“...Qan Turalı özünü hakimiyyətə təklif etməyə, Aqşin Kamal Abdullanın yanında çalışmağa”

qan-turali-ozunu-hakimiyyete-teklif-etmeye-aqsin-kamal-abdullanin-yaninda-calismaga
Oxunma sayı: 1198

İş o yerə çatıb ki, bir vaxtlar Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın atasını söyən Qan Turalı indi ona “bəy” deyə müraciət etməyə başlayıb. Bəs, görəsən gənc yazarların bu cür dəyişilməsinə nə səbəb oldu? Necə olur ki, bir zamanlar Anarı, Elçin Əfəndiyevi, Kamal Abdullanı ən kəskin tənqid etmiş, hətta vaxtaşırı atalarını, analarını təhqir etmiş gənclər indi onlarla barışmaq istəyir? Görəsən, Anarmı daha yaxşı əsər yazmağa başladı, Elçin Əfəndiyevmi atasının təbliğini dayandırıb gənclərə yol açdı, yoxsa Kamal Abdullamı gənclərin tənqidlərini qəbul etdi?

Əslində, bunların heç biri baş verməyib. Yenə də Anarın sədrlik etdiyi AYB-də əsas meyar istedad yox, yaltaqlıqdı, yenə də teatrlarda Elçin Əfəndiyevin pyesləri dominantlıq edir, yenə də Kamal Abdulla xaricdə öz pulu ilə nəşr etdirdiyi kitablarla öyünür. Təəssüf ki, barışığı doğuran səbəblər başqadı. Gənc yazarlar ədəbiyyat generallarını söyməklə, təhqir etməklə, aradabir əsərlərini tənqid etməklə qısa vaxt ərzində məşhurlaşdılar, bir növ xalqın qəhrəmanına çevrildilər. Bu məşhurluq onların bir müddət özlərini qəhrəman kimi hiss etmələrinə, xoşbəxt olmalarına kömək etdi. Ancaq gənc yazarlar da ayılıb gördülər ki, artıq məşhurluq hər şeyi həll eləmir, arada bir pul da qazanmaq lazımdı. Nəyə görə onlardan qat-qat istedadsız adamlar daha yaxşı yaşayır, ancaq onlar bu cür məşhur ola-ola aclıq içindədirlər?

Bundan sonra başladı Qan Turalı özünü hakimiyyətə təklif etməyə, Aqşin Yenisey Kamal Abdullanın yanında çalışmağa... Daha sonra da bəyanatlar verildi ki, bəs biz barışmaq istəyirik. Bu istəyin arxasında əslində pul, daha yaxşı təminatlı iş durur. Ən maraqlısı isə odur ki, gənclərin barışıq istəməkləri azad yazarların heç birini qıcıqlandırmır, onların heç biri bu istəyə qarşı gəlmirlər. Deməli, barışıq ideyasını hər kəs dəstəkləyir. Təkcə qalır, Qan Turalının dediyi kimi, Anar bəyin bu gəncləri bir yerə yığıb, barışığı təmin etməyi...

“Xural”