“Qaçqınkom” tikdiyi evlər pulla köçkünlərə satılır

qacqinkom-tikdiyi-evler-pulla-kockunlere-satilir
Oxunma sayı: 1005

Azərbaycanda dövlət büdcəsi hesabına qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ayrı-ayrı bölgələrdə inşa olunan evlərin tikintisində və paylanmasında korrupsiya və rüşvətxorluq halları var, bu barədə mətbuatda dəfələrlə yazılıb. Redaksiyamıza edilən müraciətdə köçkün ailələrinə mənzil verilməsi zamanı dəhşətli vəziyyətin hökm sürdüyü bildirilib.

Kəlbəcər köçkünləri bildirirlər ki, Goranboy rayonunun Veyisli qəsəbəsində 589 ailə üçün nəzərdə tutulmuş evlər yenidən “hərraca” çıxarılıb: “Hörmətli redaksiya! Kəlbəcərdən olan şəhid ailələri üçün nəzərdə tutulmuş “Qaçqınkom”un verdiyi 47 mənzil orderləri yenidən dəyişdirilərək, digər köçkünlərə pulla satılır. Bundan başqa mənzillər digər rayonların imkanlı şəxslərinə də pul müqabilində verilir”.

Müraciətlə bağlı araşdırma aparmağa çalışdıq. Müraciət müəlliflərindən olan Raquf İsmayılov bizimlə söhbətində Veyisli qəsəbəsində müvəqqəti qohum evində məskunlaşdığını dedi. Onun sözlərinə görə, illərdir ki, “Qaçqınkom”un rəhbəri Əli Həsənova ünvanladığı məktublar cavabsız qalıb: “Buna baxmayaraq, Veyisli qəsəbəsində köçkünlərə ilk dəfə orderlə paylanan evlər yenidən “Qaçqınkom!un Mənzil İstismar Departamentinin rayondakı nümayəndəsi Camal Rzaquluyev tərəfindən başqa şəxslərə satılaraq orderləşdirilir. Köçkün qəsəbəsində Şahüseyinov Mürvətə verilən 1 otaqlı 326 nömrəli ev təkrar İsmayılov Fərman Nağı oğluna 3 min manata satılıb. Bundan başqa respublika çempionunun prezident tərəfindən verilən iki otaqlı 375 nömrəli mənzil Qasımov Tofiq İsa oğluna, 363, 345, 332, 423, 437, 439 nömrəli mənzillərin də digər şəxslərə satıldığı ortaya çıxıb”

Raqub İsmayılov bu qanunsuzluqların “Qaçqınkom”un Mənzil İstismar Departamentinin rəisi Pənah Əliyevin və qurumun Sənan Hüseynov adlı şöbə müdrinin adından edildiyini yazır: “Mən də Camal Rzaquliyev tərəfindən aldadılaraq ona 3000manat pul verdim. Bildirdi ki, sənin adına order verəcəm. Nəticədə nə order ala bilirik, nə də ki, pulumuzu qaytarmır”.

Qeyd edək ki, məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı dövlət proqramına əsasən ehtiyacı olanlara evlər tikilir və növbəli şəkildə paylanır. Öncə çadırda yaşayanlar, daha sonra Fin qəsəbəsindəkilər köçürülür. Hansı köçkün hansı yerli rayonlarda məskunlaşıbsa, onların sosial problemləri ilə yerli icra hakimiyyətləri məşğul olur. Yerli icra hakimiyyəti orqanları isə əlavə yardımlar etmək əvəzinə onları yenidən didərgin salırlar.

Qəzetimiz vasitəsilə “Qaçqınkom”un sədri Əli Həsənova müraciət edən köçkün ailələri onları aldadan işçilərini cəzalandırmağı və pullarını geri qaytarmalarını təmin etməsini tələb edirlər.

“Bizim yol”