Qadın ola bilməyənlərin qadın düşmənlikləri

qadin-ola-bilmeyenlerin-qadin-dusmenlikleri
Oxunma sayı: 662

Qadın olmaq qürurludur!
Ana olmaq, dünyaya övladlar bəxş etmək kimi bir xoşbəxtlik nəsib etmiş bizə Yaradan. Bunun dəyərini balamızı sinəmizə sıxanda, ilk toxunuşdan, ilk nəfəsdən anlayırıq. O zamana qədər bir az üsyankar olur qadınlar, analıq qadına ağırlıq, hüzur və rifah gətirir.

Qadın olmaq bir də kişi olmamaqdır.
Bu isə bir çoxları üçün heç də dərd deyil. Necə ki, mən qadın doğulduğum üçün özümü xoşbəxt hesab edirəm, eləcə də bir çox günclü cinsin nümayəndələri kişi doğulduqları üçün qürurludurlar. Bir qadını sevməyin, qayğı göstərmənin, ailə başçısı olmanın və külfəti idarə etməyin şərəfini yaşayırlar.

Məni isə digər qrup narahat edir.
Bayram ab-havasına yenicə girmişdim ki, müxtəlif sayt və qəzetlərdə 8 Martı az qalsın kişilərin faciəsi kimi qələmə alan və qadınlara kin-nifrət püskürən fikirlərə - yazılara rast gəldim. Təbrik etməyə kimsəsi olmayan bəylərimiz biz qadınları öz kəskin yazıları ilə “təbrik edirdilər”. Qadınlara qayğının və diqqətin mücəssəməsi olan bu günü kimlər sevməyə bilər axı?

Düşünürəm ki, qadınlara qarşı kinlə yüklənmənin ancaq iki səbəbi ola bilər. Birincisi, kişi eqosunun alçalması. Uşaqlıq və ya yeniyetməlik dövründə istənməmiş, qadınlar tərəfindən aşağılanmış və heç bir hissinə cavab almamış kişi zamanla qadın düşməninə çevrilir. Belələri özlərini çoxlu qadınlarla əhatələnmiş və guya çoxsaylı sevgililər siyahısına malik kimi qələmə verirlər. Amma neyləyək ki, əsl acı həyatları bunun əksinə olaraq yalqız və bol içkili olur. Spirtli içkinin təsirindən zamanla artan ehtiyaclar isə ödənilmədikcə və ya yalnız para qarşılığında ödənildikcə kişiyə işgəncə verir. Daxili eqosu məhv olmuş biri bunun qisasını təhtəlşüur olaraq qadınları əzməklə, alçaltmağa cəhdlə təmin etmək istəyirlər.

İkincisi, qadın olmaq və ya qadının yerində olmaq arzusu. Bəzən qadın kimi gözəl, sevimli və kişi tərəfindən qayğı ilə əhatələnmiş olmaq arzusu bunları əldə edə bilməyənlər üçün daxili əzaba, nəticə də isə qadın düşmənliyinə çevrilir.

Hər iki halda onlara acımaq və anlamaq lazımdır. Əlinə qələmi qılınc kimi alıb özlərindən zəif, ağılsız, axmaq adlandırdıqları qadınlarla mübarizələri ateistlərin inadla “Allah yoxdur” deyib, yox hesab etdikləri ilə mübarizəsinə bənzəyir. Ən azından onları anlamağa cəhd göstərdiyim üçün növbəti hücum obyektləri olmayacağıma ümid edirəm. Axı necə də olsa, bayramımdır, gərək ki, xətrimə dəyməsinlər...

P.S. Bütün qadınları və qadın olmaq arzusu ilə yanıb tutuşanları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm!