Qarpız mədəniyyəti

qarpiz-medeniyyeti
Oxunma sayı: 671

O “inəyə” qarpız-yemiş yedirtsək də pul sağacağıq, mədəniyyət yedirtsək də. Azərbaycanın ən səviyyəsiz musiqiləri Ədalət Şükürov, İbrahim Borçalı kimi müğənnilərin sayəsində Rusiyada bizim musiqi dəllallarına yaxşı pul qazandırır... Təkcə pulmu? Əlbəttə, yox. Bizim cəlayi-vətənlər orada İbrahim Borçalının oxuduğu mahnılara qulaq asıb kövrələndə, İvan mat qalır: əcəba, bu nə mahnıdır ki, buna qulaq asıb kövrəlirlər, yaxud, feyziyab olurlar? Və beləcə mədəniyyətimiz bu notlar üzərində təbliğ olunur... Di gəl, İvana izah elə ki, ay İvan, sən öl, Üzeyir Hacıbəyov da bu xalqın övladıdır...

“Tı kto takoy? Davay, do svidaniya!” Bu meyxana artıq hamıya tanışdır. Bu meyxana bu gün Rusiyada Azərbaycanı təbliğ edir. Bu meyxananın müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları Rusiya telekanallarına dəvət alırlar. Bizim meyxana təəssübkeşləri bu fikirlərdən əndişələnməmişdən öncə həmin meyxana şousunun lentə alındığı toydakı gənclərə diqqətlə baxsınlar. Kimdi bu gənclər? Üz-gözlərindən avamlıq, cahillik yağan, bivec, baxımsız kütlə... Adam dəhşətə gəlir: bəlkə də bu gənclər boynu qalstuklu, savadlı, cəmiyyətə və ailəsinə fayda verə biləcək insanlar ola bilərdi... Amma ola bilmədilər. Ona görə ki, toplumda bu cür bayağı musiqiyə vəhşicəsinə şaqqanaq çəkən, mənasız qafiyə oyunbazlığından zövq alan cahil yığını olmasa, para güdən mədəniyyət dəllalları ac qalar. “Tülkü və qarğa” təmsilində deyildiyi kimi...

İndi gəlin ORT-yə, Ukrayna televizyasına dəvət alan Rüstəmov qardaşlarının ağızları köpüklənə-köüklənə danışdıqları həmin dəvətlərdən sonra Rusiyanın Azərbaycan mədəniyyəti haqda nə düşünə biləcəklərini göz önünə gətirək. Təbii ki, onlar bunu bizim folklor nümunəsi kimi təqdim edəcəklər. Bu cür “folklor” nümunəsi rus insanının düşüncəsində Azərbaycan haqda necə təsəvvür yaradacaq? Uzaqbaşı nə deyəcəklər, bilirsizmi: “Takoy kulturı mojno ojidat tolko ot prodavtsa arbuzov...”

Başqa bir məqam da var. Görəsən, Azərbaycandan kimsə məsələn, Nobel mükafatına layiq görülsəydi, Rusiya telekanalları onu da dəvət edərdilərmi? Əlbəttə, yox! Sərdar Ortacın bizim bir ara müğənnimizin ifa etdiyi yüngül mahnını “əsər” kimi təqdim etməsini xatırlayaq. O, nə bilir ki, bu mahnı bizdə necə qarşılanır? Ona diqtə edirlər ki, sən öl, bu şarkı şedevrdi, əsərdi, oxusan tutuzduracaqsan. Beləcə, biz dünya xalqlarına bilərəkdən bu cür tanıdılırıq. Sonra da “Sarı gəlin”in müdafiəsinə qalxmaq kimi absurd bir çəkişməyə başlayırıq...

***

88-ci ildə xalqın şüuruna ziyalı sözü ilə yanaşı fəhlə sözü də təsir edirdi. Bir fəhlənin bir kəlmə sözü ilə millət otururdu, qalxırdı. Ö sözlər vəhydən-filan gəlib-eləmirdi. Zamanın diqtəsi, məkanın tələbi tendensiyası deyilən bir anlayış var. Xalq bu anlayışı qavrayırdı sadəcə...

O dövr üçün meydanda oturub, qalxaraq enerji yığıb azadlıq uğrunda mücadilə aparmaq təsəvvürü vardı. Bu gün isə bu təsəvvür “Tı kto takoy? Davay, do svidaniya” çərçivəsində dərk edilir. Bir xalqımıza, bir Rüstəmov qardaşlarına, bir də Rusiyaya baxıb ürəyinizdən belə bir hiss keçirə bilərsiniz: “Tı çto takoy, AZADLIQ? Davay, do svidaniya, QARABAĞ!”