“Pul Təhsil Nazirliyində deyil, Neft Fondundadır” -Cavab

pul-tehsil-nazirliyinde-deyil-neft-fondundadir-cavab
Oxunma sayı: 663




“Biz hər tələbəyə xəbərdarlıq edirik ki, minimum bir aylıq xərclik aparsınlar. Biz tələbələrə pulu aylıq vermirik, bir semestrlik veririk. Əvvəldən bir ay gecikir, daha sonra isə 2-3 ayın pulunu birdən veririk”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Təhsil Nazirliyi Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Əlipaşa Zeynalov deyib. Xaricdə dövlət hesabına təhsil alan tələbələr üçün ayrılan vəsaitlərlə bağlı yaranan problemdən danışan Əlipaşa Zeynalov bildirib ki, pul Təhsil Nazirliyində deyil, Neft Fondundadır: “Təqaüdlərin, aylıq yaşayış xərclərinin və təhsil haqlarının verilməsi haqında xüsusi qaydalar çıxıb və o qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilib. İş ondadır ki, pul Təhsil Nazirliyində yoxdur, Neft Fondundadır. O pulunu xaricdə təhsil alan tələbəyə ödənilməsi üçün müvafiq sənədlər tələb olunur ki, onlar olmadan bizim sifariş verməyə ixtiyarımız yoxdur”.

Şöbə müdirinin sözlərinə görə, tələbələr təhsil adlıqları müəssisədən Təhsil Nazirliyinə həmin yerdə təhsil aldıqlarına dair arayış təqdim etməlidirlər: “Bundan sonra müvafiq sənədlər hazırlanır, Neft Fonduna göndərilir və sifariş verilir. Sənədlərə baxılandan sonra Neft Fondu vəsait ayırır və Təhsil Nazirliyinə bu barədə məktub göndərir. O məktub bizə daxil olandan sonra isə sərəncam verilir”.

Şöbə müdiri vurğulayıb ki, bu proses vaxt tələb etdiyindən gecikmələr olur: “Xaricdə 800 tələbə təhsil alır, buna görə də arayışların toplanması, yoxlanması və sənədlərin hazırlanması vaxt aparır. Bu işlə cəmi iki şöbə məşğul olur, Beynəlxalq Əlaqələr və İqtisadiyyat şöbələri. Həmçinin tələbələrin xaricdə təhsil almasına dövlət büdcəsindən milyonlarla vəsait ayrılır, ona görə də dəqiq yoxlanmadan vəsait ayırmaq olmaz”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Qafqazinfoya” müraciət edən valideyn bildirib ki, onun övladı uzaq xarici ölkələrin birində dövlət hesabına təhsil alır. Amma bu günə qədər ona pul verilməyib. Buna görə də oğlu qaldığı yataqxanadan çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıb. Buna görə də təqaüdçü olan valideyn qohumlarından pul yığaraq övladı üçün göndərməli olduğunu bildirib.

Fatimə Kərimli