Prezidentin və ABŞ-ın hədəfi - O

prezidentin-ve-abs-in-hedefi-o
Oxunma sayı: 660

Bir həftə öncə çox az sayda tərəfsiz mətbuatın yayımladığı bir xəbər kimsə tərəfindən şərh edilmədi, maraqlı olmasına rəğmən hədəf tərəflərinin bəlli şəxslər olması xəbərin aktuallığını tezliklə itirməsi ilə nəticələnmişdi. Bu arada bildirim ki, tərəfsiz mətbuat dediyim zaman siyasi kəsimin hər iki kəskin tərəfindən, həm iqtidar, həm də müxalifət liderlərinin təsiri altında olmayan medya qurumlarını nəzərdə tuturdum.

Həmin xəbərin məzmunu prezident İlham Əliyevin təyyarədə bildirdiyi fikirlərlə bağlıdır. Əslində məlumatın mənbəyi “etibarlı” olduğundan onun həqiqiliyinə məndə şübhə yaratdı. Amma məqalənin varlığının özü belə məndə maraq hissi yaratmaya bilməzdi. Yazıda məni maraqlandıran hissəni sitat gətirirəm: ”...bu yaxınlarda xarici ölkələrə səfərlərin birində təyyarədə olarkən Azərbaycan müxalifəti ilə bağlı olaraq dövlət başçısı ilə Avropa Şurası Parlament Assamebeleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında müzakirə olub. Ölkədə gerçək müxalifətin olmasını arzulayan prezident hətta konkret olaraq siyasi partiya liderləri ilə bağlı da danışıb. «Dövlət başçısı mövcud siyasi liderlərin adını bir-bir çəkir, onların nə dediklərini, necə çıxışlar etdiklərini danışırdı. Hər kəs heyrət içindəydi. Hətta cənab prezident son zamanlar siyasi müxalifət düşərgəsində tanınmağa başlayan adamlar haqqında da danışdı. O, «Real» Hərəkatının təsisçisi olan İlqar Məmmədov barəsində bildirdi ki, İlqar məni faşist adlandırır, mən onun tənqidlərini, düşündüklərini necə qəbul edə bilərəm?

Daha sonra ənənəvi müxalifətdən danışdı. Bir-bir hər kəsin harada olduğunu dedi. Daha sonra parlamentdəki müxalifətlə bağlı da mülahizələrini dilə gətirdi. Dedi ki, daha bir zamanlar dəstək verib konstruktiv adı qoyduqları müxalifətlə işləməyin mənası yoxdur. Yalnız bir nəfəri - İqbal Ağazadəni tənqidlərində, çıxışlarında obyektiv olduğunu və onu gerçək müxalifət kimi qəbul etdiyini bildirdi...”.

Maraqlıdır, bir cümlə ilə prezident baş verə biləcək hər hansı bir fors major situasiyada hədəf lider göstərir – tənqid və çıxışlarında obyektiv olan İqbal Ağazadə. Bu hədəf eynilə ABŞ-nın hədəfi ilə üst-üstə düşür. Keçən seçkilərdən həmən sonra ABŞ rəsmiləri parlamentdə yalnız BİR müxalifətçinin olduğunu bəyan etdilər. Doğrudur, o zaman bir çoxları həmən BİR olaraq özlərini təqdim etmişdilər. Az qalsın Fəzail Ağlamalı da həmən birin özü olduğunu elan etsin, ancaq namüəyyənlik uzun çəkmədi. ABŞ rəsmən həmən BİRin İqbal Ağazadə olduğunu bildirdi və bütün müzakirələr yenə də sükutla yerini dəyişdirdi. Necə ki, yuxarıda qeyd etdiyim “təyyarə söhbəti” kimi... Niyəysə ən ciddi tərəflərin göstərdikləri hədəf cəmiyyətdə müzakirə olunmur.

İqtidar tərəfi anlayıram, “hər hansı bir dəyişiklik” və ya “fors-major situasiya” kimi ifadələri eşitmək belə istəməzlər. O ki qaldı bu haqda xəbər yayıb müzakirə açmaq... Bu olduqca irreal olardı.

Amma mən müxalif kəsimi anlamıram. Əminəm ki, həm prezidentin söhbətində, həm də ABŞ-ın seçki bəyanatında İqbal Ağazadənin deyil də, əlində mətbuatı olan digər bir siyasi qüvvə liderinin adı çəkilsə idi, bu gün həmin xəbərin aktuallığı böyük əks-səda doğurmuşdu. Bir gün “istefa”, səhəri gün “islahat” çağırışını utanmadan səsləndirən lideri dəstəkləyən kəsimin ümidləri puç olduqca mətbuatları da puçlaşır, ən az iqtidaryönlü qəzetlər qədər tərəfli, ucuzlaşmış olur...