Prokurorluq İmişlidəki həbslərlə bağlı xəbər yaydı

prokurorluq-imislideki-hebslerle-bagli-xeber-yaydi
Oxunma sayı: 714

Qurumun mətbuat xidmərindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, korrupsiya şəbəkəsi yaratmaqla uzun müddət dövlət büdcəsindən ayrılmış külli miqdarda ünvanlı sosial yardım vəsaitlərini mənimsəmə yolu ilə talamaqla məşğul olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin korrupsiya əməlləri ifşa edilib. Belə ki, İmişli rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə aparılmış araşdırmalarla müəyyən edilib ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları sosial yardım alan şəxslərin bank kartlarını özlərində saxlayaraq şəxsən və digər şəxslər vasitəsilə aylıq ödənişlərin bankomatlardan çıxarılmasını təşkil edərək külli miqdarda özgə əmlakını mənimsəyiblər.

2011-ci ilin sentyabrından 2012-ci ilin may ayınadək olan dövr ərzində keçirilmiş əməliyyat tədbirləri ilə “KapitalBank”ın İmişli rayonunda quraşdırılmış bankomatların kamera görüntüləri əldə olunub. Müəyyən edilib ki, 30-dan artıq şəxs, o cümlədən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları digər şəxslərə məxsus 3000-dən çox, bir sıra hallarda isə vəfat etmiş, yaxud ümumiyyətlə mövcud olmayan şəxslərin adlarına açılmış bank kartlarından istifadə edib və ayrılan külli miqdarda ünvanlı sosial yardım pullarını mənimsəyiblər.

Məhkəmənin müvafiq qərarı əsasında rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında, həmçinin mərkəzin əməkdaşlarının yaşayış evlərində axtarış tədbirləri keçirilərkən mərkəzin baş mühasibi Fuad Qarayev və digərlərindən rayon sakinlərinə məxsus, əksəriyyətinin üzərində məxfi kod nişanları qeyd olunmuş 817 ədəd sosial yardım alınması üçün istifadə olunan bank kartları aşkar edilərək götürülüb.

Fakta görə dələduzluq və vəzifədən sui-istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə mərkəzin direktoru Xəlilov Nazim Əfsər oğlu, mərkəzin baş mühasibi Qarayev Fuad Səhliyalı oğlu, mərkəzin əməkdaşı Xəmmədov Nizami Əlimusa oğlu və rayon sakini Əliyev Ramil Ramiz oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.