirib ki, 2012-ci il uğurlu başlayıb: “Ölkədə ümumi daxili məhsul 0,5 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 7,7 faiz olub. Ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5 faiz artıb. Bu, müstəqillik dövründə rekord göstəricidir”.

Dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın 3,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14 faiz artdığını bildirib.

Prezident qeyd edib ki, bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur, icmal büdcə 25 milyard dollardır: “Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 milyard dollardan çoxdur”.

İlham Əliyevin sözlərinə görə, 2012-ci ilin birinci rübündə 24 min yeni iş yeri yaradılıb, onlardan 20 mini daimidir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan güclənir, ölkədə böyük hərbi sənaye potensialı yaradılır, ordunun qüdrəti artırılır.

İlham Əliyev ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı deyib ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalı, aqroservis şirkətlərinin sayı artırılmalı, ekoloji məsələlərin həlli diqqət mərkəzində saxlanılmalı, paytaxtın və digər şəhərlərin su-kanalizasiya problemi həll olunmalı, Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramının icrası davam etdirilməlidir. Bununla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin miqyası genişləndirilməli, Bakı şəhərinin inkişaf konsepsiyasına uyğun olaraq abadlıq-quruculuq işləri davam etdirilməli, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması, diaspor quruculuğu və islamafobiya meyillərinə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.