“Prezident seçkilərində Rəsul Quliyevin liderliyi ilə iştirak edəcəyik”

prezident-seckilerinde-resul-quliyevin-liderliyi-ile-istirak-edeceyik
Oxunma sayı: 683

Bu məlumatla bağlı ACP sədri Vaqif Mahmudovla danışdıq. V.Mahmudov xəbəri təsdiqlədi və bildirdi ki, onlar artıq təşkilatlanmağa başlayıblar: “Əslində biz bu qənaətdəyik ki, siyasi partiya daim aktiv olmalıdır. Çünki cəmiyyət hər zaman partiyalardan baş verən ictimai-siyasi hadisələrə adekvat reaksiya verməyi gözləyir. Eyni zamanda partiya hər bir yaranmış vəziyyətdə proseslərə təsir etməlidir. Lakin təəssüflər olsun ki, yaranmış vəziyyətdə heç bir partiya bu hərəkətləri edə bilmir. Müəyyən səbəblərdən və yaranmış situasiyadan asılı olaraq 2008-ci ilin sonlarından ACP-nin fəaliyyətində durğunluq yaranmışdı. Biz bu vəziyyətdə davam edə bilməzdik və nəhayət, təşkilatlanmağa başlamışıq. Siyasi təşkilatın işi əlbəttə ki, yalnız bəyanat verməkdən ibarət olmamalıdır. İctimai hadisələrə uyğun reaksiya vermək, ayaqda olmaq, həmçinin prezident, parlament, bələdiyyə seçkilərində iştirak etmək və müəyyən nəticələr göstərmək də partiyanın prioritetləri sırasındadır. Bu gün parlamentdə müxalifət yoxdur. Bizim əsas məqsədlərimizdən biri odur ki, Azərbaycanda digər real müxalifət qüvvələri ilə birlikdə demokratiya uğrunda həqiqi mübarizə aparaq. İstəyirik ölkədə elə vəziyyət yaradaq ki, müxalifət yuxarıda qeyd etdiyim hüquqları əldə edə bilsin. Mövcud şəraitdə insanları inandırmaq mümkün deyil ki, hansısa seçkidə uğur qazana bilərik. Ona görə də öncə situasiyanı dəyişməliyik. Bu istiqamət üzrə fəaliyyət proqramımızı qurub digər siyasi partiyalarla birlikdə addımlar atmağa çalışacağıq”.

Aktiv fəaliyyətə keçməklə bağlı konkret hansı addımları atacaqlarına gəlincə, V.Mahmudov bildirdi ki, ilkin olaraq partiya üzvləri fəallaşdırılır: “Bir müddətdir onlar proseslərdən kənarda idilər. Biz onlarla ilkin müzakirələr, danışıqlar aparırıq. Bundan sonra cəmiyyətə yönəlik açıqlamamız olacaq. Biz elan edəcəyik ki, yalnız firqə maraqlarından çıxış edib fəaliyyət göstərmək istəmirik, cəmiyyətin müxtəlif kəsimlərinin qatıldığı bir prosesə başlamaq niyyətindəyik. Hələlik konkret addımlarımız müəyyən edilir. Konfransımız zamanı bunlar barədə mətbuata geniş açıqlama verəcəyik”.

V.Mahmudov dedi ki, ACP-nin konfransı noyabrın sonları, dekabrın əvvəllərinə planlaşdırılır: “Ona qədər mövcud olan rayon şöbələrimizin tədbirlərini keçirəcəyik, prosesə yerlərdən başlayacağıq. Təbii ki, fəaliyyət proqramımız üzərində ciddi işləməliyik, hər bir üzvümüz bundan məlumatlı olmalıdır. Çünki 2000-ci illərin əvvəllərindəki, ortalarındakı siyasi şərait və reallıqlarla müqayisədə indi vəziyyət tamam başqadır. Biz indiki şərtlərə uyğun fəaliyyət quracağıq. Nəyi etmək mümkündürsə, onu da edəcəyik”.

Qeyd edək ki, ötən bir neçə ildə ACP-dən xeyli tanınmış simalar - Akif Şahbazov, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mahir Əsədov və sair - uzaqlaşıblar, yaxud fəaliyyətlərini dondurublar. Onlar mübarizənin növbəti mərhələsində Rəsul Quliyevin lideri olduğu partiyanın sıralarında olacaqlarmı? Həmin adamlarla iş gedirmi? Həmçinin partiyada yeni simalar olacaqmı?

ACP sədri dedi ki, partiyadan xaric edilən şəxslərdən başqa adları qeyd edilən və edilməyən şəxslərin partiyada fəaliyyətinə kimsə qadağa qoya bilməz: “Onlar bizim partiyanın üzvləridir və iştirak edə bilərlər. Biz onlara da çağırış edəcəyik, buyurub gəlib fəaliyyətlərini davam etdirsinlər. Həmçinin yeni simalar da olacaq. Hələlik isə adlar çəkmək istəməzdim. Konfransda hər şey açıqlanacaq”.

V.Mahmudov dedi ki, aktiv fəaliyyətə başlamaqla əlaqədar partiya lideri Rəsul Quliyevin özünün də bəyanatının, yaxud çağırışının olacağı istisna deyil: “Lakin hələlik bu barədə partiyanın İdarə Heyətində müzakirə olmayıb. Biz təkcə bəyanat verməyi düşünmürük. Real fəaliyyətimizi hiss etdirməyi qarşımıza məqsəd qoymuşuq. İlk növbədə partiyalarla görüşlər keçirəcəyik, dəyirmi masalar, forumlar, konfranslar təşkil edəcəyik. Bundan başqa, insanların arasında olacağıq, ən müxtəlif vasitələrlə əhali arasında öz fəaliyyət proqramımızı diqqətə çatdıracağıq. Rəsul Quliyev öz tərəfindən işimizin daha da uğurlu alınması üçün aktivlik göstərir, müəyyən planları var”.

Partiyanın bir neçə illik taym-autdan sonra məhz 2011-ci ilin sonunda konfrans keçirib 2012-ci ildən aktiv fəaliyyətə keçmək niyyəti belə bir qənaət yaradır ki, ACP 2013-cü il seçkilərində iştirak etmək niyyətindədir. V.Mahmudov bu barədə geniş danışmasa da, müəyyən mesajlar verdi: “Bu istisna deyil. Təbii ki, siyasi təşkilatın istənilən seçkilərdə iştirak etmək hüququ var. Bu, Rəsul Quliyevin də hüququdur. Hələlik Rəsul Quliyevin özünün seçkilərdə iştirak edib-etməyəcəyi bizə bəlli deyil. Amma biz siyasi partiya olaraq bunda maraqlıyıq ki, 2013-cü il seçkilərində Rəsul Quliyevin liderliyi ilə iştirak edək. Rəsul Quliyev bizə partiyanın fəaliyyətində sərbəstlik verib. Amma heç şübhəsiz biz mütəmadi olaraq Rəsul Quliyevlə əlaqə saxlayırıq, müzakirələr aparırıq, məsləhətlərini alırıq və işlərimizi koordinasiya olunmuş şəkildə həyata keçiririk”.