Qarabağı qışda alsaq...

qarabagi-qisda-alsaq
Oxunma sayı: 676

Hər kim ki, 12.10.2011 tarixdə İctimai Televiziyanın Samuxdan hazırladığı səhər proqramına baxıb, bu arzuları da eşidib. Bu xatırlatmanı ona görə etdim ki, məni xalqımızı olmayan yerdən tərifləməkdə suçlamayasınız.

Özünüz fikirləşin, hansı millətin nümayəndəsi belə bir ülvi arzu ilə yaşaya bilər.
Təsəvvür edirsinizmi ki, Bakıya pənah gətirmiş bir çeçen qadın desin: “Allah qoysa, rus imperiyası dağılar, biz də gedib Cövhərqalada yuxa yayarıq”.
Və yaxud, hansısa bir gürcü qadını arzulayarmı ki, Şimali Osetiya Gürcüstanın tərkibinə qayıtsın, mən də gedim orda bir yuxa yayım, çörək bişirim”.
Onlar belə şeylərin qədrini bilməzlər.

Lap elə götürək gürcü qızı Manananı. Mən eşitməmişəm ki, o deyə: “Kaş Osetiya ruslardan təmizlənəydi, mən də gedib orada konsert verəydim”. Mən onun dilindən belə söz eşitməmişəm. Bəlkə kimsə eşidib?
Amma qadasını aldığım bizim milli mədəniyyətimizin daşıyıcılarının elə bir nümayəndəsi yoxdur ki, ən azı bir dəfə bu arzunu dilinə gətirməsin: “Gün o gün olsun ki, Qarabağ alınsın. Mən də gedim orada, Cıdır düzündə konsert verim”.
Ha fikirləşdim ki, bəlkə kimsə bu sözü deməyib. Tapa bilmədim ki, bilmədim.
Mən sizi inandırım ki, Qarabağı qış vaxtı da alsaq belə, bu qadasını aldığım milli mədəniyyətimizin nümayəndələri hamısı Cıdır düzündə keçiriləcək konsertdə oxumaq istəyəcək. Söz veriblər axı. Amma bu bədbəxtlərin çoxu bilmir ki, qış vaxtı, Cıdır düzündə, açıq havada oxumaq müşkül məsələdi. Ümumiyyətlə, mümkün deyil. Bunu öz aramızda deyirəm. Onların qulağından uzaq.
Qışda Şuşada yuxa yaymaq olar, oxumaq da olar. Amma Cıdır düzündə yox.
Bunların çoxu nabələddi, bilmir. Görən, bunu bilənlər niyə səsini çıxarıb demir ki, ayə, qışda, Şuşada, Cıdır düzündə oxumaq olmaz.
Bəlkə onlar Qarabağ qışda alınsa, fonoqramla oxuyacaqlar?
İnanmıram.
Qarabağ alına, hansısa müğənni də bu münasibətlə Cıdır düzündə konsertdə fonoqramla oxuya, mümkün deyil. Məni qınamayın, həmin müğənni yüz faiz ermənidi, bu xalqın düşmənidi, vicdansızdı. Adamda milli qan olar ey. Şuşa alına, orda da fonoqramla oxuyasan? Bu nə insanlıqdı? Bu nə vətənpərvərlikdi? Belə olmaz.
Vallah, yenə də inanmıram ki, kimsə risk eləyə o konsertdə fonoqramla oxuya. Mümkün deyil.
Bəs onda bu necə olacaq? Yenə deyirəm, Qarabağı qışda alsaq, Cıdır düzündə keçirilən konsert necə olacaq?
Yuxa yaymaq olacaq. Amma Cıdır düzündə konsert yaman müşkül görünür. İndi gəl Minsk Qrupunun həmsədrlərinə cavab ver. Biabır olduq...

P.S. Müdrik xalqımızın gözəl bir deyimi var. “Lazım gəlsə, torpaqlarımızı hərb yolu ilə də olsa azad edəcəyik”.
Allah eləyə, bu qış lazım gəlməyə. Yoxsa bütün dünya bizə gülər ki, Şuşanı aldılar, orda bir konsert də keçirmədilər.
Ay Allah, Sən böyüksən, mərhəmətlisən, adılsən. Ay Allah, Sən Özün bizi bu dünya qarşısında xar eləmə!
Deyin: Amin!