“Qafqazinfo”ya kimlər hücum edir?

qafqazinfoya-kimler-hucum-edir
Oxunma sayı: 1342


Başımı uşaqlıq dostum kimi qollarımın arasına bərk-bərk sıxıb dayanmışdım. Sezen Aksu pıçıldayırdı:

“Hani herkes arkadaş
Hani oyunlar sürerken
Hani çerçeveler boş
Hani körkütük sarhoş gençliğimizden
Hani şarkılar bizi hanüz bu kadar incitmezken
Eskidendi, eskidendi, çok eskiden”


İlahi, bu “minik sərcə” elə bil başımın üstündəki budağa qonub mənim üçün oxuyurdu. “Hani hər kəs arkadaş?!”

“Qafqazinfo” dağıdılandan sonra mən bu vəziyyətdə idim. Və təxminən üç gün hər yerdən, hər kəsdən bircə kəlməlik də olsa təsəlli umurdum. Adam xəstələnəndə necə kövrəlirsə, onun saytı dağıdılanda da bir o qədər kövrəkləşir. Elə gözün onun-bunun ağzında, xoş sözündə “Darıxma, düzələr”ində olur. Yeri gəlmişkən, mənə bu günlər ərzində dəstək olan, sosial şəbəkələrdəki müzakirələrdə iştirak edib bir kəlməlik də olsa münasibətini açıqlayan, zəng edən, mesaj yazan, qaçıb gizlənən və başqa yol tutan hər kəsə təşəkkürümü bildirirəm. Bu arada sağ olsunlar ölkənin aparıcı siyasi partiyalarının rəhbərləri ki, yarandığımız gündən onların asqırmağını belə xəbərə çevirib yaymağımızın müqabilində ağızlarına su alıb oturdular, veclərinə olmadı. Bu işdə bizə hər addımda dəstək olan qəzetlərə xüsusi minnətdarlığımı bildirərək demək istəyirəm ki, mənə başqa vaxt gur-gur guruldayan dostların laqeydliyi “Qafqazinfo”nun dağılmasından pis təsir elədi. Kaş onlar dağılmayaydı... “Qafqazinfo” bir təhər ələ gəldi, ancaq onları yenidən yaratmaq mümkün olmayacaq, bu dizayner işi deyil... Və nə yaxşı ki, bizə hücum etdilər. Hər kəsin kimliliyi, elə bizim də kimliyimiz bəlli oldu.

Bəs “Qafqazinfo”ya hücumu kimlər etmişdi? Sayta hücumlarla bağlı müxtəlif versiyalar, fikirlər var.
Bir fikir ondan ibarətdir ki, bu sayt müxalifətə daha çox yer verir və son proseslərdə də operativ xəbər yaydığına görə təzyiqlə üzləşib. Yəni bu məsələnin vacib və siyasi tərəfidir.
İkinci fikir belədir ki, sayta hücumu bizim uğurlarımızı qısqananlar, qısacası “Qafqazinfo”ya uduzan “həmkar”lar təşkil edir.
Üçüncü fikir isə saytın təhlükəsizliyinin zəif olması və portalda tənqid olunan hər hansı şəxs tərəfindən bu işin həyata keçirilməsidir.
Digər versiyalar da var. Ancaq əsas bu üç məsələnin üstündə dayanmaq lazımdır.

Birinci məqama aydınlıq gətirərək bildirmək istəyirəm ki, “Qafqazinfo”ya hücumun arxasında heç bir siyasi məqamın dayanmadığı düşüncəsindəyəm. Əvvəlki hücumlar İctimai Palatanın mitinq keçirdiyi günlərə təsadüf edəndə bizdə belə düşüncə var idi ki, həqiqətən də sayta siyasi təzyiqlər olunur. Lakin sonradan məlum oldu ki, məhz hücumların bu günlərə təsadüf etməsi iz azdırmaq məqsədi daşıyır. Və məsələni siyasiləşdirilməsini gözləyərək bizi pat vəziyyətdə qoymaq istəyirlər. Ancaq bir qədər keçəndən sonra və biz bu oyuna getməyəndə məsələ aydınlaşdı.

Bu arada bir haşiyəyə çıxıb bildirmək istəyirəm ki, indiyə kimi “Qafqazinfo”ya heç bir rəsmi təzyiq olmayıb. Hətta biz müxalifət düşərgəsindən daha çox etiraz almışıq nəinki iqtidardan. Yəni, bizə ən sərt yazılarımıza görə bir nəfər belə adi telefon zəngi ilə də “Bunu yığışdırın, yazmayın” deməyib. Necə ki, ayrı-ayrı jurnalistlər, redaksiyalar təzyiqlərlə üzləşiblər, həbs olunublar, döyülüblər və s. Əgər belə bir təzyiq nə zaman baş versə mən açıq şəkildə bunu bildirəcəyəm. Demək birinci versiya deyil. Yeri gəlmişkən, mən bu gün qürurla deyirəm ki, Azərbaycanda söz və mətbuat azadlığı yoxdur demək bir qədər ədalətsizlikdir. Biz axı hər şeyi yaza, ürəyimiz istəyəni deyə bilirik. Ən azı söz və mətbuat azadlığı məsələsini belə şəkildə müzakirə ediriksə, bunun olmadığını demək düzgün deyil. Bu arada mətbuatın hökumətdən asılı ciddi problemlərinə də göz yummaq niyyətində deyiləm. Təkcə Eynulla Fətullayevin hələ də həbsə olması diqqətdən yayınmamalı, problem kimi qabardılmalıdır.
Mən bu mövzuda sizlərə daha bir yazı borclu deyib, keçirəm ikinci versiyaya.

İkinci versiya və daha çox istinad edilən məqam bizim bəzi axmaq həmkarlarımızın bu hücumları təşkil etməsi, sifariş verməsidir. Sayt dağıdılandan sonra bizə göndərilən bəzi e-maillər, indiyə qədər olan hücum cəhdlərindən qalan izlər, bəzi şəxslərin ittiham olunmamış müdafiəyə keçmələri, on nəfərdən səkkizinin “bu onların işidir” diaqnozu və digər məqamlar bu variantın həqiqət olduğunu göstərir. Elin gözü tərəzidir və deyirlər ki, soğan yeməyibsənsə bu göynəmə haradandır?

Lakin onların başına düşən daşın böyüklüyü göstərir ki, “Qafqazindfo”ya hücum etmək məcburiyyətindədirlər. Onlar görürlər ki, müxtəlif nazirlərin qucağında oturub maliyyələşmələrinə baxmayaraq, 2 min ip yığmağa duxları çatmır, beş-altı ay bundan qabaq yaran pir portal isə onları reytinqdə kölgədə qoyur. Bu debillər başa düşmür ki, reytinq istedad və müstəqillikdən doğur. Sizinki kimi onun-bunun qucağında oturmağa baxmayaraq, qısırlıqdan və köləlikdən yox. Sən ora-bura zəng edib “onlarla niyə işləyirsiniz?” “ay filan köşə yazarı, onlara yazsan, bizə yazma!” deyə bilərsən, ancaq qalib gələ bilməzsən. Ola bilər ki, “Qafqazinfo” beş gündən, beş aydan sonra bağlansın, davam etməsin. Ancaq bir həqiqət “Qafqazinfo” ilə doğuldu ki, bu ələbaxanların pafosları, mənəm-mənəmliyi sayıqlama imiş. Oxucu və jurnalist azadlığın dadını biləndən sonra ona başqa şey yedizdirmək mümkün deyil.

Bu arada belə çıxmasın ki, mən “Qafqazinfo”dan başqa Azərbaycanda azad mətbuat olmadığını deyirəm. Əsla! Çox şükür ki, yazılı mətbuat orqanları arasında azad media nümunələri var. Söhbət sənin qapının hər kəsin üzünə açıq olmasından gedir. Söhbət sözdən qorxmamaqdan gedir. Biz bəzən bir şəxs haqqında yazı verəndə dərhal ağızlarına balaban alıb deyirlər ki, ay haray, “Qafqazinfo” filankəsindir. Adama nə qədər yiyə, sahib axtararlar? Biz yorulduq Adil Əliyevin, Allahşükür Paşazadənin, Məlahət İbrahimqızının, Rəsul Quliyevin, Hadı Rəcəblinin saytı adlandırılmaqdan, bunlar yorulmadılar təzə yiyə axtarıb tapmaqdan.

Tapmaqdan söz düşmüşkən, bizim müraciətimizə operativ cavab verən hüquq-mühafizə orqanlarına təşəkkür edirəm ki, baş verənlər istiqamətində araşdırma aparırlar. Və yəqin ki, tezliklə sayta hücum edənlərin qulağından tutub gizləndiyi yerdən çıxarmaq mümkün olacaq.




Deyəsən yuxarıda göstərdiyimiz üçüncü versiyanı yazmağa heç ehtiyac qalmadı, hə?..


Uzun yazının qısası demək istəyirəm ki, mən bu mövzuda daha bir yazı yazmağa söz verir və hələlik fikirlərimimi yekunlaşdırıram. Və “Qafqazinfo”nun əsl sahibi olan dəyərli oxucular, bundan sonra görəcəksiniz ki, elə bizi yaxşı eləyib dağıdıblar. Çünki, siz qarşınızdan daha mübariz pir portal görəcəksiniz.

Biz heç nədən və heç kimdən çəkinmədən yola davam deyirik. Bu yerdə İlham Tumasın az qala on il əvvəl oxuduğum “Kürdün türk Ahmet Kayası” adlı yazısından sonra tapıb bu günə qədər sevə-sevə dinlədiyim Əhməd Kayanın gözəl bir misrasını xatırlasam nə demək istədiyim tamamdır.

“Nə kadar rəzil olursaq, o kadar iyi...”