Qadağan olunmuş “fellər”

qadagan-olunmus-feller-
Oxunma sayı: 666

Söz qıtlığından əziyyət çəkən yazıçılarımız bu haqda məndən əvvəl uzun-uzun yazıb dərdlərini - bəzən onları yazılarında yabancı sözlər işlətməkdə təqsirləndirən oxucularına danışıblar. Təkrarçılıq etmək niyyətində deyiləm. Məni narahat edən olmayan sözlərdən daha çox, mövcud olanları rahatca istifadə edə bilməməyimizdir. Məsələn, qoymaq, girmək, çıxmaq, basmaq, vermək və s. kimi fellər. Hünərin var hansısa azərbaycanlının yanında bir cümlədə iki dəfə bu sözlərdən işlət. Vay halına!

Mənim bir rəfiqəm var, qarmon ifaçısıdır. Bir dəfə ortaq bir dostumuzun doğum günündə bu musiqiçi xanım qarmonunu götürüb bizimçün bir iki mahnı ifa elədi. Sonda, üzümüzdəki xoş ifadəni görüb sevincək halda soruşdu: necə çaldım? Qonşu masadakı - çox yox, az, lap az kefli olan bir cavan bəy əfəndinin qulağı bizdəymiş sən demə. Birdə gördük qəşş elədi özündən getdi. Əlini yanındakı yoldaşının çiyninə vurub dedi: Civi deyir, nətər çaldım?

Özümüzü eşitməzliyə vurduqsa da, çifayda. Yaxşıca bir dava düşdü. Bu da oldu, ad günü!

Odur – budur bir də rəfiqəmin ağzından o sözü eşitmədim. Özünə zülm verə-verə deyir: Necə ifa elədim?

Bir dəfə rayona qonşumuzun toyuna getmişdim. Toyun ən mənasız anı yetişmişdi. Qızın rəfiqələri olduğumuz üçün məcburən biz də tort kəsilən masaya yaxınlaşmalı olduq. Bir dəqiqənin içində masanın ətrafı doldu adamla. Guya ki, indicə burada fövqəltəbii bir hadisə baş verəcək. Gəlinlə bəy tortu kəsəcəklər. Elə də yaşlı olmayan bir xala ta uzaqdan nəvəsini qucağına alıb yüyürə-yüyürə gəlib girdi meydana. Onu itələdi, bunu dümsüklədi, özünə yer elədi. Birdən arxaya çevrilib gördü ki, vay dədə, gəl, o biri nəvəsi uzanıb yerə bağırır, nənə məni də apar. Nənə də etmədi tənbəllik qucağındakı uşağı qoydu yerə, o yana bu yana baxıb gözünə sataşan ən fağır adamın - mənim bacımın qolundan tutub dartdı özü tərəfə ki, uşaqda gözün olsun gedib o birini də gətirim. Yenə onu - bunu dümsükləyə - dümsükləyə gedib qucağında o biri uşaqla gəldi. Təbii, bütün bu müddət ərzində gəlinlə bəy xalanı gözləmədilər tortu kəsib bir-birinə yedirtdilər. Xala təəssüflə üzünü bizə tərəf tutub soruşdu: “Nooldu, ay bala, çata bilmədim, deyəsən, verdilər bir - birinin ağzına?” Başımla ona hə cavabı verdim. Sonra o biri nəvəsini bacımdan alıb göydə uçan köpüklərə baxıb dedi. A bala, heç olmasa, o köpükdən birin tut ver uşağa. Bilmədim bacım köpüyü tuta bildi ya yox...

Belə sorunlar təkcə nitqimizdə yox elə yazılarımızda da qarşımıza çıxır. Əgər mən cümləmin sonuna feli - daxil oldu kimi yox, “girdi” kimi yazmaq istəyirəmsə, lütfən buraxın elə də yazım. Sözləri vulqarlaşdıraraq sıradan çıxarmaq bizim nəyimizə yaraşır. Onsuzda söz qıtlığından əziyyət çəkirik.

Həm də sizi boğazdan yuxarı yazılan süni sözlər yormayıbmı hələ?