Prezidentin telekanallarla bağlı tənqidinə operativ - Reaksiya

prezidentin-telekanallarla-bagli-tenqidine-operativ-reaksiya
Oxunma sayı: 635

Prezident İlham Əliyev Nazirlər Kabinetinin aprelin 16-da ilin birinci rübünün iqtisadi yekunlarına həsr olunan toplantısında belə deyib. Azərbaycan televiziyalarındakı yemək proqramlarından danışarkən. Dövlət başçısı televiziyaların siyasətinə qarışmaq istəmədiyini söyləsə də, onlara məsləhət də verməyi unutmayıb: «İnsan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər».

Televiziyalar prezidentin məsləhətinə qulaq asacaqlarmı? Bu sualla üz tutduq yerli telekanallara:

«MENYUDA NƏ VAR?»

«Space» televiziyasında «Bizim mətbəx» verilişinin rəhbəri Səidə Mustafayeva sağlam qidaya üstünlük verdiklərini desə də, bu çıxışdan sonra menyuda dəyişiklik aparılacağını bildirdi. Ancaq görünür dəyişikliyin nə olacağını indilikdə onun özü də dəqiq təsəvvür etmir:

- Dəyişiklik deyiləndə nə nəzərdə tutulur? Pəhriz yeməklərmi? Mən baxmamışam həmin o verilişə.

- Prezident deyib ki, bəzi telekanallarda yağlı yeməklərin reseptlərini verirlər...


«XOŞUMA GƏLDİ Kİ, PREZİDENTİMİZ MƏTBƏXLƏ DƏ MARAQLANIR»

- Açığı bizdə elə yağlı yeməklər hazırlanmır. Baxır hansı millətin yeməyidir. Azərbaycan yeməkləri yağlı olur. Biz zeytun yağına, bitki yağlarına üstünlük veririk. Təbii ki, nəzərimizdə olacaq. Riayət də edəcəyik. Prezidentimizin ki, belə münasibəti var. Mən dünən eşitmişəm, doğrudan çox xoşuma gəldi ki, prezidentimiz mətbəxlə də maraqlanır. Mənə ləzzət elədi.

«PLOVA NECƏ KƏRƏ YAĞI VURMAYA BİLƏRƏM?»

- Amma belə başa düşdüm ki, milli yeməklərlə bağlı bu məsləhətə əməl etmək çətin olacaq.


- Çətindir. Milli yeməklərimiz o qədər gözəl və kalorilidir ki... Necə biz o yeməklərdə dəyişiklik edə bilərik? Plova mən necə dəyişiklik edə, az kalorili edə bilərəm, ya da kərə yağı yerinə bitki yağı vura bilərəm? Bizim plov, mentalitetimizə uyğun küftə bozbaş qəşəng yeməkdir və çox kalorilidir.

- Onda prezidentin tövsiyəsinə əməl etmək çətin olacaq?...


- Çətin olacaq deyəndə... Mümkün qədər əməl edəcəyik.

ANS televiziyasının «Günəbaxan» verilişi də menyusunu yenidən nəzərdən keçirə bilərmi? Aparıcı İlqar Mikayıloğlu deyir ki, müsahibə üçün gərək şirkət prezidentdən icazə alaq. Ondan sonra kartofdan da danışar, yağdan da... ANS Şirkətlər Qrupunun prezident və vitse-prezident dəstəyi qaldırmır.
Çarə qalır prezidentin müşaviri Mais Məmmədliyə. O da deyir ki, nə menyu hazırlayır, nə də baş aşpazdır. Sualı olan aparıcıya zəng vursun.

«Xəzər» televiziyasının «Nuş olsun» proqramının əməkdaşları isə gün boyu bizdən qaçırlar.

MEHMAN HÜSEYNOV: «TORT TORT KİMİ OLMALIDIR...»

«Azad Azərbaycan» televiziyasının «Süfrəmiz» verilişində hər həftə resept verən aşpaz Mehman Hüseynovla da danışa bildik. O, prezidentin fikirlərini əvvəl çaşqınlıqla qarşıladı. Məsələdən hələ hali deyildi. Amma xəbərdar olandan sonra dedi ki, prezident İlham Əliyevin dediklərinə əməl edəcəklər. Ancaq...

- Mən yeməyi bişirəndə deyirəm ki, nədən neçə qram gedir, norma əsasında gedir. Sırf reseptlə danışıram. Məsələn, aşa neçə qram gedirsə, ondan kənara çıxmıram. Mən elə yağlı eləmirəm axı.

- Amma elə yeməklər var zatən yağlıdır. Qoyun ətindən bişən yemək və ya dolma. Ona dəyişiklik etmək olarmı?


- Dolma onda yavan olar. Amma mən o gün konservləşdirilmiş ətdən yemək hazırlayırdım. Hədsiz yağlı idi, o, əlbəttə ziyan olacaq. Mən hətta o yağı qırağa qoydum.

- Şirniyyatlarda, tortda yağdan, kremdən istifadə olunur. Onu necə tənzimləmək olar?


- O, qaçılmazdır. Tort tort kimi olmalıdır. Qaymaqdan istifadə etmək olar. Amma «Ekler» pirojnasında kərə yağı, qatılaşdırılmış süd olmalıdır.

«YEMƏK BİŞİRƏNDƏ SORUŞACAM YAĞLI XOŞLAYIRSIZ, YAĞSIZ?»

- Bəs nə edəcəksiz? Verilişdə yağlı yeməklərdən qaçacaqsız, tutaq ki, «Ekler» pirojnası hazırlamaqdan, yoxsa əvvəl necə hazırlamışdız elə də davam edəcəksiz?


- Yox, çalışacam yağdan az istifadə edim. Bizim prezidentdir, başçımızdır, hər sözü qanundur.

- Amma deyirsiz k, yeməyə yağ qramla qoyulur. Az qoysaz, dadında hiss olunmayacaqmı?


- Yemək bişirəndə soruşacam ki, siz yağlı xoşlayırsız, yağsız?

«PREZİDENT SİYASİ VERİLİŞLƏRDƏN DANIŞSA YAXŞI OLARDI»

Natiq Cəfərli
Prezidentin çıxışı sosial şəbəkələrdə də müzakirəyə çevrilib. Köşə yazarı Şahvələd Çobanoğlu yazır:

«Mətbəx verilişləri bu tənqidə necə dözəcəklər? Ölkənin bütün restoranlarından yağı yığışdırırlar)))».

Başqa köşə yazarı Zamin Hacı yazır: «İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından: Təcili TV-lərdəki yemək proqramlarını bağlamaq lazımdır. Millət baxır o yeməklərə, başa düşür ki, onların heç birini yeyə bilmir».

«REAL»ın həmtəsisçilərindən biri Natiq Cəfərli isə deyir ki, prezident sağlamlıq baxımından bəlkə də doğru məsələyə toxunub. Amma bu haqda danışmaq prezidentin işi deyil. Onun fikrincə, yağlı yeməklərin sağlamlığa ziyanı haqda ölkənin baş kardioloqu, baş aşpazı, baş diyetoloqu danışsaydı, daha düzgün olardı:

«Prezident televiziyalarda siyasi, ictimai, iqtisadi mövzuda diskussiyaların olmamasından danışsa, belə verilişlərin təşviqinə çalışsa, daha yaxşı olardı».

***

Prezidentin telekanalları tənqid etməsini BURADAN oxuya bilərsiniz.

Azadlıq Radiosu