Pula pul demirik - Fotosessiya

pula-pul-demirik-fotosessiya
Oxunma sayı: 917

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi.

Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və 15 avqust 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.
“Qız qalası”, “Nizami”, “Məmməd”, “Şirvan”…

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda üzərində “Qız qalası” əks olunan 1, 10 və 250 manatlıq əskinaslar , noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, üzərində Nizami Gəncəvinin portreti olan 500 və Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin portreti olan 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.

İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılmış və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

“Məmməd”lər yığışdırıldı

Hələ də əyalətlərdə bir çoxlarının leksikonundan çıxmayan “bir məmməd, iki məmməd” ifadəsi yəqin ki, hər birimizin yadındadır. 1000 manatı ifadə edən bu pul nişanı 2006-cı ildəki denominasiyadan əvvəl dizayn dəyişikliyinə “məruz” qalsa da, “əvvəlki adı”nı saxladı. Yeni dizaynlı 1000 manatlıqlarımız İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən buraxıldı. Məmməd Əmin Rəsulzadənin şəkli əks olunan köhnə 1000 manatlıqların yenisi Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edildi.

Denominasiya və AZN dövriyyəyə buraxıldı…

Prezident İlham Əliyevin 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu. Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib. AZN-lərin dizaynı Avronun müəllifi Robert Kalinaya məxsusdur. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb, 4 pilləli mühafizə sisteminə malikdir.

Azərbaycanda yaxın vaxtlarda 100 ekvivalentindən böyük nominallı əskinazların da tədavülə buraxılması nəzərdə tutulur.

Nigar Məmmədli