“Qafqazinfo”nun oxucularına...

qafqazinfonun-oxucularina-
Oxunma sayı: 636

Birinin sürdüyü taksi köhnə sovet maşınıdır ( bu gündən fəaliyyətləri dayandırılıb) bir də gördün kimsə şikayətlənir ki, evrovisiona bilet bahadır. Qadınların dərdi qadağan olunan yarımçıq qalan seriallardı. Dərd nə qədər desəniz, mövzu nə qədər istəsəniz. Elə hey yazırıq. Bitmir ki...

Mənzərəsi qəbiristanlığa açılan kirayə tutduğumuz yeni evimizin pəncərəsindən susqun-susqun bir məzarlara, bir də, magistral yola baxıb şairanə bir ah çəkdim dünən. Təzadlı görüntü düzü üzdü məni bir az. Şosedə şütüyən maşınlar, maşınlardakı gedən, bəlkə də qayıdan adamlar və həmişə eyni yerdə qalan yəni gözləyən qəbirlər. Bu da yaşamdı , bizim yaşadığımız həyatdı. Bir az da dərinə getsək bir essenin mövzusudur. Dərd nə qədər desəniz, mövzu nə qədər istəsəniz. Elə hey yazırıq. Bitmir ki...

Bütün istedadını işə salıb maraqlı bir səhər yeməyi hazırlayırsan. İki nəfərlik yemək masasını həvəslə bəzəyib həyat yoldaşını gözləyirsən. Gec gəlir, əsəbiləşirsən. Üstəlik səhər yeməyindən əvvəl çəkdiyi siqaretin tüstüsünü öz ciyərində hiss edib nigaran olursan. Bir də çağırırsan. Gəlirəm deyib yenə gecikir. Nəhayət gəlir, masaya oturmazdan əvvəl aztv dən başqa heç bir kanalı göstərməyən televizoru mütləq yandırır. Səhər xəbərlərini dinləyirsiniz birlikdə. Evrovision haqqında nəsə eşidib əsəbiləşirsiz. Sonra aparıcının heç nə ifadə etməyən mənasız sifətinə zilləyirsiz gözünüzü.

Gülümsəyərək dünən baş verən cinayət işlərindən danışır. Məsələn yeznəsinin qulağını kəsən qayın, qonşunun arxından çıxan meyit və s. Qanın qaralır... televizoru bağlayıb səhər yeməyini yeyə-yeyə kompüteri açır həyat yoldaşın. Evləri sökülənlərin yeni videolarına baxırsız birlikdə. Üzülürsüz. Kədərlənirsiz... Sonra da kədərli yazılar yazmaqçün fürsət gözləyirsiz ... Dərd nə qədər desəniz, mövzu nə qədər istəsəniz. Elə hey yazırıq. Bitmir ki...

Yazırıq ki, sizinlə bölüşək. Dərdləşək. Bəzən məlumatlandıraq, ya da sadəcə nəyəsə fikrimizi bildirək. Bəzən sadaladığım bu problemlərdən, bəzən başqalarından yazırıq. Nə qədər kədərli yazsaq o qədər razı qalırsız. Sizi üzdüyümüz üçün təşəkkür edirsiz. Şərhlər yazırsız. Vay o günə ki, yazdığımız yazıda problemlərdən ibarət iki mərtəbəli cümlələr olmaya. Vay o günə ki sizi üzməyək yazımızda. O dəqiqə hirslənirsiz. Qəzəblənirsiz. “Bu nə yazıdır, boşuna vaxt itirdim. Heç bir məna yükü yoxdur ” – belə bir şərh yazırsınız. Halbuki, belə yazıların mənası, məramı sizi, beyninizi təmizləməkdi. Doğulandan bu günə ətəyimizdən yapışan, bizimlə birgə böyüyən, qocalan dərdlərimizi bir az da olsa unutdurmaqdı..

Dostlar, lütfən, bir birinizi yormamağa çalışın, yaxşı şeyləri bölüşün! Sevdiyiniz adam haqqında yazın, gördüyünüz balaca bir uşağın dediyi hansısa qeyri səlis maraqlı söz haqqında yazın, bilmirəm daha nədən yazırsız yazın, yaxşı şeylərdən yazın, yaxşı şeyləri oxuyun. Gülməli yazı oxuyanda mütləq gülün. Kədərdən ötrü bu qədər darıxmayın, boş verin siz Allah. Qoyun rədd olsun! Sadəcə gülün...