Qarabağ problemi Fransada müzakirə olundu

qarabag-problemi-fransada-muzakire-olundu
Oxunma sayı: 725

Tədbir dekabrın 8-də Azərbaycanın Fransadakı səfirliyi və Dağlıq Qarabağın azərbaycanlı icmasının təşəbbüsü ilə baş tutub.
“Qafqazinfo”nun AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Dağlıq Qarabağ münaqişəsinin yalnız Cənubi Qafqaz bölgəsinin deyil, Avropanın da təhlükəsizliyini sual altında qoyduğunu diqqətə çatdırıb, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam etdiyini, işğalın bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olduğunu, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişəni danışıqlar yolu ilə həlli istiqamətindəki səylərinin hələlik nəticə vermədiyini, Azərbaycanın gündəlik həyatında münaqişənin mənfi təsirinin əks olunduğunu bildirib.
Azərbaycanın münaqişəni hərbi yolla deyil, sülh yolu ilə həllinə səy göstərməsinə diqqət çəkən səfir işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd edib.
Azərbaycanın nəyin bahasına olursa olsun öz ərazi bütövlüyünü təmin etməkdə israrlı olduğunu deyən səfir ölkənin öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacağını diqqətə çatdırıb.
Minsk qrupunun sabiq həmsədri Bernar Fasye çıxışında münaqişənin törətdiyi dəhşətlərin Avropada olduğu kimi hiss edilmədiyini, müharibənin 30 minədək insanın həyatına son qoyduğunu deyib: “Mən Dağlıq Qarabağ münaqişəsini heç də dondurulmuş münaqişə hesab etmirəm. Çünki bu gün snayperlərin atəşləri nəinki sərhəddəki əsgərlərin, hətta dinc əhali arasında insanların həyatına son qoyur”.
Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 Azərbaycan rayonunda bir nəfər belə azərbaycanlının qalmadığına diqqət çəkən Bernar Fasye işğal altındakı ərazilərdə vaxtilə 50-60 min əhalisi olan şəhərlərin az qala xəritədən silinmək üzrə olduğunu bildirib.
Azərbaycan Musiqi Akademiyasının rektoru, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli Dağlıq Qarabağ bölgəsində azərbaycanlılarla ermənilərin daim bir yerdə yaşadıqlarını diqqətə çəkib. O, regionda sülhə nail olduqdan sonra iki xalqın bir yerdə yaşamasının qeyri-mümkünlüyü barədə səslənən fikirlərlə razılaşmadığını bildirib, bu fikrin sadə erməni xalqını uçuruma sürükləyən erməni siyasətçilər tərəfindən irəli sürüldüyünü qeyd edib.
Tədbirdə Fransanın Azərbaycandakı keçmiş səfirləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, fransalı senator və deputatlar, Milli Məclisin deputatları, fransız ictimaiyyətinin nümayəndələri, diaspor təmsilçiləri, tələbələr və jurnalistlər iştirak ediblər.