Prezident Ramil Usubovla açılış etdi - Video

prezident-ramil-usubovla-acilis-etdi-video
Oxunma sayı: 682

“Qafqazinfo”nun AzerTac-a istinadən verdiyi məlumata görə, açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 13,5 hektar ərazidə salınan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, açıq və qapalı hovuzlar, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında müxtəlif iaşə obyektləri və digər istirahət guşələri yaradılıb. İnşa edilmiş bina və qurğuların ümumi sahəsi 30 min kvadratmetrdir. Mərkəzin su təchizatı məqsədi ilə artezian quyuları qazılıb. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılıb. Dəniz gəzintisi üçün xüsusi ərazi vardır. “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi bütün zəruri mühəndis-kommunikasiya və müasir işıqlandırma sistemləri ilə təchiz olunub. Mərkəzin ərazisindəki yollar da yenidən qurulub.

Əsas korpusla tanışlıq zamanı bildirilib ki, müasir memarlıq üslubunda inşa olunmuş yeddimərtəbəli binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır. Burada 328 yerlik yataq və istirahət otaqları yaradılıb. Binanın foyesində və birinci mərtəbəsində istirahət guşələri qurulub. Mərkəzdə müasir tələblərə cavab verən iaşə obyektləri inşa olunub. Müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik konfrans zalında hər cür şərait var. Burada fitnes və ən müasir idman avadanlığı quraşdırılıb, uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir.

Sonra İlham Əliyev mərkəzin otaqlarında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bütün otaqlarda istirahət üçün yüksək şərait var. Otaqlardan Xəzər dənizinə gözəl mənzərə açılır.

Daha sonra prezident mərkəzin ərazisini gəzib. Qeyd olundu ki, mərkəzin dənizə baxan hissəsində 160 kvadratmetr ərazidə dekorativ su hovuzu inşa olunub. Ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec tikilib. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulub. Mərkəzdə qonaqların istirahətinin yüksək səviyyədə təşkili məqsədi ilə sahilə yaxın ərazidə ilin müxtəlif mövsümlərində iaşə obyektləri fəaliyyət göstərəcək. Bu istirahət guşələri də müasir standartlar səviyyəsində qurulub. Dəniz gəzintisinə çıxmaq istəyənlər qayıqlardan istifadə edə biləcəklər. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.

Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən İ. Əliyev kollektivi təbrik edib, uğurlar arzulayıb.