Qadın doğulan kişi

qadin-dogulan-kisi
Oxunma sayı: 832

Soruşulsa ki, kişi necə qadın doğula bilər, əgər doğuşu qəbul edən həkim (bəzən bu tibb bacısı da ola bilər) uşağın cinsiyyətini müəyyənləşdirib körpənin hansı cinsdən olması haqqında hüquqi sənəd tərtib edir? Cavabım çox qısa olacaq: söhbət fiziki cinsiyyətdən deyil, mənəvi cinsiyyətdən gedir.

Əminəm ki, böyük əksəriyyət mənimlə razılaşacaq ki, ətrafımızda fiziki cəhətdən kişi, lakin mənəvi cəhətdən qadın olan çoxlu sayda qadın doğulan kişi vardır. Və ən qəribəsi də odur ki, bu insanlar müxtəlif qitələrdə yaşasalar da, fərqli millətlərdən olsalar da, başqa-başqa dillərdə danışsalar da, ayrı-ayrı rənglərdə olsalar da bir insanlardırlar - qadın doğulan kişi.

Həmin bu qadın doğulan kişinin bəzi xassələri haqqında yazıb onların həqiqətən harada yaşamasından, hansı millətdən olmasından və hansı dildə danışmasından asılı olmayaraq bir adam olduqlarını xəyali də olsa sizlərlə bölüşmək istəyirəm.

Danışmaq lazım olduğu yerdə susmaq nə qədər iyrənc və çirkin bir işdirsə, susmaq lazım olduğu yerdə də danışmaq o qədər iyrənc və çirkin bir hərəkətdir. Həqiqət ayaqlar altına atıldığı bir yerdə Haqqı müdafiə etməmək insanı dilsiz şeytan dərəcəsinə endirdiyi kimi, haqq və ədalət İslami dəlillərə görə izah edildiyi zaman sadəcə etiraz etmək xatirinə etiraz etmək, yaxud çaşqınlıq salıb ümumi birliyi pozmaq üçün danışmaq da insanı gülünc vəziyyətə salır. Bu cümləni bir daha və daha sadə şəkildə təkrarlayıram. Haqq-ədalət pozulduğu vaxt susan insan dilsiz şeytandır. Zənn edirəm, fikrimi daha yaxşı çatdırmaq üçün misal çəkmək, nümunə göstərmək də lazım deyil. Hamımız gündəlik həyatımızda dəfələrlə haqsızlıq olunan hadisələrin şahidi oluruq.

Mənim haqq-ədaləti müdafiə etmək düsturum İslami dəlillərə görədir. Bildiyim, bacardığım bir şey olduqda İslami çərçivədə Haqqı müdafiə edirəm. Bilmədiyim, bacarmadığım məsələ olduqda isə susuram. Allah insana iki qulaq, bir dil veribdir. Bu mənim anlayışıma görə bir əmrdir ki, insan iki dinləsin, bir danışsın. Axirətdə söz və davranışlarına görə hesaba çəkiləcəyini bilən bir müsəlman söylədiklərinə və etdiklərinə ehtiyatla yanaşar; xoş danışar, xoş əməllər edər. Dinim olan İslama görə əhəmiyyətsiz və boş-boğazlıq edilərək danışılan neçə-neçə kəlmə vardır ki, insanın cəhənnəm atəşinə məruz qalmasına səbəb olacaqdır…

Müxtəsərliyi əldən verməmək üçün burada yazdığım hədislərin mənbələrini yazmıram, lakin maraqlananlar olsa göstərə bilərəm. Bir hədisdə Hz.Muhammed (s.a.s.) buyurur: “Sizin içinizdə ən xeyirliniz zalım hökmdarın qarşısında həqiqəti söyləyəninizdir”. Resulullah (s.a.s) başqa bir hədisdə isə: “Allaha və axirət gününə iman edən kimsə ya xeyir söyləsin, ya da sussun…”-deyə bildirir. Digər hədisdə də: “İnsanlara başa düşəcəkləri şeyləri söyləyin, başa düşmədikləri şeyləri tərk edin. Allah və Rəsulunu yalanlamasını istəyirsiniz?” buyuraraq hər kəslə onun başa düşəcəyi dildə danışmağı, qarşıdakı insanın dərk etdiyi şəkildə xitab olunmasını əmr edir.

Ayıq başla bu 3 hədisi təhlil etdikdə görürük ki, bir tərəfdən müsəlman həqiqətin söylənilməsi və eyni zamanda ədalətin bərqərar olmasına təşviq edilirsə, digər tərəfdən isə boş-boğazlıq edilib müsəlmanlar arasında ruh düşkünlüyü, pərakəndəlik, etimadsızlıq, təkəbbür və sosial ədalətsizliyin əmələ gəlməsinin qarşısının alınması istənilir. “Xeyir söyləsin, ya da sussun…” cümləsindən başa düşürük ki, bizlər daim xeyirli işlərdən bəhs etməli və xeyir əməl işləməliyik. Danışdığımız sözlərdə xeyir yoxdursa, dilimizi dişimizlə tutub ağzımızı qapatmalıyıq. Kənarda durub İslama dil uzatmaq, müsəlmanları xor görmək, tısbağanın qınından çıxıb qınını bəyənmədiyi kimi özünün də müsəlman ailəsindən çıxdığını unutmaq, dilimi dişlərimlə tutaraq ən yumşaq şəkildə deyirəm - nankorluqdur. Nankorluq isə öz növbəsində qadın doğulan kişinin xassələrindəndir.

Britaniya Ensiklopediyası, 2005-ci il, 17 –ci cild, Biliyin dərinliyi fəsli, (səh.931) Kapitalın növləri bölümündə (Encyclopedia Britannica, Knowledge in depth, 17 vol. p.931, Kinds of Capıtal) göstərilir: "Tarix boyunca, kapital məfhumu maraqlar məfhumu ilə o qədər yaxın olmuşdur ki, yaxşı olardı ki, bu məfhumlar birlikdə qeyd olunsun, hətta baxmayaraq ki, müasır dövrdə kapital və gəlir məfhumları birlikdə işlədilir, kapital və maraq məfhumları deyil". Həmin kitabın 932-cı səhifəsində isə: "Marağın etikasının problemi bir cox əsrlər boyu aparılmış müzakirələrə baxmayaraq həll olunmamış qalmışdır"- deyə, yazılmışdır.

Bu sətirləri ona görə yazdım ki, heç kim unutmasın, indi dünyaya kapital toplamaq istəyən kapitalist hakimdir. Kapitalistin isə maraqları var. Ensiklopediyanın da dediyi kimi marağın isə etikası yoxdur. Təbii ki, etikası olmayan maraq da istəyir ki, biz müsəlmanların qəlbindən, beynindən və həyat tərzindən yuxarıda göstərdiyim o 3 hədis çıxarılsın və danışmaq lazım olan yerdə susmaqla, susmaq lazım olan yerdə boş-boğazlıq etməklə müsəlmanlar qadın doğulan kişiyə çevrilsinlər.

Açığı, aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhammed (s.a.s.)-in o 3 hedisi biz müsəlmanların həyatından çoxdan çıxıb. Zalım hökmdarın qarşısında həqiqəti söyləmək bir tərəfə qalsın, biz heç yazıq işıq pulu yığanın qabağına belə çıxıb 160 manat məvacib alan fizika müəlliminin bir kilovatı filan qədər olan elektrik enerjisinin pulunu ödəyə bilmədiyini deyə bilmirik. Yaxud, burax “xeyir danışmağı”, öz gözümüzdə tiri görmür, Ərdoğan belə gəldi, İranda molla rejimi belə getdi, Əfqanıstanda Taliban dağdan paraşutla belə uçdu deyib boşboğazlıq, tüfeylilik, naqislik, nadanlıq, sərsəmilik, əbləhlik, nankorluq edirik. “İnsanlara başa düşəcəkləri şeyləri söyləyin”- əmri bir yana, özümüzü “intellektual” göstərmək üçün ingilis, rus, türk kəlmələri işlədib çaşqınlıq törədirik.

Osvald Spengler (Oswald Spengler) 1991-ci ildə Oksfordda nəşr olunan "Qərbin Tənəzzülü" (The Decline of the West) (bu kitab ilk dəfə Almaniyada 1918-ci ildə çap olunub) kitabında (səh.36) (H.Stuart Hughes tərəfindən qısaldılmış şəklində) yazır: "1911-ci ildə özümə təklif etdim ki, o günün siyasi hadisələrini və hansı istiqamətdə cərəyan edəcəyini nəzərdən keçirmək üçün onları bir yerə toplayım. İnqilabın və Napoleonun tarixə etdiyi gedişatlar mənə Qərbi Avropanın ötən bir əsr içində etdyi cəhdlər, Dünya Müharibəsinin qaçılmaz olduğunu göstərdi. Bu dünyanın yenidən bölüşdürülməsi uğrunda gedən cəhd idi".

Baxın, dünyanın bölüşdürülməsi fikrinin etiraf edən qərbin bir nömrəli materialist filosofu Spenglerdir. İndi, sual verirəm, dünyanı bölüşdürmək istəyən kapitalistin qarşısına hökmdarın hüzurunda həqiqəti söyləyən, danışdıqda ancaq xeyir işlərdən bəhs edən, həmsöhbətinə şəfqət və mərhəmət hissi ilə yanaşıb ona başa düşdüyü dildə xitab edən müsəlmanmı çıxsa yaxşı olar, yoxsa boşboğazlıq, tüfeylilik, naqislik, nadanlıq, sərsəmilik, əbləhlik, nankorluq edən, qadın doğulan kişimi?

Sonda, hər zaman olduğu kimi sözüm yenə sənədir, mənim müsəlman qardaşım. İt hürər, karvan keçər, deyiblər. İtin peşəsi hürməkdir. Bunlar İslama dil uzatmaq üçün Ərdoğandan, İrandan və Turandan danışacaqlar. Biz isə yolumuza davam edək. Yuxarıda göstərdiyim o 3 hədisə əməl edək, Allah da bizi haqqı qoyduğu yerə qoysun. Qurani-Kərim Ali-İmran surəsi 179-cu ayəsində Allahu-Təala buyurur: “Allah möminləri bu vəziyyətdə buraxacaq deyildir. Sonda murdarı təmizdən ayıracaqdır…”