...Qarabağ bizim olmayacaq

qarabag-bizim-olmayacaq
Oxunma sayı: 714

Son onillikdə cəmiyyətə sırınan bir fikir var: “Qoy qarabağılılar qabağa düşsün, başqaları da onların ardınca getsin, torpaqları azad edək”. Əslində ilk baxışda məntiqsiz görünən bir fikirdir. Amma bugünkü Azərbaycanın reallıqlarına açıq gözlə baxsaq görərik ki, bu fikirdə reallıq payı var.

Qarabağlılar doğrudan da qabağa düşməlidir. Amma...

***

Ötən həftənin maraq doğuran hadisələrindən biri dünya şöhrətli alim Rafiq Əliyevin ADNA-da tutduğu kafedra müdiri vəzifəsindən azad edilməsi oldu. Aydın məsələdir ki, Rafiq Əliyev haqqında verilən qərarın özəyində məhz onun ziyalıların toplantısına qatılması dayanır. Bu toplantıda hakimiyyətin siyasətindən giley ifadə olunduğu faktdır. Amma kim idi ora toplaşanlar. Hamısının adını çəkmək istəmirəm, amma bir faktı deyəcəm ki, indi canfəşanlıq edənlər arasında məhz “rejim” adlandırdıqları hakimiyyətin əlindən su içənlər, ev alanlar, onun hesabına bina tikdirənlər, deputat olanlar da vardı. Eldar Namazovdan tutmuş Gültəkin Hacıyevaya qədər.

Bu yerdə “Ulduz” filmindən məşhur fraza yada düşür: “Qızını istəyəndə Əlişə atam deyirdin...”.

İstəsək də, istəməsək də bu, Azərbaycanda ziyalı adlandırılanların simasıdır.
Məhz bu kontingentin içərisində Rafiq Əliyevi görmək istəməzdim. Çünki o elm bulağından və Qarabağ bulaqlarından su içib...

***

Qayıdaq Qarabağa və qarabağlılara.

Bəli, qarabağlılar qabağa düşməlidir ki, başqaları da onların arxasınca getsin. Məhz bu halda Qarabağa qayıda bilərik. Qarabağın qabağa düşə biləsi insanlarından biri də məhz Rafiq Əliyev idi. O da belə. İndi baxaq görək qabağa düşməyə layiq olan nə qədər qarabağlı var ki, az-çox səlahiyyət sahibidir.

***

Bu yerdə Qarabağ ətrafında gedən son proseslərdən də söz açmaq yerinə düşərdi. Son proseslər onu göstərir ki, münaqişənin ən azı 2 il donması artıq hamı tərəfindən qəbul olunub. Ümumi fikri isə Beynəlxalq Böhran Qrupunun rəsmisi Sabina Freyzer ifadə etdi.
Onun əsas gətirdiyi səbəb seçkilərdir. 2012-ci ildə həmsədr ölkələrdə prezident, Ermənistanda isə parlament seçkiləri keçiriləcək. 2013-cü ildə isə Azərbaycanda prezident seçkiləri keçirəcək.

Heç kəsin dilindən səslənməsə də, 2 illik dondurulmanın səbəblərindən biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmasıdır. Bu müddətdə Azərbaycanın bu məsələni həll etməsi qeyri-mümkündür. Çünki, müharibə edə bilməz, ermənilər isə sülhə gəlmir.

Bu yerdə Sabina Freyzerin dediyi başqa bir fikri yada salmaq istərdim. Onun sözlərinə görə, Azərbaycan BMT TŞ-da insan haqları, demokratiya məsələlərinin müzakirəsinə də hazır olmalıdır. Danılmaz faktdır ki, Avropa strukturlarında demokratiya və insan haqları baxımından Azərbaycanın imici ürəkaçan deyil. Bu isə ermənilər və ermənipərəstlər üçün əla şansdır. Elə buna görə də Azərbaycanın müharibə dili ilə danışmaq istəyi, BMT-də demokratiya və insan haqları mövzusunun müzakirə sürprizlərni ortaya çıxara bilər.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin son hesabatından da görünür ki, indi əsas məsələ atəşkəs xəttində atışmaların və itkilərin qarşısını almaq üçün mexanizm hazırlanmasıdır. Deməli, bu xəttin varlığı hələ uzun sürəcək. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq.

***

Bütün bunlarla yanaşı, indi ortada olan ən real yanaşma icmalararası dialoqdur. Hələ dörd ay əvvəl bu barədə yazımda da bildirmişdim ki, icmalararası dialoq vacibdir. Amma əsas məsələ kimin kiminlə üz-üzə oturmasıdır.

Azərbaycan üçün xoşagəlməz nüans da elə bundadır. Hazırda cəmiyyətin müzakirəsində olan məsələlərdən biri də Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovun bu vəzifənin tələblərinə nə qədər cavab verib-verməməyidir. Mövcud fikir birmənalıdır - Bayram Səfərov bu işə yaramır. Amma o hələ də bu vəzifədədir. Danılmaz faktdır ki, bu vəzifəni tutan adamın ilk növbədə diplomatik vərdişləri olmalıdır. Əks halda, Bayram Səfərov kimi proseslərdən kənarda qalmaq qaçılmazdır.

Artıq neçənci dəfədir ki, regiona səfər zamanı Minsk Qrupu həmsədrləri İrəvan-Xankəndi-Bakı marşrutu ilə hərəkət edirlər. Onlar Bako Saakyanla görüşsələr də, Bayram Səfərovla görüşmürlər. Bundan Azərbaycana dəyən diplomatik zərəri isə yəqin ki, büdcə vəsaitinin artırılması ilə örtmək mümkün deyil. İndi bunu Azərbaycanda hamı bilir.

***

Beləliklə...

Nə vaxta qədər ki, Qarabağa getmək istəyənlərin qabağında getməyə layiq olan qarabağlılar sıxışdırılacaq, əvəzində Minsk Qrupu həmsədrlərinin qabağına çıxarıla bilinməyən qarabağlılara səlahiyyət veriləcək, o vaxta qədər Qarabağ bizim olmayacaq.