“Qasırğa xəbərdarlığı”

qasirga-xeberdarligi
Oxunma sayı: 696

Azərbaycan hərbi parada hazırlaşır. İyunun 26-da
İyunun 25-də isə Kazanda Rusiya prezidentinin vasitəçiliyi ilə İlham Əliyev və Serj Sarkisyan görüşəcək.
Parad barədə xəbərin nə vaxt və necə ortaya çıxdığı hamının yadındadır.
Hətta bu barədə Müdafiə Nazirliyi əməkdaşının xəbəri olmadığı halda, parad keçiriləcəyi barədə məlumat agentliklərdən birinə sızdırıldı. Əsas məsələ xəbərin dərhal yayılması idi.
Elə başa düşməyin ki, bu barədə təkcə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı xəbərsiz idi. Yox.

Paradda iştirak edəcək və parada havadan xüsusi effekt verəcək insanların da bundan xəbəri yox idi. Deyə bilərsiz ki, onların xəbəri olmaya da bilərdi. Amma bu sahədən xəbərdar olan insanlar bilir ki, hansısa hava məkanında yüksək pilotaj nümunələri göstərmək üçün bir ay hazırlıq kifayət etmir. Azərbaycan təyyarəçiləri isə təlimlərdə yüksək pilotaj üçün yox, döyüş hazırlığı üçün uçuşlar keçirirdilər.
Döyüş uçuşlarının yüksək pilotajdan fərqini bilməyənlər üçün:
Hamımızın yaxşı xatırladığımız “Türk Ulduzları” ancaq və ancaq yüksək pilotajlar yerinə yetirir. Onlar döyüş uçuşları keçirmir. İstifadələrində olan F-4 təyyarələri isə yüksək pilotaj üçün artıq detallardan azad olunub. Bir sözlə “Türk Ulduzları” döyüş təyyarələrində yox, modernləşdirilmiş F-4-lərdə uçurlar.
Döyüş uçuşu isə tamam başqadır.
Yüksək pilotaj nümunəsi göstərmək və döyüş uçuşlarının fərqi barədə biliklərimi mənə mərhum təyyarəçilərimiz MiQ-29-da Xəzərə qərq olan Fəxrəddin Əsgərov və Su-25 qəzaya uğrayan Famil Məmmədli danışmışdı. Bu mövzuda həmsöhbət olduğum digər təyyarəçilərin də adını çəkə bilərdim. Amma məlum səbəblərdən lazım bilmirəm. Ümumiyyətlə bu söhbəti uzatmaq istəməzdim.
Qayıdaq parada.
Deməli belə. 25 iyunda Kazan görüşü, 26-da isə hərbi parad.
Hərbi parad xəbəri mayın 30-da yayılıb.
Mayın 26-da isə Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentləri Dovil bəyanatını imzalayıblar.
Bütün bu müddət ərzində Azərbaycanda jurnalistlərin rəy öyrəndiyi növbətçi siyasi şərhçilərin əksəriyyəti əvvəlcə optimist şərhlər verdilər. Çox keçmədi bu optimizmə hərbi ritorika da əlavə olundu.
Və elə bu ərəfədə ölkənin populyar müxalifət qəzetlərindən biri Kazan görüşünün nəticəsiz bitəcəyi təqdirdə qısa müddətli hərbi əməliyyatlar olacağı barədə, adını aşıqlamadığı mənbəyə istinadən xəbər yaydı. Hətta bu planın məqsədi də açıqlandı.
İnformasiya sızdırılması mexanizmlərinə bələd olan adam kimi deyə bilərəm ki, həm agentliyin hərbi parad, həm də müxalifət qəzetinin qısa müddətli hərbi əməliyyat barədə yazdıqlarının arxasında düşünülmüş planın cizgilər aydın görünür.
Bunun ardınca isə, “aydın səmada ildırım effektli” iki xəbər kütləvi informasiya vasitələrinə yol tapdı.
Birinci, Qərb diplomatlarının müxalifətlə görüşəcək. İkinci Rusiya Federasiyası prezident administrasiyasının rəhbəri Sergey Narışkinin Ramiz Mehdiyevi qəbul edib.
Qərb diplomatları ilə görüş barədə məlumat KİV-ə nə diplomatlardan, nə də müxalifətdən ötürüldü. Bu xəbəri mətbuata hakimiyyət ötürdü. Hakimiyyətə isə bu xəbəri məhz Qərbdən almışdı. Sanki Qərb hakimiyyətə xəbərdarlıq edirdi. İnformasiyanı analizi ilə yanaşı hakim elita yerli KİV vasitəsi ilə qabaqlayıcı təbliğat qurmaq qayğısına qaldı. Ardınca isə Rusiya rəsmisi ilə qapalı görüş keçirildi.
Baş verənlərin məntiqi ardıcıllığından doğan nəticə belədir: Rəsmi Bakı narahatdır.
İlk ağla gələn sual belədir: Narahatlıq nədəndir?
Suala cavab axtarmazdan əvvəl baş verənlərin ardıcıllığına bir də diqqət yetirək. Və bir az da əvvələ qayıdaraq:
*ATƏT-in Minsk qrupu Qarabağda apardığı araşdırma ilə bağlı hesabat yadı.
*Bundan sonra beynəlxalq təşkilatların Bakı ofisləri Azərbaycanda demokratiyanın vəziyyətindən narahatlıq ifadə edən bəyanatlar verdilər.
*Buna cavab hakim partiyadan gəldi – YAP Qarabağ münaqişəsində Qərbin ikili standartlarına etiraz etdi. Amma əslində məsələnin arxasında Azərbaycanda demokratiyadan narahatlığı ifadə edən bəyanatlar dururdu.
*Daha sonra Avropa İttifaqı Azərbaycandakı demokratik durumdan narahatlıq ifadə edən qətnamə qəbul etdi.
*Milli Məclisi bu qətnaməni pislədi.
*Ardınca Dovil bəyanatı imzalandı. Bu bəyanatı münaqişə tərəfləri öz istədiyi kimi yozdu.
*Dovil bəyanatının arxasında duran reallıq rəsmi Bakını narahat etdi və tələm-tələsik parad keçirmək qərarı verildi.
*Parad xəbərinin az effekt verdi. Hətta bununla bağlı xırda bir qalmaqal oyunu da oynanıldı. Az effektli parad xəbərinin ardınca Bakının hərbi əməliyyat planları barədə danışılmağa başladı.
*Qərb diplomatları müxalifətə qonaq getdi. Diplomatlar özləri bu qonaqlığa dəvət olunduqlarını söylədilər. Amma əslində bu qonaqlıq müxalifət üçün də sürpriz idi. Təklif Qərbdən gəlmişdi. İnformasiyanı da rəsmi Bakıya Qərb özü sızdırmışdı.
*Qərbin hədələyici addımından sonra Ramiz Mehdiyev rusiyalı həmkarı Sergey Narışkinlə görüşdü.
Bütün bu sadalananlarda rəsmi Bakının narahatlığı aydın sezilirdi. Narahatlığın isə iki səbəbi var:
Qarabağın de-yure, hakimiyyətin isə de-fakto itirilməsi.
Rəsmi Bakı nə Qarabağı de-yure, nə də hakimiyyəti de-fakto itirmək istəmir.
Situasiya kifayət qədər dramatikdir.
İndi rəsmi Bakı Şimali Afrikadakı Ərəb dövlətlərindən gələn siklonlardan qorunmaq üçün yelkənlərini Şimaldan əsən səmt küləyinə uyğun tənzimləyir. Amma bu iki hava axınının Qarabağ üzərində toqquşub qasırğa yaratmaq ehtimalı da gündəlikdədir.
Bu yerdə bir məsələni də unutmaq olmaz ki, Qərb üçtərəfli Kazan görüşündə təkcə Qarabağ məsələsinin yox, həm də Şimali Afrikadan gələn siklonun müzakirə olunacağını yaxşı bilir. Bundan əvvəl belə üçtərəfli məsləhətləşmə Soçidə aparılmışdı və qərb bunu bilirdi.
İndi yaranmış situasiya Azərbaycan üçün nə birinci, nə də sonuncudur.
Bundan əvvəlki situasiyalarda Ayaz Mütəllibov bütövlükdə hakimiyyəti və Dağlıq Qarabağı de-fakto itirdi. Əbülfəz Elçibəy itirilmiş Dağlıq Qarabağı qaytarmaq istəsə də hakimiyyətini və Dağlıq Qarabağ ətrafında müəyyən əraziləri itirdi. Heydər Əliyev isə birinci çətin situasiyada Qarabağın de-fakto itirilməsinin qarşısını ala bilmədi, amma hakimiyyətin və Qarabağın de-yure itirilməsinin qarşısını ala bildi. Və atəşkəs imzalandı.
İndi yaranmış vəziyyət Ki-Uest danışıqları ərəfəsində yaranmış situasiyanı xatırladır. Heydər Əliyev həmin situasiyada hakimiyyəti və Qarabağa de-yure sahibliyi qoruyub saxlaya bildi.
Bəs indi?
Yəqin ki, bir çox sualların cavabı iyunun 26-da veriləcək. Ali Baş Komandanın ordu qarşısında çıxışında. Bu çıxış “qasırğa xəbərdarlığı” da ola bilər.

P.S. Xarici İşlər nazirlərinin Moskva görüşü şübhələri bir qədər də artırdı. Verilən xəbərə görə, hansısa sənəd üzərində iş aparılıb və prezidentlərə təqdim olunacaq. Bu görüş barədə gələn çox məhdud informasiyaları saf çürük edəndə pəncərədən bayıra boylandım. Artıq külək başlamışdı...