Prezidentin fikirlərinə REAL-dan - reaksiya

prezidentin-fikirlerine-real-dan-reaksiya-
Oxunma sayı: 666




Oktyabrın 30-da Ucar rayonunda çıxış edən prezident İlham Əliyev Azərbaycanın xarici siyasəti haqqında danışarkən, balanslaşdırılmış xarici siyasətin tənqidçilərinə belə cavab verib. “Özlərini ekspert adlandıran insanlar bəzi hallarda həm ölkə daxilində, həm də xaricdə bizim xarici siyasətimizlə bağlı müxtəlif fikirlər səsləndirirdilər. Bəzi hallarda tənqidi xarakterli fikirlər səsləndirirdilər ki, Azərbaycanın tarazlaşdırılmış siyasəti yanlış siyasətdir. Yeganə düzgün siyasət Azərbaycan siyasətidir. Bu, balanslaşdırılmış siyasət deyil. Mən bunu bir daha demək istəyirəm ki, bu, müstəqil siyasətdir. Biz müstəqil ölkə kimi özümüzə hörmət edirik, xalqımıza, dövlətimizə hörmət edirik. Siyasətimizi yalnız Azərbaycan xalqının maraqları üzərində qururuq. Ona görə xarici siyasətlə bağlı bundan sonra əminəm ki, fikir ayrılığı olmayacaq” .

“Qafqazinfo”nun məlumatına görə, REAL hərəkatının həmsədri İlqar Məmmədov bəyanata münasibətini açıqlayıb. O, deyib ki, Azərbaycanın BMT TŞ-na üzv seçilməsi günü bildiriblər ki, balanslaşdırılmış siyasətin qüsurları indi daha da aydın şəkildə üzə çıxacaq: “Elə də oldu. Xatırlatmaq istərdik ki, REAL hərəkatı balanslaşdırılmış xarici siyasətin daim ən fəal tənqidçisi olub – həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən saysız-hesabsız konfrans və toplantılarda, dərc edilən yazılarda. Bu siyasətin dəyişdirilməsinə dair təkliflərimiz dəfələrlə mediada səsləndirilib, ictimai müzakirə mövzusu kimi indi də gündəmdədir. Odur ki, xarici siyasətin tərifinə İlham Əliyev tərəfindən yeni eyhamın gətirilməsini sistematik əməyimizin nəticəsi kimi dəyərləndiririk. Lakin müzakirə davam etdirilməlidir. Sadəcə eyham dəyişikliyi yetməz. Müstəqil siyasət məzmunla doldurulmaq üçün uğurlu söz ola bilər, lakin hər şeyi söz deyil, əməl müəyyən edəcək. İstənilən halda, balanslaşdırılmış siyasətin sonu bizi qismən də olsa razı salır və iqtidarla bütün sahələrdə olduğu kimi, bu sahədə də qiyabi deyil, birbaşa debatlara hazırıq” .