Qarabağ münaqişəsinin həlli – Təkliflər paketi

qarabag-munaqisesinin-helli-teklifler-paketi
Oxunma sayı: 1182

Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli ilə bağlı Avro-Atlantik Şuranın təkliflər paketi

Ermənistan-Azərbaycan münaqişəsinin dinc danışıqlar yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun yaradılmasının 20 illiyi yaxınlaşır. Minsk qrupunun, eyni zamanda bu qrupun həmsədrlərinin uzun illər ərzində gördüyü işin nəticəsi(əslində nəticə verməməsi) ortada. Azərbaycan Respublikasının(AR) rəsmiləri də bu formatda aparılan danışıqların bir nəticə vermədiyini, belə davam edərsə işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsinin qaçınılmaz olduğunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib.

Beynəlxalq və xarici ekspertlər də bu “ közərən münaqişə ”nin yenidən alovlanmasından və regional münaqişəyə çevrilməsi ehtimalından artan narahatlıqlarını ifadə etməkdədi.
Digər tərəfdən, qonşu regionlarda(Şimali Afrika, Yaxın və Orta Şərq) baş verən böyük inqilabi dəyişikliklər səbəbindən artan gərginliklər, eyni zamanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin kəskinləşməsi, NATO-nun RHM sistemi elementlərinin Türkiyədə yerləşdirilməsi qərarı və Gürcüstanın alyansa üzvlüyü məsələsinin yenidən aktuallaşması səbəbindən Rusiyanın C.Qafqazda daha da aktivləşməsi regional hərbi-siyasi vəziyyəti, eyni zamanda Azərbaycanın xarici təhlükəsizlik mühitini mürəkkəbləşdirməklə daha da aşırlaşdırır.

Dünyada və qonşu regionlarda, eyni zamanda Rusiya da daxil olmaqla qonşu ölkələrdə böyük dəyişikliklərin yaşandığı və ictimai-siyasi vəziyyətin gərginləşdiyi bir mürəkkəb dövrdə AR BMT TŞ-də müvəqqəti üzv kimi fəaliyyətə başlayır. İki illik bu mühüm dövr ölkəmizin qlobal və regional sülh, sabitlik və təhlükəsizlik üçün məsuliyyətini artırmaqla bərabərində yeni imkanlar və fürsətlər də gətirməkdədi.

Mövcud qlobal və regional şəraiti, onun başlıca tendensiyalarını, ölkəmiz ətrafında formalaşan və getdikcə ağırlaşan əlverişsiz təhlükəsizlik mühitini, “közərən regional münaqişələr”in, eyni zamanda Azərbaycanın cəlb olunduğu münaqişənin həllinin artan zərurətini nəzərə alan Avro-Atlantik Şura bu münaqişənin beynəlxalq hüquq normalarına və milli maraqlarımıza uyğun həlli üçün yeni konseptual siyasi-diplomatik yanaşma təklif edir. Bu yeni yanaşma aşağıdakı kompleks siyasi-diplomatik addımların atılmasını nəzərdə tutur.

1. Ermənistan Respublikasının işğalçı dövlət kimi tanınması məqsədi AR xarici siyasətinin öncəliklərindən biri elan edilsin və bu istiqamətdə məqsədyönlü, ardıcıl və qərarlı siyasi-diplomatik fəaliyyətə start verilsin.

2. AR BMT TŞ-nin üzvü hüququndan da istifadə edərək bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi(bundan sonra münaqişə adlanacaq) haqqında qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrası məsələsini qərarlılıqla və təkidlə
qaldırsın və onların qeyd-şərtsiz yerinə yetirilməsini tələb etsin.

3. AR bu tələb yerinə yetirilməyincə, işğal altındakı ətraf rayonlar işğaldan azad edilməyincə aparılan danışıqlarda Dağlıq Qarabağın(DQ) gələcək statusunun müəyyən edilməsi məsələsini gündəlikdən çıxarsın, sadəcə bu danışıqlarda iştirakdan imtina etsin. ATƏT-in Minsk qrupunun ilkin mandatına görə də keçmiş DQMV-nin inzibati ərazisindən kənar ərazilər işğaldan azad edilməmiş DQ-nin status məsələsi müzakirə edilə bilməzdi.

4. AR münaqişənin həlli üçün aparılan danışıqların gedişində yaranmış vəziyyətin və Minsk qrupunun 20 illik fəaliyyətinin nəticələrinin müzakirə olunması məqsədilə BMT-nin himayəsi altında yeni beynəlxalq konfransın çağırılmasını tələb etsin və Minsk Qrupunun bu uzun dövr ərzindəki nəticəsiz fəaliyyətinə beynəlxalq birliyin obyektiv qiymət verməsinə çalışsın.

5. AR bu konfrans öncəsi, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edildiyi və Ermənistan Silahlı Qüvvələrinin DQ də daxil olmaqla Azərbaycan ərazisindən tam çıxarıldığı halda, DQ-də yaşayan etnik kökəncə erməni olan öz vətəndaşları ilə birbaşa danışıqlara hazır olduğunu bəyan etsin.

6. AR bu formatda aparılacaq danışıqlarda AB-nin və ya AB, ABŞ, Rusiya və Türkiyə dördlüyünün müşahidəçi, eyni zamanda əldə olunacaq razılaşmaların beynəlxalq təminatçıları kimi iştirak edə biləcəyinə prinsipcə razılığını bildirsin.

7. Ermənistan Silahlı Qüvvələrinin DQ də daxil olmaqla Azərbaycan ərazisindən tam çıxarılması iki mərhələdə aparıla bilər:
birinci mərhələdə silahlı qüvvələr ətraf rayonlardan çıxarılmalı və DQ-nin inzibati ərazisinin perimetri üzrə AB-nin(və ya dörtlüyün) müşahidə missiyası yerləşdirilməli;
ikinci mərhələdə isə, Azərbaycan- DQ danışıqları başlamadan öncə, işğalçı qüvvələr DQ ərazisindən çıxarılmalı və beynəlxalq müşahidə missiyası genişləndirilərək bu qurum ərazisində də əldə edilən razılaşmaların həyata keçirilməsinə nəzarəti həyata keçirməlidi.
Bu mərhələdə AR gücdən və ya güc nümayişindən istifadədən imtina etmə və münaqişənin yalnız dinc danışıqlar yolu ilə həlli barədə, DQ-nin faktiki rəhbərliyi isə bütün məcburi köçkünlərin və didərginlərin öz doğma yerlərinə və evlərinə qayıtmalarına şərait yaradılması haqqında beynəlxalq birlik qarşısında öhdəlik götürməyə hazır olmalıdı.

8. AB konfliktin həlli istiqamətində beynəlxalq təşəbbüsü ələ almalı, eyni zamanda C.Qafqaz ölkələrinin hər üçünə ittifaqa üzvlük perspektivi və bunun üçün aydın “yol xəritəsi” verməlidi. DQ-də yaşayan erməni vətəndaşlarımız da görünən gələcəkdə azad, demokratik və zəngin Azərbaycanda- bir Avropa ölkəsində sosial rifah içində yaşayacaqlarını görməlidi.

9. Münaqişənin həlli prosesinə AB-nin aktiv cəlb edilməsi üçün AR aktiv xarici siyasət aparmalı, ilk növbədə ittifaqın Şərq Tərfdaşlığında aktiv iştirak etməli, vaxt itirmədən süni əngəlləri aradan qaldırmalı, Assosasiya Müqaviləsinin imzalanması və Azad Ticarət Məkanının yaradılması haqqında danışıqlara başlamalıdı.
AR, eyni zamanda bu format daxilində AB ilə münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinin başladılmasına nail olmalıdı.
Bu istiqamətdə aparılacaq aktiv xarici siyasətin, siyasi-diplomatik fəaliyyətin səmərəli olması və gözlənilən nəticələri verməsi üçün AR yaxın perspektivdə daxildə də bir sıra təxirəsalınmaz addımlar atmalı( Bax: “Demokratiyaya “yumşaq” keçid strategiyası” , “Azadlıq” qəzeti, 08 Aprel 2011 , N-78) , ilk növbədə:

* rəsmi Bakı qəti demokratik strateji seçim etməli, AR Milli Təhlükəsizlik Konsepsiyasında da göstərildiyi kimi Avro-Atlantik məkana inteqrasiya həqiqətən ölkəmizin strateji inkişafının başlıca məqsədi olmalı, onun daxili və xarici siyasəti bir-birini tamamlamalı;

* hakimiyyət artıq zaman itirmədən milli birlik istiqamətində addımlar atmalı, siyasi müxalifətlə və vətəndaş cəmiyyəti ilə dialoqa başlamalı;

* ictimai müzakirələrdən keçən Demokratik İslahatlar Proqramını qəbul edib ölkədə həqiqi demokratik siyasi, hərbi, iqtisadi və hüquqi islahatlara başlamalı;

* müvəqqəti Milli Etimad Hökuməti yaradılmalı, korrupsiya, inhisarçılıq, gizli iqtisadiyyat və məmur özbaşınalığı, hüquqi nihilizmlə əsaslı mübarizə aparılmalı;

* sosial ədalətin təmin edilməsi istiqamətində ciddi addımlar atılmalı, milli gəlirin, eyni zamanda neft gəlirlərinin bölgüsündəki ədalətsizlik və bərabərsizlik aradan qaldırılmalı;

* səmərəli ictimai nəzarət mexanizmləri yaradılmalı, büdcənin və milli sərvətlərimizin talan edilməsinə son verilməli;

* zəruri siyasi islahatlardan sonra ölkədə erkən parlament seçkiləri keçirilməli;

* AR-in yeni demokratik konstitusiyası işlənib hazırlanmalı və qəbul edilməlidi.