Proqram təqdim olundu

proqram-teqdim-olundu
Oxunma sayı: 642

Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyası Azərbaycan Respublikası prezidentinin fərmanı ilə təsdiq olunan Milli Fəaliyyət Proqramının təqdimatını keçirib. “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov deyib ki, Milli Fəaliyyət Proqramı ölkədə aparılan işlərin daha yüksək səviyyəyə çatdırılması üçün qəbul edilib.

O qeyd edib ki, proqram 6 fəsildən ibarətdir və bu fəsillər insan hüquqlarının müdafiəsi sahəsində tədbirləri əhatə edir. Birincisi, qanunvericiliyi əhatə edir. İkincisi, zəif təbəqələrin, qaçqın, məcburi köçkün, qadınlar, uşaqlar, insan alveri qurbanlarının hüquqlarının müdafiəsini əhatə edir. Çingiz Əsgərov deyib ki, korrupsiyaya qarşı mübarizə, məhkəmə qərarlarının icrasının təmin edilməsi, hakimlərin peşəkarlığının artırılması da Milli Fəaliyyət Proqramına daxildir. Proqramın dördüncü və beşinci fəsillər maarifləndirmə və beynəlxalq təşkilatlarla əməkdaşlığı nəzərdə tutur. Altıncı fəsildə isə Milli Fəaliyyət Proqramının icra mexanizmi göstərilib.

Azərbaycan Hüquqşünaslar Konfederasiyası rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mətbuatın bu məsələni ictimaiyyətin gündəmində saxlamasının zəruri olduğunu söyləyib. O, Proqram hazırlanarkən beynəlxalq təcrübəyə istinad olunduğunu bildirib: “Biz ATƏT, Avropa Şurası, BMT və dijər qurumlarla bu sahədə əməkdaşlıq edirik. Milli Fəaliyyət Proqrammı beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində, vətəndaş cəmiyyəti institutlarının, KİV-in iştirakı ilə həyata keçirilməlidir”.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvü Fazil Mustafa deyib ki, enerji resurslarına güvənən bir ölkənin belə Milli Fəaliyyət Proqramı qəbul etməsi çox mühüm səslənir: “İnsanların hüquq və azadlıqlarını bütün dövlət orqanları qarşısında həyata keçirilməsi ilə bağlı bütün məqamlar bu sənəddə əksini tapıb. Bütün vətəndaş cəmiyyəti institutları, media qurumları, siyasi partiyalar, vətəndaşlar praktik həyatda olan boşluqların doldurulması, problemlərin aradan qaldırılması istiqamətində təkliflərlə çıxış edə bilərlər. İcra orqanı kimi Milli Fəaliyyət Proqramında Milli Məclis göstərilib və bunu o qədər da doğru saymıram. Ombudsmana Milli Məclisin göstəriş verməsi məqbul olmaz. Bu, hakimiyyət bölgüsü prinsipinə uyğun gəlmir”.

Fazil Mustafa belə sənədlərin praktik həyatda işləməsini zəruri sayıb: “Məsələn, korrupsiya ilə mübarizə sahəsində sənəd qəbul olundu, ancaq bu gün korrupsiyanın səviyyəsi daha da artıb. Ona görə də Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının aparacağı monitorinq böyük rol oynayacaq. Real həyatda Milli Fəaliyyət Proqramının həyata keçirilməsinə nail olunmalıdır. Tutaq ki, bu gün Azərbaycanda siyasi hüquqlardan daha çox mülki hüquqlar pozulur. Azərbaycanda böyük islahat başlamalıdır. Bunun üçün də insan hüquqları sahəsində çalışan QHT-lər monitorinqlərə başlamalıdır. Çünki Milli Fəaliyyət Proqramında müəyyən məsələlərlə bağlı konkret vaxtlar qoyulub”.

Əli Hüseynov da qeyd edib ki, hamı kifayət qədər iradə nümayiş etdirsə, Milli Fəaliyyət Proqramı icra olunacaq: “İnkişaf etmiş ölkələrin əsas göstəricilərindən biri qanunun aliliyidir”.

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, Milli Fəaliyyət Proqrammı hərtərəfli sənəddir: “Lakin yaxşı olardı ki, maliyyə mənbələri də göstəriləydi. Çünki ayrı-ayrı məsələlərin icrası maliyyə resursları tələb edir. Sənədin əsas mahiyyəti odur ki, ölkənin inkişaf etdirilməsini insan resurslarında görür. Sənədin əsas istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizə ilə əlaqədardır. Sənəddə 7 istiqamət korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdır”.