“Qapılar bağlanır” basabas başlayır - Metroda

qapilar-baglanir-basabas-baslayir-metroda-
Oxunma sayı: 697

Son günlər Bakı Metropolitenində qatarların gecikməsini çox güman ki, metrodan istifadə edən hər kəs hiss edir. Elə biz də gündəlik yararlandığımız yeraltı nəqliyyatda qatarların gecikməsi ilə tez-tez rastlaşırıq. Bundan başqa, sərnişinlərin sıx olduğu vaxtlarda köməkçi eskalatorların işə salınmaması da sərnişinlər üçün əlavə problemlərə yol açır. Qatarlar bəzən 6-8, hətta 10 dəqiqədən bir gəlir. Bu cür gecikmələr əsasən Dərnəgül–Həzi Aslanov stansiyaları istiqamətində daha tez-tez müşahidə olunur.

Həmsöhbətimiz olan Azər adlı vətəndaş bildirir ki, hər gün işdən çıxıb metronun “Elmlər Akademiyası” stansiyasında qatara minməli olur. Amma: “7-8 dəqiqə qatar gözləyirəm, qatar gələndə də adam əlindən minmək olmur. Yenidən o birini gözləməli oluram. Yenə də o qədər vaxtı gözləyirəm, beləcə, hər axşam evə gedib çıxana kimi bütün əsəblərim korlanır”.

Sevinc adlı digər bir şəhər sakini isə stansiyalardakı eskalatorlarla bağlı narahatlığını çatdırır. Onun sözlərinə görə, eskalatorların hərəkətinə nəzarət edən xanımlar da vətəndaşlarla normal rəftar etmir: “Hər gün «Elmlər»dən çıxıram, o gün olmur ki, insan kütləsi ilə rastlaşmayım. Bunlara baxmayaraq, əksər hallarda eskalatorlardan yalnız biri işləyir. Nəzarətçi xanıma dedim ki, adam çox olanda eskalatorun ikisini də qoşmaq lazımdır. Cavab verdi ki, sən bizə iş öyrədəcəksən?”

Adını çəkdiyimiz şəxslərin metrodan narazılığı əslində hər gün minlərlə şəhər sakininin ürəyindən xəbər verir. Bu isə öz növbəsində cəmiyyətdə psixi gərginlik formalaşdırır. Söhbət metronun «Elmlər Akademiyası» stansiyasından düşmüşkən, xatırladaq ki, elə ötən ayın 24-də bu stansiyada böyük bir qalmaqal yaşanmışdı. Eskalatorlardan birində yaranan texniki problemə görə sərnişinlərin çıxışı çətinləşmişdi. Pik saatlarda insanlar metronu tərk etmək üçün ən azı 10-15 dəqiqə ləngiməli olublar. Bu səbəbdən də platformalarda sərnişin sıxlığı yaranıb, insanların bir hissəsi, nəinki vaqonlara, hətta platformalara da daxil ola bilməyiblər.

Həmin vaxt Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov açıqlamasında metroda sərnişin sıxlığının müşahidə olunduğunu dedi. Baş mühəndis bildirdi ki, gün ərzində saat 08:00-09:00 və 18:00-19:00 arası sərnişin sıxlığının ən pik olan vaxtıdır: “Sərnişinlərin sayı həddindən çox olur. Bəzi insanlar isə öz hərəkətləri ilə qatarların gecikməsinə, vaxtından bir neçə dəqiqə sonra sürət yığmasına səbəb olur. Qapını məcbur saxlayırlar, özlərini güclə vaqona salırlar. Qatar da gec tərpənməli olur. Bir çox ölkələrdə metroda polislər dayanır ki, onlar da əllərində dəyənəklə belə adamların başından vurub yerə salır. Bizdə isə belə deyil. Əhaliyə müraciət edərək bildirmək istəyirik ki, evdən bir qədər tez çıxsınlar, vaqonların qapısını saxlamasınlar, ümumi hərəkətə mane olmasınlar”. E.Muradov yaranan gecikmələrə qatarlarda yaranmış texniki nasazlığın da səbəb olduğunu deyib: “Biz bunu gizlətmirik, nasazlıqlar olur. Bizim vəzifəmiz sərnişinləri daşımaqla yanaşı, onların təhlükəsizliyini də qorumaqdır. Hər hansı nasazlıq yaranan kimi qatarın depoya qayıtması qərara alınır və bu da intervalın pozulmasına səbəb olur. Ümumilikdə isə deyə bilərəm ki, ciddi bir problem yoxdur”.

Vurğulayaq ki, Elbrus müəllimin ciddi hesab etmədiyi problemlər hələ də davam etməkdədir. Bunu öz müşahidələrimiz və vətəndaşlardan daxil olan şikayətlər də bir daha təsdiqləyir. Bütün bunların çözüm yollarını öyrənmək üçün elə metropolitenin baş mühəndisi ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə telefon zəngi açmağımıza baxmayaraq, qarşı tərəfdən “alo” səsi eşitmədik. Nəhayət, metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva ilə əlaqə saxladıq. O isə bildirdi ki, bu məsələlərlə bağlı Elbrus müəllim danışır, onunla əlaqə saxlayın. Onun da telefonlara cavab vermədiyini xatırladıb Nəzakət xanımla sağollaşdıq.

Amma bizim sağollaşmağımız əsas deyil. Əsas odur ki, metrodan hər gün istifadə edən yarım milyondan çox adam «sağ ol» desin.

Kaspi qəzeti