“Qara kağız gəldi Dubaydan bizə”- Yeni şeirlər

qara-kagiz-geldi-dubaydan-bize-yeni-seirler-
Oxunma sayı: 2663



İlk şeirim 1962-ci ildə, 16 yaşımda çap olunub.
Təqdim etdiyim bu şeirlər isə 66 yaşımda çap olunur – şükürlər olsun bu möhləti verən Böyük Yaradana!
40 ildi şeir yazmırdım, nəsrlə məşğul olurdum - indi də nəsrin içindəyəm.
Şəhərlə «salamməleyküm»ü kəsib həmişəlik kəndə köçdüm, şeir məni özünə tərəf elə çəkirdi ki…
Bir də gördüm ki… Mən ilk şeirimi də kənddə yazmışdım. Bu, bir möcüzədir.




Sapma


Dünya!
Bərk-bərk yapışardım yaxandan,
Ələ-keçən yaxan olsa.
Nəsrin yolundan sapıb
Şeirin ocaq yerində
ayaq saxladım-
həmişəlik qalardım,
üzümə xoş baxan olsa…

18.XI.2011






«Rüşvətxor binamusoviçə açıq məktub»


Eyni adlı şeirin müəllifi unudulmaz və danılmaz Rəsul Rzaya



Rəsul müəllim,
Yaman görünür yerin.
Bir az tozanaqdı,
Bir az istidi,
Bir az sərin.
Yaralar da ki, dərin…
Sən sarı
Yaman korluq çəkirik-
Korluqdu, korluq.
Dörd bir yanda
Görməzlik, korluq.
Bir yandan da
Bu rüşvətxorluq.
İndi uzaqgörən
kora deyillər.
Eeh!
Cəhənnəmə-gora deyillər!
İndi ən hörmətli adam
Rüşvətxora deyillər-
Keçirdillər yuxarı başa,
Yuxarı-başdan da
Keçib-oturullar başımızda,
Nə işə düşdük
Bu yaşımızda.
Rüşvətxorun uşağının
Əyni haram, başı haram.
Beyni-haram, yaşı haram,
Sözü, gözü, qaşı haram;
Arvadının üzüyünün qaşı haram,
Atasının, babasının
başı daşı haram.
Təsadüfən dillərinə
halal dəysə,
Ürəkləri qalxar-
Qusub batırarlar ölkəni,
Qalarıq altında.
Babalarından qalıb,
Hər şey rüşvətxorundu-
Pul da, zər də, altun da…
Arvadının məst paltarı,
Alt paltarı, üst paltarı-
hamısı haram,
namusu haram,
Özləri harın.
Onlar yaman artıbdılar,
Onlar yaman artıqdılar,
Onlar yaman sırtıqdılar-
sırtıq!
Vicdanları yamaq-yamaq, yırtıq-yırtıq.
Çox görmüşəm,
Orda –burda erkək-erkək gəzəndə,
bəzən də,
artıq-artıq,
sırtıq-sırtıq,
yırtıq-yırtıq,
Əzələ nümayiş elətdirirlər adamlara,
Əzələ.
Rüşvətxor Binamusoviç,
Alt paltarı
Haram olan qadınlar,
Altdan-altdan, mütəmadi,
o məsələ…
Rüşvətxor Binamusoviç,
Sənin naxış yolun var-
Bircə çıxış yolun var:
Arvadının ərinə de,
Kişi-kişi danışmasın,
Orda-burda öyünməsin.
Bir də
Arvadına tapşır,
Alt paltarı geyinməsin…

28.XI.2011



Qırx çalanının damazlığı


Heç bilirsən
Damazlıq nədi?
Tam çoxluq,
tam azlıq nədi?
Bunları bilsən
Özünü öyə də bilərsən-
Damazlıq da,
tam çoxluq da,
tam azlıq da-
bir ovuc qıcqırmış qatıqdı,
əlin aşağı olsa
yeyə də bilərsən.
Yoxdu adamdan başqa
adam əti yeyən-
adam nə balıqdı,
nə ətdi.
Gözünü qıyıb baxsan
Görərsən ki,
tarix çalalardan ibarətdi…
çalalaprın istisi var,
İstisinin tüstüsü var,
Dərini var,
Sərini var,
Soyuğu var,
Çalaların keflisi var,
Ayığı var,
Çalaların qayığı var,
Gəmisi var,
Əmisi var,
Dayısı var,
Tülküsü var,
Ayısı var,
çaqqalı var,
naqqalı var,
bakqalı var,
bakalı var,
bakalında şərabı var,
Şərabında bombası var,
insanlığın,
həqiqətin
şikəst olmuş
ombası var,
çalaların bir göz kimi
alası var,
dombası var.
Ögey anın çalası,
Okeanın çalası.
Səmanın hündür çalası,
Dünyanın minbir çalası,
Yağışın xəlbir çalası,
Güclü dövlətlərin
Əlbir çalası;
dar çalası,
gen çalası
mübarək orden çalası.
Bir bədbəxtin əlindəki
uddu çala.
Bir də gördüm
bir körpəni,
bir ailəni,
bir kəndi,
bir ölkəni,
bir dövləti
uddu çala.
Bir də gördün
bir millətin
dili çalaya düşdü,
ayağı kimi burxuldu
dilçəyi.
1812-də,
Rusiya çöllərində,
Ağappaq qış çalasında qalmışdı
Napaleonun bir cüt ağ əlcəyi.
Kim deyir ki,
Tarix qalalardan ibarətdi?
Xeyir!
Tarix mənim dediyim
Bu çalalardan ibarətdi.
Hava da bir çaladı,
Yuva da bir çaladı,
Allaha etdiyimiz
Duva da bir çaladı.
Şan, şöhrət, şərəf
çaladı,
Baxıram ki, dünyada
Elə hər tərəf çaladı;
Qala da bir çaladı,
Meşənin ortasında
Tala da bir çaladı
Əli, Vəli, Pirvəli
Məscid, Kilsə, Sineqoq,
Elə pir də çaladı,
Nizami də, Bayron da,
Şekspir də çaladı.
Bu da bir mənbaxandı,
Bu da bir nırxdı;
Heç bağışlamasın məni Milyon,
Ən böyük rəqəm Qırxdı!
Vəəəəə… Bu hara getdi,
Hanı?
Uzağa getmə,
Özünü tanı,
Sən dünyanın
nə tam çoxluğu,
nə də tam azlığısan-
Sən,
Qırx çalanın damazlığısan…
Oxucu! Sayaqladığıma görə,
Günahımdan keçmə haaa,
Bir başağrı dərmanı vərəcəm,
Ancaq içmə haaa….

16 noyabr 2011-ci il



Kasıb iti Gümüş


İtin qanı qırmızıya çalmır –
Beş min kilometr getmiş
Avtomobil motorunun yağı kimi
qapqara olur.
İtin qanı qara olanda,
Yəqin qanı lap qara olur-
Gözlərinin ağını,
Dişlərinin ağını
Ağardan zənci kimi,
Ya da qara xəbər verən
Telefon zəngi kimi.
Elə bilməyin ki,
Söhbət burda bitdi,
Bu dediklərim,
Dünyanın
Normal itlərinə aiddi.
Bəs kasıb iti,
Canında sirkəsi, biti?
Kasıb qapısında
Kasıb iti olmaqdan
Kasıb olmaq yaxşıdı.
Kasıb iti olmaqdan
Özünü asıb ölmək yaxşıdı.
Süddaş kasıbın dişini sındıranda,
Bir haqsız, bir allahsız
Kasıbı allahın evinə qədər
Yandıranda,
İtdən çıxar
Geyran belinə çıxan
Çörəyinin acığını,
Gərəyinin acığını
Nalənin, ahın da acığını
Lap belə
Allahın da acığını…
Evin yıxılsın
İt yiyəsi,
Hardansa beynimə ilişib cücərdi
«Kasıb» sözünün qafiyəsi;
Ay kasıb,
Bir də görəcəksən
İt özünü asıb…

16 noyabr, 2011-ci il




Bir nəfər


Niyə belə eləyirsən,
Nə xəbərdi?
Aşağısı yüz ilə hesablamışdım,
Soyuqluğun ayaqladı məni,
İstiliyin nə tez gəbərdi?
Bir vaxtlar
Sevincin, dərdin mənimlə.
Bir vaxtlar
İş yeri kimi baxardın varlığıma,
Öyünərdin mənimlə.
Yaşayırsan hikkənin
analoqu kimi,
Bir də Hamletin,
Ölüm-dirim monoloqu kimi.
Sən heç yolulmursan?
Yorulsan yaxşıdı;
Bir şanapipiyin
Alabəzəyinə vurulsan
Yaxşıdı,
Yorulsan durularsan,
Durulsan vurularsan,
Adamları sev ki…
Nifrətə çevrilən sevgi
Bic doğulmuş sevgidi
Əl-ayağı əyri,
Şikəst doğulmuş,
Gic doğulmuş sevgidi.
İstəyirsən lənətlə,
İstəyirsən qarğı,
Üzü qibləyə yox,
Üzü cəhənnəmə çevir məni-
Adamlar sevir məni.
Mənə dost deyənlər var,
Haqqımda
Canıma sarı yağ kimi
yayılan
Tost deyənlər var.
Hər kimsənsə
Öz adınsan-
Axı sən qadınsan.
Şəxsiyyət vəsiqəsində də
Qadın göstərilib cinsin.
İndii heç kişilər
kişi ola bilmir,
Sən kişi olmaq istəyirsən?
Bu barədə
Kim danışsın,

Kim dinsin?
Yersizdi, işvən, nazın.
Diqqət mərkəzində olmaqdır
Sənin xəstəliyin, diaqnozun.
Bəsdir,
Törtöküntülü ev kimi
Yığışdır özünü.
Bir təhər elə
Bu dünyaya sığışdır özünü.
Hamı məni istəyir,
sevir,
Bəsdir,
Məni hikkənin,
Nifrətinin başına çevir.
Dərdli adamlara dərd demək olmur,
Nakişi bəndəyə mərd demək olmur;
Kimə deyəsən dərdini?
Dünya da qova-qova
Namərd eləyir mərdini.
Kişini kişi eləyə bilsməsə də
Qadını kişi eləyir təbabət-
Bəlkə əməliyyata gedəsən,
Kişi olub qayıdasan-
Özü də babət.
Yaşasın təbabət!
Əlqərəz,
Məni istəməyən, məni sevməyən
Nə Əliquludu, nə Cəfərdi.
Məni istəməyən Odu-
Elə əsas da
O bir nəfərdi…

17.XI.2011



Şəhər


Şəhər əsəblərin yığıldığı
Nəhəng ambardı.
Nə qədər böyük olsa
O qədər də dardı.
Bizdə də bir şəhər vardı…
Şəhər
Kiril əlifbasındakı
Böyük «Q» hərifidi,
istəsən
asa bilərsən özünü,
sınayarsan taleyini
bəlkə qırıldı kəndir.
Başını aşağı sal,
ehmalca endir.
Şəhər
Kiril əlifbasındakı
Böyük «T» hərifidi-
yükü adamlıqdı,
Özü də ikiadamlıqdı.
İki nəfər könüllü gəlsin…
Adamların sağı solu…
Şəhər
Kiril əlifbasındakı
Böyük «Q» hərifi ilə dolu.
Bir qarıclıq yoldu,
Adamların ən uzaq yolu.
Şəhər
Kiril əlifbasındakı
Böyük «T» hərfi ilə dolu-
Görsənir hər yerindən şəhərin,
Bax, belə açılır səhərin.
Hardan gəlirsə gəlsin-
Köç
Adamlıq olacaq haaa…
Kiril əlifbasındakı
Böyük «Q» hərfi
Kiril əlifbasındakı
Böyük «T» hərfiylə birləşsə-
Arxa-arxaya versə,
üçadamlıq olacaq haaa…
yavaş-yavaş də… şair-
əvvəlcə bir, sonra iki, üç…
və sair…
Başqa bir qulluq
mənə dair

16.XI.2011.



Müdrik


Mənə deyirlər ki,
Həmişə dik-dik danışırsan-
dik adamsan.
Mənə deyirər ki,
Müdrik adamsan.
Şəhərdən baş götürüb
Kəndə qaçdım-
Dedilər müdrik adamsan.
Hamı qaçırdı
Mən də qaçdım-
Dedilər müdrik adamsan.
Cığır açmıram,
Yol çəkmirəm,
Deyirlər müdrik adamsan.
İyirmi ildi
Maaş cədvəlinə
Qol çəkmirəm –
Deyirlər müdrik adamsan.
Dərəyə dağ deyirəm,
Deyirlər müdrik adamsan.
Qatığa ağ deyirəm,
Deyirlər müdrik adamsan.
Allahımı danmıram,
Deyirlər müdrik adamsan
Bəzən heç nə qanmıram,
Deyirlər müdrik adamsan.
Qışda palto geyirəm,
Bıçağa balta deyirəm,
Boyunduruğa xalta deyirəm,
Nə deyirəmsə
Alt-alta deyirəm,
Deyirlər müdrik adamsan.
Eşşəyə tənbəl deyirəm,
Hər şeyi tən böl deyirəm,
Hər şeyi genbol deyirəm,
Deyirlər müdrik adamsan.
Heç vaxt ağac əkmə dedim,
Boş papağa çəkmə dedim,
Qarşımda diz çökmə dedim,
Tay zəhləmi tökmə dedim,
Dedilər müdrik adamsan.
Hər yetənə daş atırdım,
Çox yerlərdə baş apardım,
Ev tikməyə daş apardım,
Dedilər müdrik adamsan.
Aramızdan su keçməyən
Adamlarla aram dəydi,
Bir gün oturduğum yerdə
Dilimə də hapam dəydi,
Dedilər müdrik adamsan.
Vaxt olub ki, bu dünyaya
Ayıq baxdım, dəm də baxdım,
Vaxt olub ki,
Gözlərimə qan dammadı,
Ustadıma kəm də baxdım,
Dedilər müdrik adamsan.
Zaman uzun, uzundraz
Ömür törə.
Biz gəlmişik baxa-baxa,
Görə-görə,
Anlayırdım, qanırdım ki,
Müdriklik bir təşnədi.
Əgər müdriklik budursa-
Müdriklik heç nədi…

17. XI 2011-ci il



İynə


Mənim iynəm apteklərdə satılmaz,
Satqın deyil bir ayrı cür iynədi.
Deşənlərin heç birinə oxşamır.
Qıyıx nədi, təbənə nədi,
iy nədi…
Özü də bilməz,
Çoxu nədi, iy nədi;
Burnu yoxdu, sünnət eləyiblər-
Burunsuzdu, burunsuz.
Nə zamansa,
Lap saçınızın bir tükünə batsa,
Toqqaşdıyın, döyün, söyün,
vurun siz.
Mənim iynəm
Gecə-gündüz tər tökür –
Matordu, mator.
Mənim iynəm nə beldi,
Nə buldozerdi,
Nə də ekskvator.
Yetmiş ildi külüng vurur,
Hələ istəyinə çatmayıb;
Qarışqanın da
Ayağına batmayıb.
Gəl nə özünü,
Nə də çaşıb
Şeir oxuyanları yor.
Bir əlimdə qələm
Birində iynə:
Biriylə kitab yazıram,
Biriylə gör…
Hərdən də tərsinə olur,
tərsinə;
saman təpəndə
adamın dərisinə:
qələmlə gor qazıram,
iynəylə kitab yazıram…

18.XI.2011


Xoruz və Azərbaycan dili


«Ay pipiyi qan Xoruz!»
Pipiyin
Yüz il bundan qabaq olduğu kimi
Yenə qandı.
Bəs Azərbaycan xalqı
Sənin ixtisasını
Nə tez dandı.
«Drujba naradov» seriyasından
Danıldı sənin haqqın;
Rusiyada sənə «Petux» deyirlər,
İndi ha qışqır, ha banna
Ha hıqqın.
Sübut elə ki,
«Petux» deyilsən – Xoruzsan.
Bostanların, bərələrin qənimi,
Anaş toyuqların,
fərələrin qənimi.
Kim oxudu «petux» rədifli qəzəli,
Dilimizdə bu nə qəzəlxanlıq,
bu nə qəzəldi.
Əynin-başın,
Alışıb yanan libasın,
Fransızca danışan,
Ondoqquzuncu əsr
rus zabitlərinin
libası qədər gözəldi…
sən elə həmənsən-pipiyi qan;
deyə bilmərəm ki,
Səndə şuxluq görmürəm.
Mən səndə,
Zərrə qədər də
«Petuxluq» görmürəm.
Ad qoyduq üstünə,
Bu adı üstündən kim silər?!
Xoruzlanmaq sənə yaraşır,
Sən Xoruzlan, pipiyi qan Xoruzum,
Petux özü bilər…
Xoruz dilbilməzdi,
Dil bilsəydi,
Soyardı bizi,
Lap elə fərə yerinə
qoyardı bizi…
Bilmirəm, nə yatır
Azərbaycan dilində
danışanların qafasında-
Doqquz milyon şahidim var,
Çoxdandır efirdə səslənmir
«Mavidir» mahnısı
Elmira Rəhimovanın
İfasında.

Bu mahnını yozanların
Günahı nə boyda?

Bu mahnını yazanların
Günahı nə boyda?
Elə özümüz boyda.
Gözəl bir gündə, ayda
Fərq eləməz, yaz ağzı
Ya Apreldə, ya Mayda
Eşidərsiniz ki,
Azərbaycan dilini sel apardı.
Bax, o zaman
Ümidinizi nəyə bağlayacaqsınız,
Hansı dildə ağlayacaqsınız?
Lil altında qalacaq,
Yad dil altında qalacaq,
Rəhmətə getmiş dilimizin
Qurumuş, şəkəri, şirəsi,
Bağı, bostanı, dirliyi.
Yad bir dildə deyəcəyik:
Gəlsin hesabat versin,
Fövqəladə hallar nazirliyi…

18 XI 2011



Kənd xiffəti –şəhər qeybəti


İndi deyəcəklər ki,
Bu da ağzına gələni yazıb
Nə var ee
Şəhərdə nə itim azıb?
O səs-küyün, əsəbin
Hisin-pasın içində;
Köhnə hamam,
Köhnə tasın içində.
Vaxtından əvvəl
Doğulan uşaq kimidi
Erkən açılan səhər.
Lazım deyil mənə
İçindən içinə böyüyən şəhər.
İçini yeyən şəhər;
Hamilə qadın kimi
Gecə-gündüz
öyüyən şəhər, qusan şəhər,
bir-birini güdən şəhər,
busan şəhər-
Doğsa, nə doğacaq ki?
Kim olacaq doğduğu,
Ya ona oxşayacaq,
Ya sənə oxşayacaq
Ya da mənə-
Biz də ki, göz qabağında…
Həqiqətin düz qabağında,
Ən populyar jurnalın
üz qabığında-
Ancaq görən yoxdu.
Bu şəhərdə
Hər şey uzaqdı
Yupiter kimi, Mars kimi.
Bu şəhər,
Jurnalları, kitabları,
Axırıncı səhifədən tərsinə oxuyur,
Ərəb kimi, fars kimi;
Nə özü yetişər üzqabığına,
Nə də səbri.
Yanıb Sözünün toxumu
Cücərməz olub-
Möhtacdır söz qabığına.
Hər şeyi də çəkər
öz qabağına.
Basa bilməz nəfsini,
Asa bilməz nəfsini-
Ancaq özünü asar.
Dörd yanımız hasar!
Qalmışıq
boylana-boylana,
Vermişik boylana-boylana,
Almışıq,
boylana-boylana…
Qulağımda Aşıq Şakir Hacıyevdi:
Gəzir boylana-boylana,
Əzir boylana-boylana,
Kəsir boylana-boylana,
Dözür boylana-boylana,
Gəzir, əzir, kəsir, dözür,
Bezir boylana-boylana.
Boylanıb qurtaran kimi
Qol qaldırıb
Süzür boylana-boylana…
Sağ ol aşıq!
Bu da bir qarışıq…
Bu da bir yaraşıq…


18.XI.2011


Aşıq Ələsgərə xəbərçilik


Xəbərin var, ay Dədə
Sənə Yeraz deyillər?
Mənim adım olmasın
Borçalı çökəyindən
Gələnlərə Qraz deyilllər?
Köklü bakılılar azalıb
Şəhərin mərkəzində bir az qalıb -
Onlara da
Biraz deyillər…
Elə bil ki,
Gözümünən görmüşəm
Üç yerdən çatlayıb korun.
Mən də üç dəfə deyirəm:
Durun! Durun! Durun!
Ölmüşəm, ay Dədə
Molla çağır,
Ehsan ver,
Yerdən götür məni…
Ay Dədə Neyniyək?
Elə bunlar deyəni çeyniyək?!

18 XI 2011






Salatın


«Sallana-sallana gələn Salatın!»
Necə sallansan da göz dəyməyəcək.
Sən tək gözəlisən elin, elatın,
Sənə nə dəysə də, söz dəyməyəcək…

Nigarın, Həcərin darağı səndə,
Dədə Ələsgərin varağı səndə,
Bütün kişilərin marağı səndə,
Sənin sıfatına üz dəyməyəcək.

Dünyanın varında, heçində batdın,
Ənliyin-kirşanın içində batdın,
Rəhmətlik ananın üçündə yatdın,
Sənin əndamına diz dəyməyəcək.

Kar çıxmaz evlidən, subaydan bizə;
O, qamətdən bizə, o boydan bizə,
Qara kağız gəldi Dubaydan bizə,
Təbənədən yapış, biz dəyməyəcək.

«Sallana-sallana» gəldi Salatın,
Müdam qaqqıldadı, güldü Salatın,
Bir gün də yıxılıb öldü Salatın,
Gör necə turşməzə döldü Salatın…


18.XI.2011