Prezident postu ləğv oluna bilər

prezident-postu-legv-oluna-biler
Oxunma sayı: 653

“Media forum” saytının məlumatına görə, ayətullah Xamneyi deyib ki, prezident postunun ləğv olunub baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmür: “Hazırkı şəraitdə ölkənin siyasi sistemi prezidentliyə əsaslanır. Prezident xalqın birbaşa səsi ilə seçilir. Bu isə yaxşı və təsirli bir üsuldur. Lakin uzaq gələcəkdə bir gün hiss olunsa ki, icra hakimiyyəti məsullarını parlamentin seçməsi daha səmərəli və məqsədə uyğundur, onda hazırkı sistem və vəziyyətin dəyişməsində heç bir problem yoxdur”.

Sentyabrın 21-də İran parlamentinin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlamışdı: “Son vaxtlar siyasi nəzəriyyəçilər arasında belə bir təklif ətrafında müzakirələr gedir ki, “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) nemətinə malik olan ölkəmizdə prezidentə ehtiyac yoxdur. Ölkədə icra hakimiyyətinə rəhbərliyi parlamentin seçdiyi baş nazir həyata keçirə bilər. Bu ideya o baxımdan önəm daşıyır ki, icra hakimiyyəti, onun rəhbəri deputatlar qarşısında cavabdeh ola bilər. Prezident postunun ləğv edilərək yerinə baş nazirin gətirilməsi təklifi haqda hazırda güclü siyasi imici olan deputatlar arasında danışıqlar gedir, məsələ hərtərəfli araşdırılır”.

1989-cu ildə İran İslam Respublikasının Konstitusiyasında dəyişiklik edilərək baş nazir postu ləğv olunub. 1979-cu ildə qurulan İran İslam Respublikasının sonuncu (beşinci) baş naziri hazırda ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi olub. O, 1981-ci ildən 1989-cu ilə qədər baş nazir vəzifəsində çalışıb.