Prezident qələbəsi əlindən alınan boksçulardan danışdı

prezident-qelebesi-elinden-alinan-boksculardan-danisdi-
Oxunma sayı: 662

“Azərbaycan sözün əsl mənasında, idman dövlətidir. London Yay Olimpiya Oyunları bunu bir daha təsdiqlədi, bir daha sübut etdi. Azərbaycan Olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya Oyunlarında qazanıb. Bu Olimpiya oyunlarında 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30-cu yeri tuta bilib. Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşdəki çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycan idmançıları 10 medal qazanıblar - ikisi qızıl, ikisi gümüş, altısı bürünc medal: ” Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Bu qələbə gözlənilən idi. Biz idmançıları Londona yola salarkən onlardan böyük ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin əsası var idi. Çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışıq. Əhali və ərazi baxımından bizdən bir neçə dəfə böyük olan ölkələri arxada qoyduq”.

Azərbaycan idmançılarının Londondakı çıxışını tarixi qələbə kimi dəyərləndirən dövlət başçısı daha sonra Azərbaycan dövləti və xalqı adından peşəkarlığını, Vətən sevgisini nümayiş etdirən bütün idmançılara minnətdarlığını bildirib: “Ümidvaram ki, bizi gələcəkdə də medallar, qələbələr gözləyir. Bu qələbələr bütün xalqımızı sevindirəcək. Medallar qazanmış idmançıları bu gün xüsusilə qeyd etmək istəyirəm. Bürünc, gümüş medallar qazanmış idmançıları və əlbəttə, bizim çempionları - Toğrul Əsgərovu və Şərif Şərifovu xüsusilə qeyd edirəm. Onlar doğrudan da xalqımıza sevinc bəxş etdilər”.

“Bütövlükdə, idmançılarımızın Olimpiya oyunlarında çıxışı çox uğurlu idi. İlk günlərdən biz artıq xəzinəmizə medal daxil edə bildik. Yəni, birinci medalı ilk günlərdə qazandıq. Ondan sonrakı günlərdə də biz medallar qazana bilmişik. Amma əlbəttə ki, bütün Azərbaycan xalqı qızıl medal gözləyirdi. Nəhayət, Olimpiadanın son günlərində bir gündə iki qızıl medal qazana bildik”, - Prezident deyib.

“Azərbaycan bu qələbəyə layiqdir”, - deyən İlham Əliyev bəyan edib ki, Azərbaycan güclü dövlətdir və güclü dövlətin güclü idmanı da olmalıdır: “Azərbaycanda çox güclü və mehriban idman ailəsi var. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələri şərtləndirdi. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - biz hamımız bu qələbələri təmin etmişik və əlbəttə ki, son sözü idmançılar döyüş meydanında deyirlər”.

“Mən çox şadam ki, idmanda proseslər çox müsbət istiqamətdə gedir. Ölkəmizin ümumi inkişafını idmanda gedən proseslər işıqlandırır. Sirr deyil, Olimpiya oyunları dünya miqyasında yeganə beynəlxalq mötəbər tədbirdir ki, ölkələr öz aralarında rəqabətə çıxırlar. Dünyada istənilən başqa sahədə əlbəttə ki, rəqabət var və Azərbaycan da bu rəqabətdə daim yüksəklərdədir. Ancaq bu rəqabət idmanda qabarıq şəkildə özünü göstərir. Bu rəqabət idmanda medalların sayı, ölkələrin müxtəlif yerləri tutması ilə müəyyən edilir. Təsadüfi deyil ki, hər bir ölkə istəyir ki, onun idmançıları daha da böyük qələbə qazansın, cədvəldə o ölkənin yeri daha da yuxarılarda olsun. Biz buna nail ola bilmişik. Otuzuncu yer Azərbaycan kimi o qədər də böyük olmayan ölkə üçün tarixi nailiyyətdir”, - dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev deyib ki, medalların sayı daha da çox ola bilərdi: “Çünki bəzi idmançılarımız medalların bir addımlığında dayanmışdılar. Onlar da medallara layiq idilər. Amma hamımız - həm idmançılar, həm ictimaiyyət yaxşı bilirik ki, bəzi hallarda hakimlərin ədalətsizliyi imkan vermədi ki, bəzi idmançılarımız daha da yüksək əyarlı medallara nail ola bilsinlər. Bütün bunlar gözümüzün qarşısında baş verən hadisələr idi. Ancaq idmançılarımızın həm peşəkarlığı, həm davranışı, həm ləyaqəti onlara olan hörməti daha da artırır”.

İlham Əliyev Azərbaycan boksçularının qələbələrinin əlindən alınmasına da toxunub: “Hamının gözü qarşısında əldə edilən qələbənin əlindən alınması da idmançılarımızı sarsıtmadı. Onların, necə deyərlər, duyğularına təsir etmədi. Onlar bu ədalətsiz qərarlara ləyaqətlə dözdülər. Əminəm ki, bütün o yarışları seyr edənlər gördülər ki, əsl qalib kimdir”.

İdmançılarımızın əksəriyyətinin gənc olduğunu deyən dövlət başçısının fikrincə, onların böyük gələcəyi var: ” Hakimlərin ədalətsizliyi ucbatından daha da yüksək medal ala bilməyən idmançılar, əminəm ki, növbəti yay Olimpiya oyunlarında bu ədalətsizliyi aradan götürəcək və ədaləti bərpa edəcəklər. Medallar qazana bilməyən, yaxud da ki, o qədər də yüksək nəticə göstərə bilməyən idmançılar da hesab edirəm ki, peşman olmamalıdırlar. Halbuki biz onlardan da qələbə gözləyirdik. Amma bu, idmandır. İdmanda məğlubiyyət də, qələbə də olur. Əsas odur ki, məğlubiyyət heç kimi ruhdan salmasın. İstənilən nəticəyə çatmayan idmançılar isə nəticə çıxarsınlar, gələcək yarışlara daha da inamla hazırlaşsınlar və güclərini gələcək yarışlarda göstərsinlər. Mən əminəm ki, belə də olacaq”.

“Azərbaycanda çox güclü gənc nəsil yetişir, o cümlədən idman sahəsində. Son 10 il ərzində 35 regional Olimpiya İdman Kompleksi tikilib ki, bizim uşaqlar, yeniyetmələr bu komplekslərdən səmərəli şəkildə istifadə edirlər. Yəni, idman infrastrukturunun yaradılması nəticəsində biz hər bir bölgədə idmanla məşğul olmaq üçün gözəl şərait yaratmışıq. Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər, yeniyetmələr. Təsadüfi deyil ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilib. Bu, dünya miqyasında çox böyük nəticədir. Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər arasında keçiriləcək yarışlarda da iştirak edəcəklər. Olimpiyaçılarımızın da əksəriyyəti gənclərdir. Bizim Olimpiya çempionumuz Toğrul Əsgərovun heç 20 yaşı yoxdur. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər ərzində yetişib, püxtələşib və artıq dünyanın bir nömrəli idman yarışının qalibləri olmuşlar. Yəni, bütün bu işlərin təməlində düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət dayanır”, - dövlət başçısı deyib.

Gənclərin idmana meylli olduqlarını bildirən İlham Əliyev deyib ki, Azərbaycanda idmana və xüsusilə, idmançılara hörmət, qayğı, dəstək gəncləri də, uşaqları da idmanla məşğul olmağa sövq edir: “Mən hesab edirəm ki, hər bir bölgədə, - bu, artıq reallıqdır, idmançılara daha da böyük diqqət və dəstək göstərilməlidir. Bizim olimpiyaçıların tərkibində bölgələrdən olan idmançılar da var. Olimpiya çempionumuz Toğrul Əsgərov bölgədən olan idmançıdır və fürsətdən istifadə edərək, bütün gəncəliləri Toğrulun qələbəsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. İstedadlı gənclərimiz hər bir rayonda, hər bir kənddə vardır. Seleksiya işləri düzgün aparılmalıdır, təlim-məşq toplanışları əlbəttə ki, müasir səviyyəyə çatmalıdır. Hesab edirəm ki, bu gün idman növlərinin əksəriyyətində bu, belədir. Əlbəttə ki, peşəkar məşqçilərin fəaliyyəti uğurlarımızı daha da artıracaq”.