“Prezidentin sərəncamının icrası o səviyyədədir ki...” – Müsahibə

prezidentin-serencaminin-icrasi-o-seviyyededir-ki-musahibe
Oxunma sayı: 660

“Qafqazinfo” Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin müsahibəsini təqdim edir:


- ABŞ-a son səfəriniz zamanı bir neçə ştatda Xocalı ilə bağlı qətnamələr qəbul edildi. Buna necə nail olundu? Ümumiyyətlə, erməni işğalı və soyqırımla bağlı məsələləri Azərbaycanın xeyrinə necə dəyişmək olar?

- ABŞ-da artıq Azərbaycan və türk təşkilatları birgə iş aparıblar. Bu iş nəticəsində bir sıra ştatlarda Azərbaycanda insanlığa qarşı aparılan cinayətlər barədə məlumatlar yayılıb. Söhbət ilk növbədə Xocalıdan gedir. Azərbaycan ərazisinin işğalı və Ermənistanın ümumiyyətlə Cənubi Qafqaz bölgəsində sülh və sabitliyə qarşı olan təcavüzkar siyasəti barədə Amerika ictimaiyyəti məlumatlandırılıb. Artıq Azərbaycanın siyasəti yalnız ABŞ-ın federal sistemi, federal Senatı, Konqresi ilə deyil, Ştatların konqresləri, senatları, qubernatorları, şəhər şuraları səviyyəsində aparılmalıdır. Eyni zamanda Azərbaycan və Türkiyə icmalarının təşkilatları ilə aparılmalıdır. Azərbaycanın bir sıra təşkilatları Amerika ştatlarında fəaliyyətini qurub. Türkiyə təşkilatları bu istiqamətdə fəallaşır. Azərbaycan-Türkiyə təşkilatlarının işi koordinasiya edilməyə başlayıb. Səfərimiz zamanı bir sıra ştatların konqres və senatlarında çıxış etdik. Amerika-Azərbaycan münasibətləri, Azərbaycanın ABŞ üçün önəmi, Ermənistanın təcavüzü və hərbi cinayətlər barədə çıxışlarımızla ABŞ konqresmenləri və senatorlarını məlumatlandırdıq. Bu görüşlərin nəticəsi olaraq bəzi ştatlarda Azərbaycanla bağlı qətnamələr qəbul olundu. Bəzilərində artıq Xocalı ilə bağlı qətnamələr hazırlanır. Ümid edirik ki, bu proses davam edəcək. Biz ABŞ-ın bütün ştatlarında bu istiqamətdə işləri planlaşdırırıq. Səfərimiz ilkin addımlardan idi. Bununla yanaşı biz ABŞ-ın ən güclü lobbi təşkilatlarından olan yəhudi təşkilatlarının rəhbərləri ilə də görüşdük. Onlar da bizim fəaliyyətimizə dəstək verəcəklərini vəd etdilər. Artıq bu istiqamətdə bəzi işlərə başlayıblar. Bu istiqamətdə effektiv fəaliyyət, sözün işlə əvəz olunması ermənilərlə bağlı həqiqətlərin ABŞ ictimaiyyətinə qəbul etdirilməsinə gətirib çıxaracaq. Biz bu yolla həm işğal faktına, həm də Xocalı qətliamının qəbuluna beynəlxalq ictimaiyyətin ədalətli yanaşmanı təşkil edə biləcəyik.

- Azərbaycan-İran əlaqələrinə yenidən baxmaq lazımdırmı? İranın Azərbaycanla bağlı hazırkı mövqeyi sizi qane edirmi?

- Azərbaycan İranla bağlı siyasətini Avroatlantik məkana daxil olan ölkələrlə birlikdə aparmalıdır. İranın Azərbaycana qarşı haqsız təzyiqlərini görürük. İranın Ermənistanın təcavüzünə hərbi və siyasi cəhətdən dəstək verdiyini görürük. İran rejimi normal qonşuluq siyasətinə xələl gətirən addamlar atır. Azərbaycan da özünü müdafiə etmək üçün, İranın hücumlarından özünü sığortalamaq üçün bizə dost və müttəfiq olan ölkələrlə eyni siyasəti həyata keçirməlidir. Biz dəfələrlə Azərbaycan hökumətini bu istiqamətdə tənqid eləmişik. Azərbaycan beynəlxalq ictimaiyyətin İrana qarşı həyata keçirdiyi sanksiyalara dəstək verməlidir və bu istiqamətdə öz siyasətini formalaşdırmalıdır. İllərin təcrübəsi göstərdi ki, bizim dostluqla, normal münasibətlərlə bağlı mesajlarımıza adekvat cavablar verilmədi. İran öz qonşusunun torpağını işğal edən, müsəlman qardaşlarını öldürən Ermənistanı silahlandırmaq və ona hərtərəfli dəstək verməklə məşğuldur. Bunun müqabilində isə hər fürsətdə Azərbaycanla hədə tonunda danışır. Biz belə münasibətə layiq qonşu deyilik və İranın addımları adekvat qiymətini almalıdır.

- Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycan parlamentdəki çıxışı birmənalı qarşılanmadı. Siz onun çıxışını necə qiymətləndirirsiz?

- Saakaşvilinin çıxışına münasibətim birmənalı olaraq müsbətdir. Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı səviyyəsini də çox müsbət qiymətləndirirəm. Düşünürəm ki, bizim ölkələrimiz öz siyasətində məhz tərəfdaşlıq prinsiplərinə arxalanaraq bir çox nailiyyətləri əldə edib. Azərbaycan-Gürcüstan münasibətləri inkişaf etməlidir. Gürcüstan Azərbaycanla Türkiyə arasında çox önəmli körpüdür. Gürcüstan hər iki ölkə ilə müttəfiq olmağa çalışır, bunu da Saakaşvili açıq surətdə bizim ortaq layihələrimizlə bağlı fikirlərində ifadə elədi. Bizim tariximizin keşməkeşli dövrləri barədə fikirlərini bildirdi. Düşünürəm ki, bu çıxış yenə də Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyəsinə həsr olunmuşdu. Onun Azərbaycanın Gürcüstanla bağlı, müstəqilliklə bağlı, bizim maarifpərvər ziyalılarmızla, fikir adamlarımızla, Məmmədəmin Rəsulzadə ilə bağlı fikirləri tarixi reallıqları əks etdirir. Rusiyaya münasibətinə gəlincə, bu da onun şəxsi və təmsil etdiyi dövlətin münasibətidir. Biz sadəcə qonşularımızın münasibətlərindəki gərginliyin aradan qaldırılmasında, bu regionda sülhün, sabitliyin, əməkdaşlıq mühitinin yaranmasında maraqlıyıq.

- Beynəlxalq təşkilatların Azərbaycanla bağlı son dövrlərdəki hesabatlarını obyektiv hesab edirsizmi?

- Hər bir təşkilatın hesabatları onun öz informasiya mənbələri hesabına formalaşır. Bəzi təşkilatların hesabatlarında haqlı məqamlar var, bəziləri yanlış məlumatlar əsasında formalaşır. Buna görə birmənalı demək olmaz ki, hansısa təşkilat obyektiv yanaşıb, yaxud da kimsə qərəzli yanaşıb. Biz beynəlxalq təşkilatların ifadə elədiyi məqamlara diqqətlə yanaşmalıyıq. Ciddi araşdırmalıyıq. Haqlı olan məqamlara düzgün qiymət verib nəticə çıxarmalıyıq. Haqsız olan məqamların da yaranma səbəbləri araşdırılmalıdır və bundan nəticələr çıxarılmalıdır.

- Qubada baş verənlər sizcə nəyin təzahürü idi?

- Qubada baş verən hadisələr bilavasitə məmur özbaşınalığının nəticəsi idi. Biz dəfələrlə ölkədəki məmur özbaşınalığından danışırdıq və deyirdik ki, Azərbaycanın bəzi bölgələrində icra strukturlarının rəhbərləri özlərini orta əsr xanları kimi aparırlar. Onların fəaliyyəti demək olar ki, bir çox hallarda xalqın problemlərindən uzaq fəaliyyətdir. Şəxsi maraqlar əsasında qurulub. Və onların əhaliyə qarşı kobud, məmurun etik davranışlarına zidd olan hərəkətlərinə də xalq öz qiymətini verir. Ona görə də, düşünürəm ki, bu məsələlər çox ciddi müzakirə mövzusudur. Bu istiqamətdə ciddi araşdırmalar aparılmalıdır. Söhbət tək Qubadan getmir. Bizim digər bölgələrdə olan yeni, “21-ci əsrin xanlırı”nın etik davranışları ciddi araşdırılmalıdır və müvafiq administrativ qərarlar verilməlidir.

- Ombudsmanın korrupsiya ilə bağlı şikayətlərin artdığına dair fikirləri ilə razılaşırsızmı?

- Əgər ombudsman korrupsiya faktlarının artması ilə bağlı məsələni qaldırmağa məcbur olubsa, deməli, həqiqətən də bununla bağlı faktlar çoxalıb. Amma ombudsmanın da kifayət qədər səlahiyyətləri var ki, korrupsiya ilə mübarizəni axıra qədər araşdırsın, müvafiq orqanları xoşagəlməz halların aşkarlanıb cəzalandırılmasına cəlb etsin. Zənnimcə korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşımalıdır. Sistemli mübarizənin nəticəsində və bütün cəmiyyətin imkanlarının səfərbər olunması sayəsində biz hansısa köklü dəyişikliklərə nail ola bilərik. Korrupsiya ilə mübarizəyə hərtərəfli, ciddi dəstək olmalıdır. Bu prosesdə ombudsmanın da iştirakı müsbət haldır.

- 12 illik təhsil və repititorluq institutunun aradan qaldırılması ilə bağlı təhsil naziri Misir Mərdanovun dediklərinə qatılırsızmı?

- 12 illik təhsil məsələsi artıq dünya təhsil sistemində qəbul olunmuş amildir. Azərbaycan təhsilinin problemi təkcə repititorlardan və hansısa digər xırda problemlərdən ibarət deyil. Azərbaycanda ümumiyyətlə təhsil sisteminin köklü islahatlarına ehtiyac var. Biz dəfələrlə bu məsələləri parlamentdə qaldırmışıq və «Təhsil haqqında qanun»dan irəli gələn orta təhsil, ali təhsil, peşə təhsili, elm haqqında qanunların qəbulunun vacibliyinə toxunmuşuq. Təhsil sisteminin qanunvericilik bazasının möhkəmləndirilməsi və onun icra mexanizmlərinin tətbiqi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini bildirmişik. Əgər bu islahatlar aparılmasa, biz yeni nəsli peşəkar, savadlı, müasir dövrün tələblərinə uyğun olaraq yetişdirə bilməyəcəyik. Biz hətta bu istiqamətdə çox ləngiyirik. Təhsil sahəsinin məmurları prezidentin təhsillə bağlı verdiyi bir sıra sərəncamların həyata keçirilməsində ləng tərpənirlər, maneələr törədirlər. Söhbət ilk növbədə ali təhsildə Boloniya sisteminin real tətbiqindən gedir. Söhbət gənc azərbaycanlıların xaricdə təhsil almasından gedir. Hətta bunun üçün ayrılmış müvafiq vəsaitlər də aidiyyatı üzrə istifadə olunmur. Prezidentin sərəncamının icrası o səviyyədədir ki, biz o istiqamətdə inkişafı hiss eləmirik.

- “Eurovision” yarışması və Azərbaycan, həm ölkə, həm də xarici medianın sevimli mövzusuna çevrilib. Ümumiyyətlə “Eurovision” yarışması sizcə Azərbaycanın beynəlxalq imicinə necə təsir edəcək?

- “Eurovision” yarışması Azərbaycan mədəniyyətinin tanıdılması, ölkəmizdə dünya mədəniyyətinin inkişafı üçün çox gözəl hadisədir. Elə şərait yaranıb ki, yüz milyonlarla avropalının Azərbaycanı televiziya vasitəsilə yaxından tanıması üçün şərait yaranıb. Bu Azərbaycan mədəniyyətini, bizim paytaxtımızın gözəlliyini dünyaya çatdırmaq üçün çox yaxşı fürsətdir. “Eurovision”un dünyada həm Azərbaycanın pozitiv imicinin formalaşması üçün gözəl fürsət olduğunu düşünürəm. Ümidvaram ki, Azərbaycan bu tədbiri ləyaqətlə həyata keçirəcək və ölkəmizin mənfi mənada tənqid hədəfinə çevrilməməsi üçün əlindən gələni əsirgəməyəcək.