Qarabağa “küləyin” sürəti artır

qarabaga-kuleyin-sureti-artir
Oxunma sayı: 697

Əvvəlcə “qasırğanın” əlamətləri və bu əlamətlərin ardıcıllığı:
1) Hərbi paraddan sonra Azərbaycan hərbi ritorikanı dayandırıb.
2) Uğursuz Kazan danışıqlarından sonra belə bir formatda təmasların davamı perspektivi yoxdur. Bu formatın təşəbbüskarı olan Rusiya prezidenti Medvedyevin də sayılmış günləri qalır. Deməli, ikinci Kazan gözlənilmir.
3) Ermənistan prezidenti Ağrı dağı barədə erməni gənclərinə məsləhət verir, Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırır.
4) Cəbhə xəttində atəşkəsin pozulması halları intensivləşir və Azərbaycan ciddi itkilər verir.
5) 32 avropalı deputat Azərbaycanın zərərinə olan bəyanata imza atır.
6) Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağa Avropada tətbiq olunan muxtariyyət verməyə hazır olduğunu bildirir.
7) ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın sonunda regiona səfər etməyə hazırlaşdığı bir vaxtda Azərbaycanın xarici işlər naziri bildirir ki, vasitəçilər kompromis təklifi ilə gəlirlər.
8) ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər ərəfəsində münaqişənin həllinin 6 elementi və 3 prinsipini bir daha yada salırlar. 3 prinsipin birincisi isə odur ki, münaqişə güc tətbiqi ilə həll oluna bilməz.
Qarabağda başlayan “qasırğanın” hansı itkiləri gətirəcəyi məhz bu 3 prinsip və 6 elementdə özünü daha açıq şəkildə göstərir. Bu elementlərə keçməzdən əvvəl isə “qasırğanın” 7 əlamətinə nəzər salaq.

Kazan görüşündə Azərbaycanın əleyhinə olan prinsiplərə qol qoymayan və öz şərtlərini irəli sürən Prezident İlham Əliyev yaranmış situasiyada dünyaya müharibə mesajını verdi. Sözsüz ki, bu, müdafiə instinktindən doğan diplomatik manevr idi. Amma rəsmi Bakının bu jesti Azərbaycanda demokratiya sahəsində problemlərin olması ilə bağlı bəyanatlara rəvac verdi. Qərb Azərbaycanın hərbi ritorikasına antidemokratik rejim damğası ilə cavab vermək yolunu tutdu. Sonra ara sakitləşdi. Pərdəarxası razılaşma qüvvəyə mindi.
Amma belə çox davam edə bilməzdi. Bu sakitlik sözsüz ki, Ermənistanı həvəsləndirdi və Serj Sarkisyan məlum bəyanatlarını verdi. Amma bu dəfə rəsmi Bakı təmkinli davrandı. Çox keçmədən İlham Əliyev Avropa nümunəli muxtariyyət məsələsini ortaya atdı. Bu günə kimi yüksək muxtariyyətdən danışan rəsmi Bakı məsələni bir qədər konkretləşdirdi.
Bütün bunlarla paralel, cəbhə xəttində real atəşkəs pozuntusu halları artdı. Azərbaycan itkilər verdi və vəziyyət hələ də sabitləşməyib. Bununla bağlı detalları isə məlum səbəblərdən sadalamaq istəmirəm.
Doğrudur, ATƏT sədrinin şəxsi nümayəndəsi də atəşkəs pozuntusundan narahat olduğunu bildirib. Hamının bildiyi bir fakt da var ki, atəşkəsin pozulması ilə paralel, ATƏT sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinqlər keçirilir. Bu ərəfədə baş tutan monitorinqlərdən sonra verilən informasiyalarda isə “monitorinqin insidentsiz başa çatdığı” vurğulanır.
Əslində, məqsəd və nəticələri rəsmi surətdə gizli saxlanılan bu monitorinqlər barədə nə Azərbaycanın, nə Ermənistanın, nə də ATƏT-in səlahiyyətliləri danışmaq istəmir. Çünki məqsədi kəşfiyyat xarakterli məlumatların toplanması olan bu monitorinqlərin son nəticələrinin kimin masasına qoyulduğu müəmmalı və kifayət qədər düşündürücüdür. Amma bu, başqa mövzudur.

Qayıdaq “qasırğa”ya.
Bütün bunlardan sonra, həmsədrlər regiona gəlir. Kompromis axtarışına.
Kompromis?
Nədə kompromis?
Çox düşünməyə ehtiyac yoxdur. Həmsədrlər regiona münaqişənin həllinin kompromis variantını yox, nizamlanma prosesinin kompromis variantının tapılması üçün gəlir.
Söhbətin nədən getdiyini anlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yada saldığı 6 elementə nəzər salaq:
1) Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması;
2) Dağlıq Qarabağa keçid statusunun verilməsi;
3) Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi;
4) Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli;
5) Köçkünlərin öz yurd-yuvalarına dönüşü;
6) Bölgədə beynəlxalq təhlükəsizlik təminatlarının və sülhyaratma əməliyyatının həyata keçirilməsi.
İlk baxışda təəccüblü nə var ki?
Amma maraqlıdır ki, bu sadalananlar nədir?
Ardıcıllıq, yoxsa nəzərdə tutulan sülh sazişinin elementləri?
Bu sualın yaranmasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi açıqlama detonator hesab edilə bilər. Jurnalistlərin “niyə köçkünlərin yurd-yuvalarına dönüşü 5-ci bənddə göstərilib” sualına cavab verən nazir bildirib ki, söhbət Dağlıq Qarabağın Azərbaycanlı icmasından gedir. Belə çıxır ki, göstərilən elementlər ardıcıllıqdır?
Amma yox.
Belə ardıcıllıq ola bilməz. Çünki, hər şey həll olandan sonra sülhməramlıların bölgəyə gəlişinin (6-cı element) nə mənası var? Əgər tərəflər hər şeyi öz aralarında həll edəcəklərsə, sülhməramlılara nə ehtiyac var?
Yox, əgər doğurdan da sülhməramlılara ehtiyac varsa, onda onların bölgəyə gəlişi ilkin mərhələdə olmalıdır.
Deməli, 6 element ardıcıllıq deyil, eyni vaxtda tətbiq olunacaq şərtlərdir. Bu isə onu ifadə edir ki, 6 elementli həll məhz paket həll variantının elementləridir.
Aydındır ki, Elmar Məmmədyarov qaçqınlar barədə danışanda sualdan yayınıb və jurnalistləri başından eləyib. Amma Elmar Məmmədyarov onu da bildirib ki, bəzi məsələlərdə razılığa gəlinməyib və yeni formul axtarılır.

Bütün bu deyilənləri və diplomatik mənbələrdən əldə olunan məlumatı uzlaşdırıb belə bir həqiqəti söyləmək istərdim: Həmsədrlər Azərbaycana illərlə üstündə dayandığımız prinsipdən birmənalı və birdəfəlik çəkilməyi tələb etməyə gəlir.
Hamı bilir ki, danışıqlarda Azərbaycan məsələnin mərhələli, Ermənistan isə paket həllini məqbul hesab edir. İndi isə həmsədrlər Azərbaycandan məsələnin paket həllinə razılıq verməyi tələb etməyə gəlir. Buna nail olsalar “kompromis əldə olundu” deyəcəklər.
İllərlə Azərbaycanın sadiq qaldığı bu prinsipdən çəkilməsi kimə və niyə lazımdır?
İlk növbədə bu, Ermənistan prezidentinə lazımdır ki, Azərbaycanın geri çəkildiyi üzərində təbliğat qurmaqla öz komandasını parlamentə yerləşdirsin.
Rəsmi Bakının buna razılaşmayacağı təqdirdə Qərb “Azərbaycanda demokratiyanın müdafiəsinə qalxa bilər”. Bununla eyni zamanda isə rəsmi İrəvan da Bakını qeyri-konstruktivlikdə qınaya bilər.
Ola bilər ki, məhz bu perspektivi gördüyü üçün Prezident İlham Əliyev Avropa muxtariyyətlərinin tətbiqindən danışmaqla profilaktiki addım atıb. Bu profilaktiki addımın nə dərəcədə effektli olduğunu isə oktyabrın sonunda biləcəyik.
Sözsüz ki, rəsmi Bakının hansı addımı atmasından asılı olmayaraq bir reallıq gün kimi aydındır. İndi hamı bilir ki, Azərbaycan müharibəyə hazırlaşmır və hələlik müharibə etmək fikrində də deyil. Bu reallıq isə qarşı tərəfə müəyyən manevr üstünlükləri verir.

Belə bir vəziyyətdə artıq başlamış “qasırğadan” itkisiz çıxmaq sözsüz ki, çox çətin olacaq. İndi hər şey rəsmi Bakının taktiki manevr bacarığı və imkanlarından asılıdır. Prezident İlham Əliyev Azərbaycanın imicinə mənfi çalarların əlavə olunmasına yol verməməli, danışıqlar prosesində konstruktiv olduğunu beynəlxalq aləmə bir daha sübut etməli və “qasırğanın” Azərbaycandan qoparmaq istədiyini öz əlində saxlamağı bacarmalıdır.

Ayağını yerə bərk dirə, Azərbaycan, küləyin sürəti artır.