“Prezidentin bu qədər diqqətinə baxmayaraq...”

prezidentin-bu-qeder-diqqetine-baxmayaraq
Oxunma sayı: 641

Bu fikirləri “Qafqazinfo”ya verdiyi açıqlamada Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib. İdmançılarımızın London Olimpiadadakı uğursuz çıxışına münasibət bildirən Azay Quliyev günahın elə idmançıların özündə olduğunu düşünür: “Azərbaycan ictimaiyyəti həmişə idmançılarımızdan böyük nəticələr gözləyir. Xüsusilə, Olimpiada kimi mötəbər yarışlarda bu gözləntilər daha böyük olur. İdmançılarımız belə turnirlərdə həmişə fəal olublar. Səbəb bəllidir. Çünki ölkəmizdə idmana böyük qayğı göstərilir. Azərbaycan prezidenti cənab İlham Əliyev hər zaman idman infrastrukturlarının inkişafına, yüksək səviyyəli Olimpiya İdman Komplekslərinin yaradılmasına diqqət göstərib. Lakin London Olimpiadasında idmançılarımız bu diqqətin qarşılığını vermədilər. Nəticələrimiz idmançılara yaradılan şəraitlə uzlaşmır. Xüsusilə, Elnur Məmmədli kimi qızıl medal gözlədiyimiz idmançının ilk mərhələdə uduzması şok effekti yaratdı. Bunun səbəbləri ilə bağlı bəzi analizlər aparmaq olar. Uğursuzluqda ən böyük məsuliyyət idmançıların üzərinə düşür. Hamımız Elnur Məmmədlinin Olimpiadadan əvvəl çəkilmiş videosuna baxdıq. O orada etiraf edir ki, “məşqlərə getmirdim, yatıb qalırdım, məşqçi isə mənim ərköyünlüyümə göz yumurdu”. Bu, çox anormal haldır. Bu həm məşqçinin, həm idmançının günahıdır, böyük məsuliyyətsizlikdir. Qazaxıstanlı idmançı İlya İlyin Pekin Olimpiadasında ağırlıqqaldırma üzrə 226 kq ilə Olimpiya rekordu qırmışdı. London Olimpiadasında isə o, 233 kq qaldırdı və rekordu təzələdi. Görün bu idmançı nə qədər məsuliyyətlidir. Biz Elnurdan da, digər idmançılarımızdan da bunu gözləyirdik. Lakin bizim idmançılarımız titul qazandıqdan sonra şöhrət gözlərini bağlayır”.

Milli Məclisin deputatı Olimpiya yığmamızda legionerlərin çoxluğu haqda da danışıb: “Bəzən Olimpiadaya gedən legionerlərimiz haqda da söz-söhbətlər olur. Onların sayının çox olduğunu deyirlər. Düzdür, elə idman növləri var ki, bizim bu növlərdə ənənəmiz var. Boksu, güləşi misal gətirə bilərəm. Bu idman növlərində yerli idmançılarımızın olması yaxşıdır. Amma bu bütün növlərə aid deyil. Fikir verin, bu il qazandığımız 5 medaldan 3-nü legionerlər qazanıb. Bu səbəbdən bu məsələyə ümumi yanaşmaq düzgün deyil. Legioner ya yerli olmasından asılı olmayaraq hər bir idmançıya fərdi dəyər vermək lazımdır”.

Azay Quliyev uğursuz nəticələrin daha bir səbəbini Olimpiya komplekslərindən düzgün istifadə olunmamasında görür: “Azərbaycanda idman infrastrukturları kifayət qədər inkişaf edib. Lakin onlardan lazımi səviyyədə istifadə edilmir. Ölkəmizin hər bölgəsində yüksək şəraitli Olimpiya Kompleksləri açılır. Lakin onlardan düzgün istifadə etmirlər. Bu məsələ, belə laqeyd münasibət həmin rayonların icra hakimlərini, ümumiyyətlə, dövlət qurumlarını narahat etməlidir”.

A.Quliyev idmançılara verilən mükafatın həddən artıq olduğunu bildirib: “Olimpiya çempionu olan, medal qazanan idmançılara bizdə hər cür şərait yaradılır. Evlə, maşınla, böyük pul mükafatı ilə təmin olunurlar. Bunlar ona görə edilir ki, idmançılarımız həvəslənsinlər və daha böyük uğurlar qazansınlar. Lakin onlar, əksinə, geriləyirlər. Sanki idmançıların bütün məqsədi pul qazanmaq imiş. Düzdür, bu idmandır, məğlubiyyət də olar, qələbə də. Ancaq bizim idmançıların bəziləri elə uduzdu ki, bu, biabırçılıqdan başqa bir şey deyil. Uduzanda da gərək mərdi-mərdanə uduzasan. Daha belə yox. Bütün bu sadaladıqlarım uğursuz nəticələrə səbəb olan amillərdir. Bunlar araşdırılıb aradan qaldırımalıdır”.

Ceyhun Əhmədov