Qalmaqal böyüdü

qalmaqal-boyudu
Oxunma sayı: 736

“Qafqazinfo”nun məlumatına görə, Cavid Cabbaroğlu müraciətində müsabiqənin nəticələrindən narazı qaldığını bildirib və bu səbəbdən nəticələrə yenidən baxılmasını xahiş edib.

Əməkdaşımızla söhbətində xəbəri təsdiqləyən həmkarımız müraciətinin bir sıra obyektiv səbəblərinin olduğunu bildirib: “Bu səbəblərin əksəriyyətini “APA Group”un baş direktoru Vüsalə Mahirqızı mətbuatda yayılan açıqlamasında sadalayıb. Yəni KİVDF rəhbərliyi yazıların qiymətləndirilməsinin ekspertlərdən asılı olduğunu bəyan edirsə, biz də ekspertlərin adlarının açıqlanmasını, eləcə də qalib elan olunan yazıların bizə təqdim olunmasını və müsabiqəyə təqdim etdiyimiz yazını hansı meyarlarla qalib elan etdikləri yazılardan zəif saydıqlarını söyləmələrini istəyirik. Başqa bir tələbimiz yoxdur. Artıq müsabiqə bitib, nəticələr açıqlanıb. Bu yazıları oxuyan ekspertlərə bundan sonra kiminsə təsir etməsi ehtimalı da inandırıcı deyil. Ona görə də ekspertlərin adının açıqlanmasında heç bir problem ola bilməz. “Niyə filankəs qalib gəldi, mən yox” düşüncəsindən də tamamilə uzağıq və müsabiqədə qalib gələn bütün həmkarlarımızı təbrik edirik”.

Cavid Cabbaroğlu xatırladıb ki, adətən hər bir müsabiqədən sonra KİVDF-nin ünvanına müxtəlif ittihamlar səsləndirilir: “Artıq bu mübahisələr adət-ənənə halını almaqdadır. Əsas ittihamlar isə bu olur ki, orada yazıları nəinki ekspertlər oxumur, ümumiyyətlə, oxumurlar və fond rəhbərliyi istədiyi jurnalisti yazısını oxumadan qalib elan edir. Təbii ki, biz bunu inandırıcı saymamağa meylliyik. Ən azı ona görə ki, əlimizdə konkret fakt yoxdur. Ona görə də KİVDF rəhbərliyini konkret fakt üzrə ekspert qiymətləndirmələrini ictimaiyyətə açıqlamaqla bu mübahisələrə birdəfəlik son qoymağa çağırırıq. Şəxsən mən müsabiqəyə təqdim etdiyim yazının oxunduğuna, yazını jurnalistlərin və ya bu sahə üzrə mütəxəssis ekspertlərin qiymətləndirdiyinə, eləcə də obyektiv müqayisədə zəif sayıldığına inanmaq istəyirəm. Fondun izahatı məni qane edərsə, bundan sonrakı müsabiqələrlə bağlı mübahisələri əsassız saymaq üçün əlimdə konkret fakt olacaq. Əks halda, qanunun imkan verdiyi bütün vasitələrdən istifadə etməklə hüquqlarımı qorumaq niyyətindəyəm”.

Xatırladaq ki, Cavid Cabbaroğlunun müsabiqəyə təqdim etdiyi “BBC: Bakı-Biləsuvar-Culfa” başlıqlı yazısı KİVDF tərəfindən mükafata layiq görülməyib. Bu isə “APA Group”un və onun baş direktoru Vüsalə Mahirqızının sərt etirazı ilə qarşılanıb.


Ədalət qəzetinin baş redaktoru İradə Tuncay isə C. Cabbaroğlunun məlum yazısı ilə bağlı “Facebook”da status yazıb. Həmin statusu olduğu kimi təqdim edirik: “Bu yaxınlarda jurnalist dostum Cavid Cabbaroğlu məndən rica edir ki ,bəs filan qəzetdə yazım çıxıb, o yazıya bir nəzər yetir. Tamam, deyirəm və oxuyuram yazını .Yazı yazı kimi - yəni janrın bütün tələblərinə cavab verir, hələ üstəlik (yəni bu da var ) ürək çırpıntısı, qəlb ağrısı (sözlərə bax da) kimi atributlar da var . Müəllifə tərifləyirəm yazını. Bəyənirəm yəni - like yox e, bəyənmək . Sən demə yazı müsabiqə üçün imiş. Təkrar çap edəndə öyrənirəm bunu və yazını tərifləməkdə nə qədər səhv etdiyimi anlayıram .Ay uşaqlar, müsabiqə yazılarını mənə göstərib təxribat yaratmayın. Mən bəyəndiklərim bəyənilsəydi mən də bəyənilmiş mövqelərdən birində olardım. Bu həqiqəti anlamaq lazımdı. Cavid, qadası sənin yazın jurnalistikanın tələblərinə görə gözəl yazıdı- amma müsabiqə üçün elə söz demədim axı. Müsabiqənin şərtlərini öyrənin )))))))))) Və bəyənilmişlərlə müzakirə edin !!!!!!!!!!!!!!!!”.