“Qarabağ” Bloku hakimiyyət qarşısında tələb qoydu

qarabag-bloku-hakimiyyet-qarsisinda-teleb-qoydu
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, Qarabağ Bloku 2 aprel aksiyasında həbs olunanlarla bağlı çıxarılan məhkəmə hökmünə etiraz olaraq bəyanat qəbul edib. Blok məhkəmə istintaqı zamanı ortaya çıxan təkzibedilməz faktların, aksiya iştirakçılarının ittiham olunduqları maddələr üzrə tamamilə günahsız olduğunu bir daha sübut etdiyini bildirib.

Onlara verilən cəzaları isə absurd hesab edib: “Qarabağ Bloku 2 aprel aksiyasında həbs edilənlər və islamçıların keçirdikləri aksiyalarda həbs olunanlarla bağlı məhkəmə qərarını ədalətsiz və siyasi sifariş əsasında çıxarılan hökm hesab edir. Bu hökmlər insanların sərbəst toplaşmaq, ifadə azadlıqlarını, demokratik və düzgün idarəçilik istəklərini boğmağa yönələn siyasi qərardır, ölkəmizdə ədalətli məhkəmə sistemi ilə bağlı hələ də böyük problemlərin mövcudluğunun göstəricisidir. Bu hökmlər Azərbaycanda siyasi məhbusların sayının artırılmasına xidmət edən, ölkəmizin beynəlxalq imicinə zərbə vuran növbəti yanlış addımdır”.

Blok hesab edir ki, Azərbaycan hakimiyyəti yol verilən bu hüquqi yanlışlığı tezliklə aradan qaldırmalı, dövlətimizin beynəlxalq aləmdəki imicinə ziyan vuran məhkəmə qərarlarını ləğv etməlidir.

Qarabağ Bloku Azərbaycan hakimiyyətindən “dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna ağır zərbə vuracaq bu repressiyaların durdurulmasını, ədalətsiz və sifarişli məhkəmə qərarlarının icrasının dayandırılmasını” tələb edib.

Birgə keçirilən toplantıda bələdiyyə seçkiləri ilə bağlı məsələnin müzakirəsi zamanı seçkilərdə blok şəklində deyil, bloka daxil olan partiya üzvlərinin fərdi qaydada iştirakını nəzərdə tutan qərar qəbul edilib.