Qafqazın şeyxindən - İrana yardım

qafqazin-seyxinden-irana-yardim
Oxunma sayı: 630

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Şərqi Azərbaycan əyalətində zəlzələdən zərər çəkmiş şəxslərə maddi yardım edib. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.Onun sözlərinə görə, Allahşükür Paşazadə ötən gün İranın Azərbaycandakı səfirliyində olub. Zəlzələ qurbanlarının ailələrinə və İran xalqına başsağlığı verib və Azərbaycan xalqının onların dərdlərinə şərik olduğunu bildirib. Bundan sonra Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin zəlzələdən ziyan çəkən şəxslərə maddi yardımını onlara çatdırmaq üçün səfirliyə təhvil verib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, QMİ rəhbəri bundan öncə Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ qurbanları ilə bağlı başsağlığını İranın ali lideri Ayətullah Əli Xamneyi və İran Prezidenti Mahmud Əhmədinejada ünvanlamışdı.