Prezidentin pulu

prezidentin-pulu
Oxunma sayı: 646

İlham Əliyev dəfələrlə Azərbaycanın bir nömrəli problemi adlandırdığı Qarabağ münaqişəsindən mütləq danışmalıdır. Bundan başqa, Azərbaycan cəmiyyətində sosial ədalətsizlikdən boğaza yığılmış vətəndaşların qəzəbini sakitləşdirmək üçün Qarabağ münaqişəsi ən yaxşı məlhəmdir. Və sairə və ilaxır.

Prezident İlham Əliyev öz çıxışında belə bir fikir də səsləndirdi: “Tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaq. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız var. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcək”.

Bəli, Azərbaycan dövlətinin silah almaq üçün pulu kifayət qədərdir. Ölkənin müdafiə qüdrətini artırmaq üçün mümkün vasitələrdən istifadə əlbəttə ki, məntiqlə təqdirəlayiqdir. Amma...

Məsələ burasındadır ki, qarşı tərəfin, yəni Ermənistanın silah almağa pulu yoxdur. Amma ona silah hədiyyə olunur. Çünki, dünyanın idarəetməsini üzərinə götürən mərkəzlər Cənubi Qafqazda münaqişə vəziyyətində olan tərəflərdən birinin silahlanma baxımından digərini üstələməsinə, yəni balansın pozulmasına imkan verməyəcək. Bunun niyəsi gün kimi aydındır. Çünki indiki vəziyyətdə Azərbaycan uzanan münaqişəyə nöqtə qoymaq imkanı əldə edə bilər. Bu isə güc mərkəzlərinin marağında deyil.

Belə olan halda sual yarana bilər: Dünyanın güc mərkəzləri Cənubi Qafqazda silahlanmanın qarşısını almaq imkanına malik deyilmi?

Yəni onlar problemin qarşısını bu yolla da ala bilərdi.

Təbii ki, Cənubi Qafqazda silahlanmanın qarşısını almaq mümkündür. Amma...

Bu yerdə soyuq müharibə dövründə yaranmış situasiyanı yada salmaq istərdim. Məhz həmin dövrdə SSRİ Varşava müqaviləsi ölkələri ilə birlikdə, ABŞ isə NATO ölkələri ilə birlikdə sürətlə silahlanırdı. Həmin dövrdə xalq arasında deyirdilər ki, dünyada mövcud olan silah-sürsatla dünyanı dəfələrlə yerlə yeksan etmək olar . Həmin dövrün hər iki tərəfdən olan analitikləri isə söyləyirdi ki, silahın çoxlüğu sülhün təminatıdır. Əlbəttə ki, analitiklərin dediyində silahlanmanın əsaslandırılmasına hesablanmış təbliğat elementləri də vardı. Amma reallıq odur ki, bu iki güc arasında müharibə olmadı. Həmin dövrün bəzi analitiklərinin fikirlərinə görə, nüvə silahının yaradılması bəşəriyyəti üçüncü dünya müharibəsindən xilas etdi.

Qayıdaq Cənubi Qafqaza və konkret olaraq Qarabağ münaqişəsinə.

Bölgədə mövcud olan silahla indi nəinki Qarabağı, Azərbaycanın və Ermənistanın da böyük bir hissəsini viran qoymaq olar. İndi məhz bu qorxu müharibəni arxa plana keçirir. Təsəvvür edin, əldə olan silahlarla nələr etmək olar.

Belə çıxır ki, Azərbaycanın pulla aldığı və Ermənistana bağışlanan silahlar bölgədə sülhün təminatıdır. (?)

Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistanın sürətlə silahlanması bizim Qarabağa gedən yolumuzu bir qədər də uzadır.

Əslində bu, çox incə düşünülmüş bir siyasət, bir oyundur.
Bəs bu oyunu kim qurub?
Hazırda bunu söyləmək çox çətindir.
Amma bu oyunu pozmaq lazımdır, Qarabağa qayıtmaq xatirinə.
Üstəlik, pulunuz da cibinizdə qalar. Bu pula ehtiyacı olanlar çoxdur axı...