“Prezident yenə İlham Əliyev olacaq” - Proqnoz

prezident-yene-ilham-eliyev-olacaq-proqnoz-
Oxunma sayı: 697





Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun “Qafqazinfo”ya müsahibəsi

- 2013-cü il prezident seçkilərinə iki il vaxt qalmasına baxmayaraq, indidən cəmiyyətdə bu prosesə böyük maraq hiss olunur. Siz vəziyyəti necə qiymətləndirirsiniz?
- Cəmiyyətin siyasi proseslərə diqqət yetirməsi yaxşı haldır. Möhtərəm prezidentimiz hələ 2008-ci ildə seçilən zaman hər bir azərbaycanlının prezidenti olacağını demişdi və bu gün o, gördüyü işlərlə həmin verilmiş sözə tam cavab verib. Həqiqətən də bu gün hər bir azərbaycanlı onu öz prezidenti hesab edir. Son illərdə görülən işlər, iqtisadi inkişaf, təkcə Bakıda deyil, regionlarda da quruculuq-abadlıq işləri, əhalinin maddi vəziyyətinin günü-gündən yüksəlməsi, əmək haqlarının artması bir daha əsas verir deyək ki, Azərbaycan xalqının 2013-cü ildə bir seçimi var, o da prezident İlham Əliyevdir. İkinci və üçüncü insanın prezidentliyə namizədliyindən söhbət gedə bilər, lakin xalq İlham Əliyevdən başqa heç kimə səs verməz.

- Buna tam əminsiniz?
- Tam əminliklə deyirəm. Mən xalqın içərisində olan adamam, insanların nə danışdıqlarını eşidirəm və onların fikirlərinə əsaslanaraq, bu fikri tam əminliklə deyirəm. Bəli, Azərbaycan xalqının bütün kateqoriyadan olan nümayəndələri akademikindən tutmuş sıravi insanına qədər hamının fikri ancaq və ancaq İlham Əliyevin üzərindədir.

- Amma bunun tam əksi olan bəyanatlar da səslənir. Məsələn, İsa Qəmbər 2013-cü il seçkilərinin iqtidar üçün elə də asan olmayacağını və seçkiyə hazırlaşdığını deyib.
- İsa Qəmbərin ağlı 1992-ci illərə gedir. İnqilab edib hakimiyyətə gəlmək... Artıq bu inqilab dövrləri keçib. Çox yaxşı bir haldır ki, onlar hakimiyyətdə olub və Azərbaycan xalqı İsa Qəmbərin kim olduğunu görüb. Digər müxalifət partiyalarının Azərbaycan xalqına tutduğu divan hələ xalqın yadından çıxmayıb. Yeni nəsil belə tarixdən bunları bilir, istər yaşlı, istərsə də gənc nəsil bunlara inanmaz. İsa Qəmbər kimi müxalifətdə olan insanların vaxtı çoxdan keçib. Onların heç bir siyasi durumu, siyasi dayaqları yoxdur, buna görə də onlar sadəcə olaraq, Corc dayılarıdır kimdir, onlardan nə isə almaq üçün bu fikirləri ortalığa atıb maddi vəsait əldə etməyə çalışırlar. İsa Qəmbər bu xalqı düşünsəydi, Wikilieaks saytında onun keçirdiyi görüşlərlə bağlı açıqlanan teleqramlarda bir dəfə də olsun Dağlıq Qarabağın adı çəkilərdi. Həmin görüşlərdə Qarabağ haqq ında məsələ qaldırardı.

- 2013-cü il prezident seçkiləri ilə bağlı siyasi aktivlik konkret nə zamandan başlaya bilər?
- Buna hələ iki ilə qədər vaxt var. Seçki ilinin ortalarından, təxminən may ayından bu məsələlər başlayır. Prezident İlham Əliyev 2008-ci il seçkilərində təbliğatla özü bir o qədər də məşğul olmadı, lakin Yeni Azərbaycan Partiyasının (YAP) fəalları olan bizlər bununla məşğul idik. Bu onu göstərir ki, o, özünə arxayın idi. Bütün insanlara inanırdı, insanlar da ona. Təbliğata qarışmasa da belə Azərbaycan xalqı düşünülmüş, ağıllı bir şəkildə onu prezident seçdi. Azərbaycanda o qədər böyük inkişaf gedir ki, bunu bizim gözü götürməyən müxalifətdən olan insanlar tərsinə danışır. Bütün dünyadan gələn qonaqlar Azərbaycana baxıb həsəd aparırlar ki, Bakı, rayonlar necə gözəldir. Bütün rayonlarda çox yüksək səviyyədə abadlıq-quruculuq işləri gedir və xalq da bunu dəstəkləyir. Ona görə də, xalqımız öz prezidentinə inanır, Azərbaycan xalqının sağlam qüvvələri, ictimai-siyasi həyatın bütün sahələrində müxalifətdən başqa heç kəs prezident axtarmır. Bizim prezidentimiz var, o, İlham Əliyevdir və gələcəkdə də İlham Əliyev olacaq.